“Mən Müdafiə Nazirliyi tərəfindən zərər çəkmişəm. Necə oldu ki, onu Azərbaycan məhkəmələri tanımadı, amma mənim bu insanlarla heç bir problemim olmadığı halda “zərərçəkən” qismində ifadə verirəm?”
Bu sözləri Bakı Ağır Cinayətlər Məhkəməsində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin və digərlərinin cinayət işi üzrə keçirilən prosesdə ifadə verən Elşən Süleymanov söylədi. O vurğuladı ki, prosesə zərərçəkən qismində deyil, şahid kimi dəvət olunub:
“Mən bu insanlardan yalnız xeyir gömüşəm. Təşkilatla əlaqə saxlayandan kompyuterdən istifadə etməyi öyrənmişəm. Kompyuter almışam. Bütün işlərə görə pulumu almışam, niyə zərərçəkən oldum? Anlamıram…”
Aprelin 28-də reallaşan məhkəmə prossesi hakim Rauf Əliyevin sədrliyi ilə keçirilib. Zərərçəkən qismində ifadə verən beş nəfərdən dördü – Elşən Süleymanov, Rüstəm Cəbrayıloğlu, Nahid İsmyılov və Etimad Budaqov bildirdilər ki, onlar məhkəməyə şahid qismində dəvət olunsalar da, zərəçəkən olduqlarını burada biliblər. Digər “zərərçəkən”lərdən Kamil Əliyev məhkəmədə iştirak etməyib. Fikrət Kazımovun isə kimin nümayəndəsi olduğu anlaşılmayıb. Hakim bununla bağlı verilən sualları cavabsız qoyduğunu bildirib.
Məhkəmədə hakim tərəfindən ifadə verənlərə qarşı aşağılayıcı ifadələrə də yol verilib.
Etimad Budaqov danışarkən təşkilat tərəfindən 2009-cu ildə aldığı pulun nə qədər olduğunu unutmasını bildirməsi, hakim tərəfindən sərt etirazla qarşılanıb. Hakim Rauf Əliyevin zərərçəkmişə: ”siz, necə olur aldığınız pulun dəyərini unudursunuz? Burada söhbət puldan gedirsə, bu unudulmamalıdır. İnsanın digər canlılardan fərqi onun yaddaşıdır”,- deməsi həm iştirakçıların, həm müdafiə tərəfinin, həm də Etimad Budaqovun narazılığı ilə qarşılanıb:
“Məni şahd qismində çağırıblar. Orda bildim ki, zərərçəkən kimi ifadə verməliyəm. Təqsirləndirilən şəxsləri tanıyıram və onlarla heç vaxt bir problemim olmayıb. Bu səbəbdən də xahiş elədim ki, məni zərərçəkən kimi dindirməsinlər, amma qəbul olunmadı. Hətta hakim mənə qarşı aqressivlik də göstərdi. Elə aşağılayıcı ifadə işlətdi ki, insanların yaddaşları omalıdır”.
Hüquq müdafiəçisi Rəsul Cəfərov həm məhkəmənin gedişatına, həm də hakimin davranışına narazılığını bildirdi və qeyd etdi ki, qanun heç bir hakimə insanlarla pis tonda danışmağa imkan vermir:
“Elə faktiki olaraq həmin şəxsə qarşı “heyvan” sözü kimi bir ifadə işlədib. Bu, hakimin işdə maraqlı olduğunu göstərir. Zərərçəkmiş şəxsin – “xatırlamıram”, “yadımda deyil” demək hüquq var. Əgər o bunu deyirsə, hakim onun boynuna qoya bilməz ki, sən bu məsələni bu cür deməlisən”.
Rəsul Cəfərov dedi ki, hakim bu vəziyyət ilə prosesin nəticəsi zamanı hansı mövqedən çıxış edəcəyini ortaya qoymuş oldu:
“Hakim özü-özünü biabır etdi. O, zərərçəkmişlərdən birinə qarşı faktiki olaraq qiymətləndirilməyən sübutlardan istifadə edərək, ona təzyiqlər etmiş oldu. Bu, böyük pozuntudur, həm də bizə imkan verir bildirək ki, iş əvvəlcədən necə saxtakarlaşdırılmışdısa, elə də davam edir. Biabırçı vəziyyətdən biri də odur ki, insanların heç biri əvvəlcədən zərərçəkmiş kimi istintaqa cəlb olunmayıb”.
Saxlanılanların hüquqlarını müdafiə edən vəkil İradə Cavadova 2009-cu ildə alınan pulların indi müzakirə olunmasına münasibət bildirdi. Onun sözlərinə görə, orda hər hansı bir vergi ödənməməsilə bağlı məsələ olsaydı birinci təşkilata vəsait verən donorlar bunu anlayardı və üst-üstə pul köçürməzdilər :
“İstintaq zamanı zərərçəkmiş qismində 19 nəfər cəlb olunmuşdu və 5 nəfəri bu gün dindirildi. Digər tərəfdən təşkilatların audit yoxlamaları və vergi yoxlamaları olub. Heç bir qanun pozuntusu aşkarlanmamışdı”.
Vəkil bildirir ki, ifadə verənlərin özlərinin məhkəməyə zərərçəkmiş qismində müraciət etməməsi də onların məhkəmədə hüquqlarının pozulması ilə bağlıdır.
Növbəti məhkəmə prosesi mayın 5-ə kimi təxirə salındı.