DTX: ”Bu məlumatlar dövlət sirrini təşkil edir və onların yayılması qanunla müəyyən edilmiş qaydada cinayət məsuliyyəti yaradır”
Dövlət Təhlükəsizlik Xidməti (DTX) ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyi ilə əməkdaşlıq etmiş şəxslərin adlarının açıqlanması ilə bağlı araşdırmaya başlayıb.
DTX-nin İctimai əlaqələr şöbəsindən APA-ya verilən məlumatda bildirilir ki, fakt üzrə araşdırma başlanılaraq, həmin məlumatlarda qeyd edilən halların düzgünlüyü, dövlət sirri təşkil edən məlumatların yayılması və açıqlanma mənbəyi ilə bağlı məsələlər cinayət işi üzrə araşdırılır.
Qurum bəyan edir ki, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlarla konfidensial əsaslarla əməkdaşlıq edən və əməkdaşlıq etmiş şəxslər haqqında məlumatlar dövlət sirrini təşkil edir və belə məlumatların yayılması qanunla müəyyən edilmiş qaydada cinayət məsuliyyəti yaradır.
Son günlər bəzi internet informasiya saytlarında keçmiş Milli Təhlükəsizlik Nazirliyi ilə məxfi əməkdaşlıq etdikləri bildirilən bir sıra şəxslər və ya onların məxfi təxəllüsləri haqqında məlumatlar yayılıb. Məlumatlarda bildirilir ki, MTN-in Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və həmin mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işində bəzi detallar bəlli olub.
Belə ki, ittiham aktında MTN-nin agentura şəbəkəsi ilə işləyən ictimai-siyasi şəxslərin kimliyi göstərilib.