Agentlik əməkdaşına xəsarət yetirən müharibə veteranı həbsdə saxlanıldı

Foto: Meydan Tv

Rəvan Nəbizadənin ittiham olunduğu maddələr 5 ilədək həbs cəzası nəzərdə tutur

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşına xəsarət yetirməkdə ittiham olunan müharibə veteranı Rəvan Nəbizadə haqqında həbs qətimkan tədbiri seçilib. Binəqədi Rayon Məhkəməsi Rəvan Nəbizadənin istintaq getdiyi müddətdə həbsdə saxlanmasına qərar verilib.

Agentliyin əməkdaşı Namiq Babayevi vuraraq, ona xəsarət yetirməkdə təqsirləndirilən Rəvan Nəbizadəyə Cinayət Məcəlləsinin 127.2.3 (Qəsdən sağlamlığa az zərər vurma) və 221.1 (Xuliqanlıq) maddələrilə ittiham irəli sürülüb. Bu maddələrdə alternativ cəzalarla yanaşı, həm də 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin hadisə ilə bağlı yaydığı açıqlamada iddia olunur ki, Rəvan Nəbizadənin sağlamlığı qaydasında olsa da, o, əlillik dərəcəsi almaqdan ötrü komissiyaya gəlib, növbədənkənar müayinəyə daxil olmağa cəhd göstərib:

Baş təlimatçı Namiq Babayev onu sakitləşdirmək niyyəti ilə yaxınlaşaraq müvafiq izahat verdiyi zaman Rəvan Nəbizadə qəfil hücum çəkərək ona yumruq zərbələri vuraraq ağır bədən xəsarəti yetirib. Nəticədə əməkdaşımız Namiq Babayevin çənə sümüyü 2 yerdən sınaraq işləri qırılıb. O, hazırda tibb müəssisəsində müalicə olunur”.

Namiq Babayevin 44 günlük müharibədə yaralandığı, II qrup əlil olduğu da vurğulanıb.

1994-cü il təvəllüdlü Rəvan Nəbizadə də II Qarabağ müharibəsində iştirak edib. O, həm də idmançıdır, peşəkar boksla məşğul olub. Dəfələrlə ölkə daxilində və beynəlxalq yarışlarla nailiyyət əldə edib.

Ana səhifəSosialAgentlik əməkdaşına xəsarət yetirən müharibə veteranı həbsdə saxlanıldı