Deyilənlərə və yazılanlara inansaq, Çexov qadınlarla ədəbiyyat haqqında söhbət etməzmiş. Məsələn, qadınlar soruşanda ki, filan əsərdə filan yeri niyə belə yazmısınız, Çexov da öz növbəsində soruşurmuş ki, bu paltarı harada, hansı dərzidə tikdirmisiniz? Qadın başlayarmış suala cavab verməyə. Dahi Çexov da deyirmiş ki, aha, belə daha gözəldir, belə daha maraqlısınız…
Bəzi qadınlar düşünür ki, kişilər ağıllı qadınları sevmirlər. Kökündən yanlış fikirdir. Kişilərə, ümumiyyətlə, ağıllı qadın lazım deyil. Əlbəttə, çox vaxt baqajı zəif, yarımçıq kişiləri intellektual qadın axtaran görmüşəm. Öz baqajına güvənən kişilər isə, əksinə, natural qadın axtarıblar. Təbiət qadına kişini tərksilah etmək üçün daha güclü silah verib. Hətta ən ipə-sapa yatmayan kişilər belə qadın qayğısı ilə əhatə olunduqda özlərini itirirlər. Bu mənada, təbiətin verdiyi silahlar daha güclüdür. Üstəlik, qadınlar bu silahdan daha asan istifadə etməyi bacarırlar. Əgər istəsələr. Onlar isə öz iddialarının qurbanına çevrilərək özlərini kişilərə ağılla sübut etməyə çalışırlar. İllah da istəyirlər ki, Dostoyevskini, Tolstoyu, Kafkanı-filanı oxuyub, gəlib adamın beynini aparsınlar. Halbuki, qadın deyilən varlıq nəinki proza yazmağa qadir deyil, onların beyni hətta proza oxumağa da yaramır. Onlar tutaq ki, “Hərb və sülh”ü oxuyarkən əsərdə ilk romantik bir mənzərə ilə qarşılaşdıqda özlərini qoyurlar Nataşa Rostovanın yerinə. Başlayırlar əsərin davamını özləri quraşdırmağa, Tolstoy da gedir işinin dalınca. Ciddi deyirəm, qadınlar hətta oxuduqlarını danışa da bilmirlər. Hövsələləri çatmır, o dəqiqə başlayırlar “mənim subyektiv fikrimcə” adlı hikmət xəzinəsinin ağzını açıb bizi öz balaca dünyaları ilə tanış etməyə. Bu boşboğazlıq ciddi kişiləri bezdirir. Onlar, təbii olaraq, natural qadına üstünlük verirlər. Öz iddiasının qurbanına çevrilənlər isə bunu başa düşmürlər və avtomatik olaraq belə bir nəticəyə gəlirlər – kişilər ağıllı qadınları sevmirlər. Daha başa salmaq olmur ki, mənə hal-hazırda yemək bişirən, paltar yuyan qadın lazımdır. Daha Dostoyevskidən danışan yox. Dostoyevskidən danışmaq tələbatı yaransa, bunun üçün münasib adamlar var. Onların heç biri qadın cinsinə mənsub deyil. Düzdür, mən özüm də hərdən saxtakarlıq edərək bu cinslə ədəbiyyatdan-filandan danışmağa məcbur oluram. Bu zaman özümü sözün həqiqi mənasında alçaldılmış və təhqir olunmuş hesab edirəm. Əslində, belə qeyri-ciddi, özü də nə istədiyini bilməyən, heç nədən isteriya çıxaran, faciə yaradan bir varlıqla bir planetdə yaşamaq, sözün həqiqi mənasında, cəhənnəmdir. Hətta o boyda dahi, insanın ruhunu, şüurunu alt-üst edib üzə çıxarmış Freyd də çarəsiz qalıb belə demişdi: “Hələ cavabı tapılmamış və qadın ruhu ilə əlaqədar otuz il davam edən araşdırmalarıma rəğmən, mənim də cavablaya bilmədiyim çox böyük bir sual var: Qadın nə istəyir?” Üstəlik, biz bunlarla bir yerdə kinoya baxmalıyıq, onların fikirlərini dinləməliyik, uşaq-filan da böyütməliyik. İlahi, necə bir dəhşət! İlahi, daha yüngül bir işgəncə seçə bilməzdinmi?! Yaradan da öz bəndəsinə qarşı bu qədər qəddar olarmı?!
İntellektual qadın geni dəyişdirilmiş alma kimi bir şeydir. Kənardan baxırsan almadır, amma tərkibi bizim ürəyimiz istəyən tərkib deyil. Kimsə bu almanın bərbəzəyinə, üstündəki markaya, marketdəki düzülüşünə aldanır. Ağlı başında olan adam isə gedib düz-əməlli təbii alma alır. Düzdür, bu təbii almanın üstü palçıqlı ola bilər. Qoy olsun. Üstündə xallar ola bilər. Qoy olsun. Nəhayətdə biləcəksən ki, alma yeyirsən. Geni dəyişdirilmiş almada isə heç nə tapmayacaqsan. Çünki orada heç nə yoxdur. Bəşəriyyət (kişilər) inkişaf etdikcə ətrafdakı canlılara da bu inkişafdan pay düşür. İndi delfinlər şeypur çalır. Mobil telefon zəng çalanda ev iti hürüb sahibini xəbərdar edir. Hətta bəzi itlər telefonu ağzı ilə götürür və aparıb sahibinə çatdırır. Tutaq ki, indi itlərin qulağını kəsmək eyib sayılır. Məsələ ondadır ki, bu nailiyyətin əldə olunmasında itlərin özünün heç bir rolu olmayıb. Mən tarixi az-çox oxumuşam. Belə bir hadisəyə rast gəlməmişəm ki, itlər haradasa ayağa qalxıb deyiblər – daha bəsdir dözdük, bizim qulağımızı kəsməyin. Belə şey olmayıb. Bəşəriyyət inkişaf edib və başa düşüb ki, daha bəsdir, itlərin qulağını kəsmək olmaz.
Əlbəttə, təəssüf ki, bir yerdə yaşamağa məcbur olmuş kişi və qadın cinsinin arasında hüquqi bərabərlik olmalıdır. Hüquqi bərabərlik vacibdir. Səs versinlər. Döymək olmaz. Zorakılıq olmaz. İşləsinlər. Müdir, direktor olsunlar. Hərçənd, qadının rəhbərliyi altında işləmək, ümumiyyətlə, qadın kollektivində işləmək özü ayrıca bir dəhşətdir. Amma qadınla kişi arasında təbii bərabərlik heç vaxt ola bilməz. Engels deyirdi ki, insan təbiətə qalib gəlməsi ilə əsla öyünməsin. Təbiətə qalib gəlməklə biz daha çox itki verəcəyik. Təbiət isə deyir ki, ən yaxşı qadın kişiyə pərəstiş edən qadındır. Vaxt vardı, qadın ana idi, qadın bacı idi, qadın həyat yoldaşı idi, ilham pərisi, uğur ilahəsi idi. Rəssamlar, yazıçılar, bəstəkarlar bu jesti çox gözəl qiymətləndirirdilər. Onlara romanlar ithaf olunurdu. Sonra qadınlar daha ilham pərisi olmaq istəmədilər. Dedilər, daha yetər, özümüz yazacağıq. Kişilər də dedilər ki, lap yaxşı, gedib yazın, görək, nə yazacaqsınız. Məlum oldu ki, yaza bilmirlər. Yüz ildir yazırlar, hələ ki, ortaya düz-əməlli bir nəticə qoya bilməyiblər. İndi bəzi ağıllılar deyəcəklər ki, yüz il tarix üçün çox az vaxtdır. Müəyyən mənada razılaşmaq olar. Ancaq problem ondadır ki, bəşəriyyət son yüz ildə çox böyük sürət götürüb. Saysız-hesabsız əsərlər yaranıb. Hətta heç son yüz ildə yazılan məşhur əsərləri oxuyub başa çatdırmaq olmur. Qadınların proza yaza bilməməsini isə mən demirəm. Cem Yılmaz demiş, məni … edin, Dadaloğlu söyləmiş. Qadınların proza yaza bilməməsini Nobel mükafatçısı
Naipul demişdi
. Bütün hüquq bərabərliyinə, son yüz ildə qadınlar üçün açılmış imkanlara baxmayaraq, hətta daha çox onlara uyğun ola biləcək peşələrdə də yenə kişilər öndədirlər. Məsələn, hələ də dünyanın hər yerində ən yaxşı saç ustaları, ən yaxşı aşpazlar, ən yaxşı ginekoloqlar kişilərdir. Belə məlum olur ki, qadınlar heç öz bədənləri də yaxşı tanımırlar.
Qadınlar əksər hallarda reallıq hissini itirirlər. Onlar bütün dövrlərin kişilərindən ən romantik, ən yaxşı cəhətləri yığıb birləşdirərək özləri üçün ideal kişi obrazı yaradıblar. Biz başımıza lələkli şlyapa qoymalı, qara, uzun plaş geyməli, qılıncla gəzməli və öz hisslərimizi Şekspir, Lope de Veqa üslubunda izhar etməliyik. Bəzən duelə də çıxmalıyıq. Bütün bunlarla bərabər, qadınlar həm də evdə oturub pizza sifariş verməlidirlər. Baxırsan, yekə-yekə qızlardır, əllərindən bir iş gəlmir. 27-30 yaşı var, sevinə-sevinə deyir ki, əlimdən bir iş də gəlmir. Yemək bişirə bilmirəm. Bunu gizlətmək əvəzinə, üstün cəhət kimi qələmə verir. Yaxşı, sən yemək bişirə bilmirsən, tutaq ki, başın qarışıq olub, öyrənməmisən. Bəs əvəzində nəyi öyrənmisən? Nəyi bacarırsan? Məlum olur ki, heç nə bacarmır. Nə qədər ki, qadınlar öz təbii güclərindən istifadə etməyəcəklər, ağıllı hesab etdikləri kişilər də natural qadınlara üstünlük verəcəklər. Qoy bunu necə istəyirlər, elə də adlandırsınlar. Səviyyəsizlik, mədəniyyətsizlik…nə bilim, ürəkləri nə istəyir, desinlər. Bu, vəziyyəti dəyişmir. Hətta ən güclü şəxsiyyətlər belə sadə və pərəstiş etməyi bacaran, öz təbii silahlarından istifadə edən qadınlara üstünlük veriblər. Düzdür, elə qadınlar var ki, bu iki dünyanı özlərində birləşdirməyi bacarırlar. Həm yemək bişirir, həm də oxuyur. Belələri çox azdır. Bəxt məsələsidir. Axtarmaqla tapılası deyil. Təəssüf ki, həyatın hər bir sahəsində olduğu kimi, burda da ədalətsizlik hökm sürməkdədir. Bəzən sənin illərlə axtardığın asanlıqla başqasının qarşısına çıxır. Ən pisi də odur ki, başqası qarşısına çıxanın kim olduğunu heç ömrünün sonuna qədər hiss etmir. Həyatın belə zarafatları olur. Atın qabağına ət, itin qabağına ot qoyur. Qərəz, hiss edirəm ki, çox üstüörtülü yazıram. Belə üstüörtülü yazmaqdansa, yazmamaq, yazını bitirmək daha yaxşıdır. Özünü ağıllı hesab edən qadına deyil, natural qadına üstünlük verən böyük kişilərin adlarını sadalasam, burada çox böyük bir siyahı yaranar. Sadalamıram. Həm həvəs yoxdur, həm də anlayan az olacaq. Yenə də düşünəcəklər ki, kişilər ağıllı qadınları sevmirlər. Əslində isə, bütün problemlərin kökündə bir ciddi səbəb dayanır: kişi hər şeydən əvvəl kişi, qadın isə hər şeydən əvvəl qadın olmalıdır.
Yazıçı, publisist, maarifçi, ictimai-siyasi xadim, mütəfəkkir, Nyu-York Elmlər Akademiyasının üzvü
.