Ağcabədidə məcburi köçkünlər aksiya keçirdi (Fotolar)

Aksiyaçılar hakimiyyətdən ev tələb edib və son günlər olan qiymət artımına qarşı etirazlarını bildiriblər. Laçın rayon İcra Hakimiyyəti isə xəbəri təkzib edir.

Source:

Ağcabədinin Taxra körpü qəsəbəsində yaşayan Laçın rayonundan məcburi köçkünlər Ağcabədi magistral yolunu bağlayaraq aksiya keçiriblər.

Bu barədə Meydan Tv-yə aksiyada iştirak etdiyini deyən kənd sakini məlumat verib. Adını açıqlamayan şəxsin sözlərinə görə, 150-200 yaxın məcburi köçkün “Kamaz” markalı maşınlarla yolu kəsərək, özlərinə ev tələb ediblər və son günlər olan qiymət artımına qarşı etirazlarını bildiriblər.

Məcburi köçkünlər bildiriblər ki, köhnə daxmalarda yaşayırlar, havanın yağıntılı keçməsi nəticəsində məskunlaşdığı yerləri su basıb. Aksiya iştirakçıları məcburi köçkünlər üçün tikilmiş evlərdən onlara da verilməsini tələb ediblər.

Məlumata görə, aksiyaya polis müdaxilə edib, bir yaşlı kənd sakini möhkəm xəsarət alıb. Saxlananlar yoxdur. Aksiya təxminən 1 saat davam edib.

Taxta körpüdə yerləşən Laçın rayon İcra Hakimiyyətinin telefonları cavab verməyib. İcra Hakimiyyətinin Bakı nümayəndəliyinin əməkdaşı Babək Aslanov Meydan TV-yə açıqlamasında məlumatı təkzib edib: “Bizə də bu barədə xəbər verdilər. Ancaq rayonla əlaqə saxladıq, yalan olduğu bildirildi. Ötən il də bu cür şayiələr yayılmışdı. İcra Hakimiyyətində aksiyayla bağlı hər hansı xəbər yoxdur”.

Ana səhifəXəbərlərAğcabədidə məcburi köçkünlər aksiya keçirdi (Fotolar)