Ağdamın kəndlərini dolu vurdu

Yağış, sel, daşqın. Foto: Meydan TV

“Müharibədən sonra belə fəlakət görməmişdik”

İyunun 18-də yağan dolu Ağdamda kənd təsərrüfatına ziyan vurub. Taxıl zəmiləri, bostanlar tələf olub, dam örtükləri uçub, meyvə ağacları qırılıb.

“Əkib-biçin sahələri məhv oldu. Biçilməmiş taxılı dolu vurdu. Müharibədən sonra belə fəlakət görməmişdik”, – Ağdamın Çəmənli kənd sakinləri Meydan TV-yə belə deyiblər.

Onların sözlərinə görə, əksər evin dam örtüyü uçub.

 “Taxıl biçini vaxtı idi. Biçilməmiş taxıllar məhv oldu. Gözümüzü ona tikmişdik. Güzaranımız necə olacaq, bilmirik”,- Sabir adlı kənd sakini deyib.

Rayonun bir neçə kəndin dolu vurub. Sakinlər deyirlər ki, bütün müvafiq qurumlara zəng vurublar, hələlik fövqəladə hallar komissiyasından gələn yoxdur.

“Çoxu dam örtüyünü özü yamayır ki, yağış yağanda su içəri dolmasın”, – Mahrızlı kənd sakini Məmməd Əliyev bildirib.

screenshot

Onun sözlərinə görə, həyətlərindəki meyvə ağaclarının budaqları qırılıb, meyvələri dolu vurub:

“Elə səs gəlirdi, uşaqlar ağlaşırdılar, sanki atışmaydı. Mən indiyədək bu boyda dolu görməmişdim. Bizim səsimizi çatdırın. Pul yoxdur, məhsullarımız məhv oldu, köməklik etsinlər”.

Çəmənli Kənd Bələdiyyəsinin sədri Loğman Bəxtiyarov bildirib ki, evlərə və avtomobillərə zərər dəyib. Hazırda müraciət edənlər var, onlar siyahıya alınırlar. Təxminən 10-a yaxın avtomobilə zərər dəydiyi bildirilir.

Bələdiyyə sədri deyib ki, bəzilərinə az, bəzilərinə çox olmaqla bütün evlərə ziyan dəyib.
Kənddə 800-ə yaxın ev var.

Ağdam İcra Hakimiyyətindən isə kəndlərə dəymiş zərərlə bağlı ilkin məlumatın olmadığını deyiblər.

Ana səhifəBölgəAğdamın kəndlərini dolu vurdu