Ağalar Qutla Azər Əliyev tarixçidirlərmi?

Tarix yazmaq tarix yaratmaq qədər çətindir

Source:

Son günlər Meydan.tv saytında Ağalar Qut (Məmmədov) və Azər Əliyevin tarixi mövzuda yazıları dərc edildi. Ağalar bəyin fəlsəfəyə maraq göstərdiyini bilirəm, hətta bir dəfə Xəzər Universitetinin elm və sənət məclisində onun maraqlı bir çıxışına da qulaq asmışam. Amma Azər adlı tarixçinin olduğundan xəbərsizəm. Hər ikisinin yazısının tarix elminə heç bir aidiyyəti yoxdur. Ağalar bəy Qut olandan sonra Azərbaycanın milli-mənəvi irsi, tarixi və mədəniyyəti ilə bağlı zərərli və əsassız məqalələrlə çıxış etməyə başlayıb. İnşallah, Quttenberq olandan sonra, bu mövzuda kitablar nəşr edər  yəqin ki.

Söhbət, sadəcə onun Əli bəy Hüseynzadə, Hüseyn Cavid haqqında yazdıqları, onunla birlikdə Azər Əliyevin Osmanlı və Kamalçı Türkiyənin Azərbaycan siyasəti ilə bağlı dediklərinin zərərli olmasından getmir, söhbət, həmin fikir və mülahizələrin tarixi həqiqət və gerçəklərdən çox uzaq olmasından, onların səsləndirdiyi tezislərin  tarixi sənədlərdə təsdiqini tapmamasından gedir. Biz indiyə qədər bu həqiqətləri ermənilərə izah etməyə çalışırdıq, bu mövzularda onlarla mübahisə edirdik. İndi görünür, özümüzünkülərlə bəzi mətləbləri izah etmək lazım gələcək.

Əslində, bu yazını yazmamaq da olardı. Çünki onlara cavab olaraq dərc edilmiş Dilqəm Əhmədin yazısı kifayət qədər əsaslandırılmış və səviyyəli bir izahdır. Burada ən çətin məsələ qeyd etdiyim şəxslərin peşə etibarı ilə tarixçi olmamaları və tarixçi olmadan Azərbaycan tarixinin çox həssas məqamları ilə bağlı hökm vermələridir. Ona görə, tarixin dərinliklərinə enmədən bəzi məsələlər aydınlıq gətirmək zərurəti yaranır.

1915-ci il hadisələrinə toxunan Qut yazır ki, “daşnaklar 1918-ci ildə Azərbaycanda törətdikləri qırğınları 1915-ci ildə Osmanlıda baş vermiş erməni qırğınlarının qisası kimi həyata keçirdirdilər. Başqa sözlə, 1918-ci ildə Azərbaycanda öldürülən on minlərlə azərbaycanlı Osmanlı siyasətinin qurbanları idilər”.  1915-ci ildə erməni qırğınları olubmu? Bu məsələ hələ özü sual altındadır və kifayət qədər nüfuzlu dünya tarixçiləri belə bu qırğınların olmadığın yazır və bunun erməni mifi olduğunu bildirirlər. Şübhəsiz ki, bunun əksini yazanlar da var. Ağalar Qut tarixçi olmadığından, heç tarixi mübahisə də açmaq fikrində deyiləm. Amma mütaliəli adam olduğunu bilirəm.

Kitab əhli heç vaxt Tolstoy adından yan keçə bilməz. Elə məhz Lev Nikolayeviç Tolstoyun qızı Aleksandra vətənpərvər bir rus qadını kimi, Van cəbhəsində könüllü şəfqət  bacısı kimi çalışmış və bu gün dünyanı dolaşan erməni-türk qarşıdurması haqqında gördüklərini qələmə almışdı. Döyüş bölgəsində gördüyü acı mənzərə haqqında o, belə yazırdı: «Türklərlə ermənilər arasında düşmənçilik əsrlərlə davam edib. Hər iki  tərəfdən qəddarlıq olub, lakin burada, Vanda biz ermənilərin qeyri-insani qəddarlığını müşahidə etməli olduq. Danışırdılar ki, ermənilər qadınların döşlərini kəsir, onların ayaqlarını, əllərini qanırıb qırırlar, bu qeyri-insani qəddarlığın qurbanlarını mən şəxsən gördüm”.  («Вражда между турками и армянами длилась веками. Жестокости были с обеих сторон, но здесь, в Ване, нам пришлось наблюдать нечеловеческую  жестокость армян. Говорили, что армяне отрезали груди женщинам, выворачивали, ломали им ноги, руки, и жертв этой бесчеловечной жестокости я видела лично”). Daha sonra Aleksandra yazır ki, “ermənilər şəhərin (Van şəhəri nəzərdə tutulur – C.H.) bütün türk məhəllələrini oda yaxıb yer üzündən sildilər, belə ki, gil-palçıqdan tikilmiş evlər çətin yandığından, hər evə ayrı-ayrılıqda od vurdular”.  (Bax: Александра Толстая. Дочь. Большевики против дочери Льва Толстого М., АО «Книга и бизнес», 1992, с. 54).

Kitabda döyüş meydanında yaralanmış, əsir alınmış türklərin diri-diri basdırılması haqqında dəhşətli faklar vardır. Bu dəhşətli sözlər Osmanlı İmperiyasına qarşı düşmən cəbhədə vuruşan Rus ordusunda könüllü xidmət etmiş, zadəgan ailəsindən çıxmış, əsərləri ilə bütün dünyanı cazibəsinə salmış qraf Tolstoyun  ailəsində böyümüş bir şəfqət bacısının öz gözləri ilə gördüyü dəhşətli mənzərəlrin ağırlı ifadəsi idi. Qafqaz cəbhəsində döyüşən rus ordusunun qərargah rəisi general Leonid Mitrofanoviç Bolxovitinov Qafqaz cəbhəsi komandanına yazırdı ki, “rus ordusu Van rayonunu ələ keçirən zaman (7 may 1915-ci ildə – C.H.) erməni drujinaları daşı-daş üstündə qoymadılar və heç kəsə rəhm etmədilər”. (Bax: Рапорт генерала Л.М.Болховитинова помощнику по военной части наместнику на Кавказе. 11.12.1915. // Российский Государственный Военно-Исторический Архив, ф. 2100, оп. 1, д. 646, л. 71 об.). Hesab edirəm, bu iki fakt tarixi həqiqətin nədən ibarət olduğuna bir balaca aydınlıq gətirir.

Doğrudanmı, ermənilər bizdən 1918-ci ilin faciəli mart günlərində 1915-ci ilin qisasın alırdırlar? Doğrudur, Şərqi Anadoluda müsəlman əhalisinə qarşı qəddarlıq göstərmiş bir sıra dəstə başçıları (məsələn Hamazasp) Bakı, Şamaxı və Quba qırğınlarında iştirak etmişdilər. Amma bütövlükdə Bakıda müsəlman qırğını törədən daşnakların əsas şüarı “bu, sizin üçün 1905-ci deyil” ittihamından ibarət idi və məhz bu şüar altında 3 gün ərzində 12 min insan etnik-dini mənsubiyyətinə görə məhv edildi. Niyə 1905-ci il? Ona görə ki, 1905-ci ildə ermənilər neftlə zəngin olan Bakını müsəlmanlardan təmizləmək qərarına gəlmiş və ilk addım kimi guya mədən rayonlarının təhlükəsizliyi üçün Abşeron yarımadasının müsəlman kəndlərinin köçürülməsi haqqında Rusiya hökumətinin Baş naziri Kokovtsevə müraciət etmişdilər. (Bax: Ə.B.Topçubaşov haqqında bioqrafik məlumatlar. Birinci hissə. Qısa xülasə // Archives d’Ali Mardan-bey Toptchibachi, carton n° 6/2. CERCEC, EHESS, Paris, p.8-9)

Məhz, həmin vaxt Peterburqa göndərilən Əlimərdan bəy Topçubaşov, Əhməd Ağaoğlu və Ağalar bəyin bəyənmədiyi Əli bəy Hüseynzadənin imperiya paytaxtında Rusiya dövlət adamları ilə apardıqları iş nəticəsində Rusiya Nazirlər Komitəsi erməni sənayeçilərinin təkidi ilə başladığı mədən rayonundakı Bakı kəndlərinin köçürülməsi haqqında müzakirələri dayandırmalı olmuşdu. 1918-ci ilə ermənilər 1905-ci il arzularının, neftlə zəngin əraziləri müsəlman əhalisindən təmizləmək istəklərinin həyata keçirilməsi üçün əlverişli bir məqam kimi baxırdılar.

Ağalar Qutun yazısını müdafiə xarakteri daşıyan Azər Əliyevin “Türklərin işğal, qətliam və talanlarına “xilas” adı qoymaq” adlı cızma-qarası 1918-ci ilin 15 sentyabrında Bakının gerçəkdən azad edilməsinin bulanıq mənzərəsini yaratmağa uğursuz bir cəhddir. Türkiyəyə və türklərə nifrət müəllifin gözünü elə bağlamışdır ki, o sadə həqiqətləri görmək imkanlarını belə itirmiş, tarixi həqiqətləri inkar etməkdən çəkinməmişdir. Öz əsassız iddiaları haqqında obyektivlik illüziyası yaratmaq, dağınıq fikirlərinə elmi məzmun vermək üçün o, bəzən Britaniya arxivlərinə yarımçıq istinadlar edir, orada guya araşdırma apardığını nümayiş etdirmək istəyir.  Bu istinadlardan aydın olur ki, onun hətta, arxiv rekvizitləri haqqında bilikləri də çox primitivdir, ancaq diletant oxucuya hesablanmış bir “priyomdur”.

1917-1920-ci illərdə Azərbaycanda baş vermiş hadisələrə aid Nigar xanım Maksvelin Britaniya arxiv materialları artıq bir neçə ildir həm ingilis, həm də rus dillərində çap olunmuşdur. (Bax: Azərbaycan Xalq Cümhuriyyəti. Böyük Britaniyanın Arxiv sənədləri. Tərtib edəni Nigar Maksvell. Bakı, 2008; Azerbaijan Democratic Republic. Archival documents of Great Britain. Drafter N.A.Maxwell. Baku, 2008; Азербайджанская Демократическая  Республика. Архивные документы Великобритании. Составитель Н.А.Максвелл. Баку, 2011). Tez-tez Britaniya kəşfiyyat orqanlarının Türkiyə haqqında gizli məlumatlarını dəstəvuz edən Azər Əliyev unudur ki, İngiltərə Türkiyə ilə Birinci dünya müharibəsində qarşı-qarşıya vuruşan düşmən dövlətlər idi və onlar üçün türklərin Qafqaza gəlişi, öz dindaşlarını və millətdaşlarını yadellilərdən xilas etməsi əlbəttə ki, işğalçılıq kimi qəbul edilirdi.

Məsələ burasındadır ki, türk-islam ordusunun 15 sentyabr xilaskarlığı  milli yaddaşa hopan bir hadisə idi. O, hadisədən sonra (hətta ötən əsrin 20-30 cu illərində) Bakıda, Gəncədə, xüsusilə Şirvan bölgəsində doğulan oğlan uşaqlarına Ənvər adı vermək dəbdə idi. Bu şübhəsiz ki, Bakının yadellilərdən azad edilməsində göstərdiyi xidmətə, rola görə Ənvər paşaya minnətdarlıq əlaməti idi. Bir vaxtlar Solovki zindanlarında yatmış Əziz Alpoud öz xatirələrində yazır: “Bizdə Ənvər paşanın adını Ədirnə və Sarıqamış fatehi olaraq tanımayan yox idi. Azərbaycan türkləri onu çox sevirdi. Buna görə də bir çox ailələrdə doğulan oğlan uşaqlarının adını Ənvər qoymuşdular” . (Bax: Əziz Alpoud. Həyatımın hekayələri. Bakı, 2011, s.186).

Azər Əlievin təbirincə 1918-ci ilin sentyabrında Bakını işğal edən, orada ortalama 20 min ətrafında müsəlmanı qətlə yetirən bir ordunun komandanına necə belə tükənməz xalq sevgisi ola bilərdi. Ənvər paşa 1920-ci ildə Şərq Xalqlarının Birinci qurultayında iştirak etmək üçün Bakıya gəlmişdi. Artıq sovetləşmənin acısını dadmış əhali onun İstanbuldan deyil, Moskvadan gəldiyini də bilirdi. Bununla belə, bütün şəhər ayaqda idi. Həmin günlərdə  Qafqaz və Türkiyədəki İtaliya missiyasının rəhbəri Aleksandr Bodrero Bakıya səfəri haqqında hesabatında Ənvər paşanın azərbaycanlılar tərəfindən qarşılanmasını belə təsvir edirdi:  “Ənvər paşanın Bakıya gəlişi gözlənilmədən  Azərbaycanın müsəlman əhalisini sözün tam mənasında vəcdə gətirmişdi. Onu hər yerdə salamlayırdılar, əlini öpürdülər. Tatarların (azərbaycanlıların – C.H.) Ənvər üçün təşkil etdiyi təntənəli qəbulları onun kommunizmə müraciət etməsi ilə izah edilə bilməz”. (Bax: Aleksandr Bodrero. Bakıya səfər haqqında hesabat. 18.09.1920 // Archives d’Ali Mardan-bey Toptchibachi, carton n° 1. CERCEC, EHESS, Paris, p.11).

Azər Əliyevdən fərqli olaraq Aleksandr Bodrero Bakıda Ənvər paşaya olan bu ümumxalq sevgisinin, milli hisslərin vəcdə gəlməsinin səbəbini onun 1918-ci ilin 15 sentyabrındakı xilaskarlıq missiyası ilə izah edirdi. Əvvəl adını zikr etdiyimiz Əziz Alpoud Ənvər paşanın gəlişi ilə bağlı Bakı küçələrində yaşanan təntənəni öz gündəliyində belə qeyd edirdi: “Ənvər paşanın Azərbaycana gələcəyini eşidən millətimiz, bayram günlərini yaşayırmış kimi üzü gülür, bir-birini təbrik edirdi. Sanki gecənin səsizliyində, sabaha qədər eşidilən makinalı tüfənglərin səsi, verilən şəhidlər heç elə bil bu məmləkətdə deyildi…Hamı öz dərdini unutmuşdu. Sanki qurtuluş ümidi Ənvər paşanın gəlişi ilə bağlı idi…Küçələrdə, evlərdə, tarlalarda günün əsas söhbəti Ənvər paşa idi”.

Bakıda qətliam yapan, kütləvi şəkildə müsəlman qıran bir adam üçün belə təntənə ola bilməzdi. 1918-ci ilin sentyabr həqiqətləri bundan ibarətdir. Hətta Sovet hökuməti belə bu millətin türklərə olan sevgisini içindən çıxara bilmədi. Düzü, bilmirəm, Ağalar Qutun və Azər Əliyevin türk düşmənliyi haradan qaynaqlanır. 1920ci ilin martında Moskvada Sovet Ruyası ilə müqavilə bağlayıb, Naxçıvanın Azərbaycanın tərkibində statusunu rəsmiləşdirən Türkiyə nümayəndə heyətinin həmin ilin aprelində Bakıya dönüşünü belə təsvir edir. “Aprelin birinci günü axşam doqquzda Moskvadan Bakıya birbaşa hərəkət etdik. Səkkizinci gün günortadan sonra Bakının heç görməmiş olduğunu söylədikləri bir qarşılanma ilə qarşılandıq. Küçələrdə bizim əsir əsgərlər Azərbaycan əsgəriymiş kimi düzülmüşdülər. Mindiyimiz faytonun keçdiyi yerlərin üstünə qadınlar baş qoyub torpağı öpürdülər. Aprelin on doqquzuna qədər Bakıda qaldıq. Bakılılar bizə çox yaxşı baxdılar. Oturduğumuz süfrələrə bəzən səksən cür yemək qoymuş olduqlarını görürdük. Bir gün bizi qonaq edənlərə dedik: “Canım nə üçün bu qədər məsrəflər edirsiniz? Belə şeylər söyləməyin, dedilər. Mümkün olsa, Azərbaycanın bütün varlıqlarını sizin çiyinlərinizə yükləyib, Türkiyəyə (ölüb-dirim savaşı gedən Türkiyəyə) göndərmək istəyirik, amma əlimizdə deyil – cavabını verdilər”. (Bax: Yusif Kamal Tengirşek. Vatan Hizmetinde. Ankara, 1981, s.223).

Bu istək də 1918-ci ilin xilaskarlığına bir minnət borcu idi ki, xalq bunu içində yaşadırdı. Azər Əliyevin Nuru paşanın guya Bakıda 30 min insan (erməni və türk) qırması haqqında iddiası haradan qaynaqlanır? O, yazır: “Bir ölkənin xilaskarı olmaq o ölkənin 30 min insanını öldürməkdirmi?”. Əslində, bu idddianın cavabını biz verdik. Amma əlavə olaraq, demək lazımdır ki, bu rəqəm həmin vaxt ilk dəfə Moskvada bolşevik nəşri olan “İzvestiya” qəzetində dövriyyəyə gətirilmişdi. Hadisələrdən xəbərsiz olan Tiflisdəki erməni diplomatik nümayəndəsi Camalyan  30 min rəqəmini istifadə etmiş və bu Tiflis ermənilərinin nəzarətində olan “Kavkazskoe slova”  qəzetinin 12 oktyabr sayında tirajlanmışdı. Bütün bu məsələləri özündə əks etdirən mötəbər sənədlər elə meydan.tv sayıtının yerləşdiyi Berlin şəhərinin mərkəzində Almaniya xarici işlər nazirliyinin siyasi arxivində saxlanılır. (Bax: Abschrift. A Monsieur Djamlian, le Representant Diplomaique de la Republique de l’ Armenia en Georgia. 1918 // Politisches Archiv des Auswärtigen Amts, R 11063, p.l-2). İnformasiya orqanı ondan ötrü deyil ki, düşüncə azadlığı adı altında yalan məlumatları öz səhifəsinə çıxarsın. Redaksiya bunları dəqiqləşdirməyə borclu idi. Düşüncə azadlığının daşıyıcısı olan ölkələrdə belə yazıları bir qayda olaraq anonim rəyləşməyə göndərir, məhz ondan sonra ictimai müzakirəyə təqdim edirlər. Təəssüf ki, tərəfsiz media qurumu adına iddialı olan meydan.tv bu prinsipə riayət etməmişdir.

Qafqazda olan xarici missiyalar məhz bu nəşrlərə istinadən sentyabr hadisələri zamanı guya 30 min erməninin qırıldığı haqda məlumatları öz ölkələrinə vermişdilər. Niyə? Çünki şəhəri ingilislərdən azad edən Azərbaycan və Türkiyə hərbi birlikləri beynəlxalq güclərin planlarını pozmuşdular. İngilislərin əli neftdən çıxmışdı, almanların 27 avqust müqaviləsi əsasında Rusiya vasitəsi ilə Bakı neftindən pay almaq planları pozulmuşdu.  Hələ Sentyabr ayının 7-də Tələt paşanın Berlin danışıqları haqqında hesabat hazırlayan Almaniya xarici işlər nazirliyinin məsul əməkdaşı Hintse yazırdı: “Tələt paşanın Qafqaz üzrə proqramı belədir: Gürcüstan, Ermənistan və Azərbaycan Rusiyaya qarşı “bufer” dövlətlər olmalıdr. Bakı Azərbaycana keçməlidir. Azərbaycan da öz növbəsində Almaniyaya neft göndərəcək”. Bakı azad olduqdan sonra Azərbaycandakı alman nümyəndəsi von Kress Berlinə bildirirdi ki, “bizim Bakı neftindən istifadəmiz türklərin təsiri ilə Azərbaycanın həyasız tələbləri ucbatından çətinliklərlə qarşılaşmışdır”. (Bax: Telegramm von Kress. Gr.Haupquartier, den 31 oktober 1918 //  Archiv des Auswärtigen Amts, R 11063, p.l-2).

Nuru paşanı işğalçı, qarətçi, soyğunçu rolunda təsvir edən Azər Əliyevdən fərqli olaraq  von Kress oktyabr ayının 31-də Berlinə göndərildiyi ikinci teleqramda yazır: “Nuru paşa və onun təsiri altında olan Azərbaycan hökuməti bizə və gürcülərə neft vermək məsələsində mənfi əhval-ruhiyyədədir. Razılaşma hələ ki, baş tutmayıb. Nuru bizim sahil artilleriyası, hidroplan, sürətli katerlər təklifimizdən imtina etdi. Almanlara nifrət çox böyükdür. Nuru paşanın ətrafı bizə qarşı açıq təbliğat aparır. Əgər Nurunu daha sağlam düşünən bir türklə əvəz etmək mümkün olmasa qorxuram ki, biz Bakıdan heç bir xeyir görməyək və ya bu xeyir çox cüzi olsun. Əgər Nurunu uzaqlaşdırmaq mümkün olmasa, İstanbuldan göstəriş alınmalıdır ki, mənim ona təzyiq imkanlarım olsun. Türkiyə Azərbaycan hökumətinə təsir göstərməlidir ki, onlar bizə neft versinlər. Biz özümüz Azərbaycan hökumətinə çətin ki, təzyiq edə bilək. Bizim iddialarımız fonunda Nuru paşa Azərbaycan rəhbərliyinin, azərbaycanlılar isə onun arxasında gizlənirlər”. (Bax: Telegramm von Kress. Aus dem Felde, den 31 oktober 1918 //  Archiv des Auswärtigen Amts, R 11063, p.l-2).

Azər Əliyevin işğalçı kimi təqdim etdiyi Nuru paşa Bakıya daxil olduğu ilk gündən Azərbaycan ordusunun yaradılması qayğısı ilə yaşayırdı. Sentyabr ayının 19-da paşanı ziyarət edən Qafqazdakı Almaniya nümayəndəsi von der Qolts oktyabr ayının 3-də imperiya Ali komandanlığına yazırdı:  “Sentyabrın 19-da Nuru paşanı ziyarət edərkən o, sabah Azərbaycanda yeni acımış yunker-zabitlər məktəbinə gedəcəyini xatırlatdı və məndən onu müşayiət etmək istəyimi soruşdu. Əlbəttə, mən razılaşdım və səhəri biz məktəbin meydançasına yollandıq. Orada yazıb oxuya bilən 250-300 nəfər ən yaxşı azərbaycanlı gənclər toplaşmışdılar. Onlar bizə bir neçə hərbi hərəkətlər nümayiş etdirdilər. Bu, məndə yaxşı təəssürat yaratdı. Onlar yaxşı seçilmişdilər və hərbi işə tam yararlı idilər.  Bu uğur münasibəti ilə mən paşanı təbrik etdim. Bu məktəbin rəhbəri Almaniyada hərbi təhsil almış, öz işini lazımı qaydada yerinə yetirən baş leytenant Atif bəy idi. Ertəsi gün mən təkrar Paşanı ziyarət edəndə, onun qərargahının qarşısına 300 nəfərə yaxın yeni səfərbər edilmiş azərbaycanlı gənclər toplaşmışdılar. Az sonra Nuru çıxıb onların qarşısında nitq söylədi və dedi ki, türklər və azərbaycanlılar düşmən üzərində birgə qələbə çalacaqlar. Sonra qılıncoynadanların rəqsi başladı və marşlar çalındı. Söhbət zamanı Nuru dedi ki, 18-24 yaş arası bütün azərbaycanlı gənclər hökumətin qərarı ilə səfərbər edilib. Onların sayı 20 mindir və yaxın vaxtlarda 50 min nəfərə çatacağı gözlənilir. Biz Gəncədən Bakıya gələndə Qarabağa yollanan çoxlu hərbi texnika ilə rastlaşdıq. Onlar 8 min tatar (azərbaycanlı –C.H.) əhalisi olan Şuşa dağlarında gizlənən Andronikin dəstələrinə qarşı döyüşməyə gedirdilər. Bütün bunlar türklərin Azərbaycanın möhkəmlənməsi və güclənməsini istədiklərinin bir sübutu idi”. (Bax: Militarisches aus Aserbeischsn. Bericht №3. 03.10.1918 //  Archiv des Auswärtigen Amts, R 11063, p.l-2). Belə sənədlər Almaniya hərbi və siyasi arxivlərində yüzlərlədir. İndi Azər Əliyev kimi bir həvəskar “tarixçiyə” inanaq ya bu sənədlərə.

Bu həvəskar tarixçilərin 1920-ci ildə Azərbaycanın bolşeviklər tərəfindən işğal edilməsini Mustafa Kamal paşanın Sovet hökumətinə ünvanlandığı 26 aprel tarixli məktubu ilə əlaqələndirmələri də qərəzli xarakter daşıyır. Əslində, bu məktub Azərbaycanın bolşeviklər tərəfindən işğalında heç bir önəmli rol oynamadı. Məsələ burasındadır ki, Kamal paşanın məktubu Azərbaycanın ruslar tərəfindən işğal edilməsindən çox sonra, yalnız iyun ayının 3-də Moskvaya yetişdi. Onu alan kimi, xarici işlər komissarı Çiçerin dərhal məktubun məzmunu haqqında Xalq Komissarları Sovetinin sədri Leninə məlumat verdi. Elə həmin gün Mustafa Kamal paşaya cavab hazırlandı və iyunun 4-də Çiçerinin imzaladığı sənəd kuryer vasitəsi ilə Ankaraya göndərildi. (Bax: Документы внешней политики СССР. Т.II, М., 1958, с.555).

Nəhayət, Rəsulzadə və digər Azərbaycan (əslində isə Qafqaz) mühacirlərinin ötən əsrin 30-cu illərində Türkiyədən çıxarılması məsələsində çağdaş tarix “yazarlarımız” hadisələrdən bixəbər olduqlarını bir daha nümayiş etdiriblər. Məsələ burasındadır ki, həmin məsələ Kamalçılarla Sovet Rusiyası arasında hələ Rəsulzadə Türkiyə getməzdən əvvəl həll edilimişdi. 1921-ci ilin mart ayının 16-da Sovet Rusiyası ilə Türkiyə arasında imzalanmış “Dostluq və qardaşlıq haqqında” müqavilənin müvafiq maddəsinə görə tərəflər hər iki ölkənin öz ərazisində müqavilədə olan digər ölkədə hakimiyyətə gəlmək istəyən təşkilatların və qrupların fəaliyyətini qadağan etməyi  öz üzərlərinə götürürdülər.

Nə üçün bu maddə müqaviləyə daxil edilmişdi? Bu məsələdə hər iki tərəfi narahat edən məqamlar var idi. Bir tərəfdən ruslar Ənvər paşanı gizli şəkildə gətirib Batumda oturtmuşdular ki, əgər Mustafa Kamal paşa Qərblə əməkdaşlığa getsə, ona təzyiq kimi Anadolunun Şərqində Sovetlərin nəzarətində olan ikinci bir türk dövləti yaradıb, Ənvər paşanı həmin dövlətin başına gətirsinlər. Digər tərəfdən Sovet quruluşuna qarşı olan Qafqaz mühacirlərin böyük bir hissəsi Türkiyəyə sığınmışdı və məhz Anadoludan onlar Sovetlər üçün təhlükə törədirdilər. Müqavilə imzalandıqdan sonra ruslar Ənvər paşanı Batumdan uzaqlaşdırdılar. Amma 1922-ci ilin sonlarında Rəsulzadənin gəlişindən sonra Türkiyədəki Azərbaycan mühacirləri (eyni zamanda böyük əksəriyyəti Anadoluya sığınmış gürcü mühacirləri də) təşkilatlanmağa başladılar. 1923-cü ildə Rəsulzadənin Əli bəy Hüseynzadənin ön söz yazdığı “Azərbaycan Cümhuriyyəti” kitabının İzmir kitab sərgisində mükafat almışdı. Kitab çox təsirli idi. Qafqazda fəaliyyət göstərən məşhur bolşeviklər onu çantalarında gəzdirirdilər. Təcili olaraq, onu rus dilinə tərcümə edib (tərcümədə Nərimanov da iştirak etmişdi) Stalinə  göndərdilər.

Kitab Stalini bərk əsəbləşdirdi. Kitabda uzun müddət onun rəhbərlik etdiyi bolşeviklərin milli siyasətinin daşı-daş üstə qoyulmamışdı. Ona görə bu kitaba qarşı əks təbliğat işlərinə bilavasitə, Stalin özü qoşuldu. O, Cənubi Qafqaz və Azərbaycan rəhbərliyinə tövsiyə edirdi ki, Rəsulzadənin antisovet kitabının SSRİ-nin türk və müsəlman xalqlarına təsirini azaltmaq üçün ona qarşı kitab yazılmalıdır. Bu kitabı hazırlayacaq müəllif kollektivinə Stalin öz məsləhətlərini verir və əslində Rəsulzadənin əleyhinə yazılacaq  kitabın planını təqdim edirdi. 1923-cü ilin sentyabr ayının 16-da o, Bakıya göndərdiyi məktubda yazırdı: “Rəsulzadənin mürtəce kitabçası barədə Musabəyov, Mirzoyan, Axundov, Kirov, Oraxelaşvili yoldaşlara mənim məsləhətlərim. Rəsulzadə əleyhinə kitabçanın ümumi ruhu hücum xarakteri daşımalıdır.  Heç bir halda özünü təmizə çıxarmaq lazım deyil, onu aşağıdakılarda  ittihamla hücuma keçmək: 1. Dönüklükdə. O bolşevik idi, sonda onlara xəyanət etdi; 2. Türklərin özlərinin mənafelərinə xəyanətdə; çünki Rəsulzadə özü və onun “Müsavat” partiyası Qırmızı Ordunun türklərə yardım göstərməsi və Bakının alınmasına maneçilik törədirdilər; 3. Azərbaycan xalqına xəyanətdə. Torpağın kəndlilərə verilməsinə və bəylərin mülklərinin ləğv edilməsinə maneçilik törədirdilər; 4. Bütün Şərq xalqlarının mənafeyinə xəyanətdə: müsəlmanlar üzərində İngiltərənin müstəmləkəçilik ağalığını saxlamaqda, ona yardım göstərməkdə; 5. Erməni-tatar (türk – C.H.) qırğının təşkilində: Rəsulzadəni Azərbaycanın Pruşkeviçi kimi “lağa qoymaq”;  6. Şamxor talanlarının təşkilində günahlandırmaq. Onu “Azərbaycan talançısı” kimi damğalamaq…Mənim fikrimcə, əgər kitançanın hazırlanmasında bu (və buna bənzər) tezislər nəzərə alınarsa, bu tamamilə qənaətbəxş olacaq”. (Bax: İ.Stalinin Musabəyov, Mirzoyan, Axundov, Kirov, Oraxelaşviliyə məktubu. 16.09.1923.// Rusiya Dövlət Sosial Siyasi Tarix Arxivi, f.558, s.1, i.4491, v.1-2).

Bax, məhz bu hadisədən sonra yuxarıda qeyd etdiyimiz müqavilənin müvafiq bəndinə istinadən hələ 1923-cü ilin payızında Sovet rəhbərliyi Rəsulzadənin Türkiyədən çıxarılması  məsələsini qoydu. 1924-cü ildə Gürcüstanda baş vermiş anti-sovet üsyandan sonra Moskvanın tələbi daha kəskin xarakter aldı. 1924-cü ilin sentyabr ayının 26-da Ankaradakı Sovet səfiri Surits  Çiçerinə yazırdı: “Mənə belə gəlir ki, indi Türkiyənin Qafqazda əksinqilabçı ünsürləri müdafiə etməsi məsələsini qaldırmağın əsl məqamıdır və bu müdafiəyə cavab olaraq indi bir sıra müsavat və gürcü başçılarının İstanbuldan çıxarılmasını onlardan tələb etmək olar”. (Bax: Y.Suritsin G.Çiçerinə məktubu. 26.09.1924.// Rusiya Dövlət Sosial Siyasi Tarix Arxivi, f.82, s.2, i.1328, v.63).

Məhz Sovet İttifaqının təkidli tələbi ilə Türkiyə hakimiyyət orqanları 1927-ci ildə “Yeni Qafqaziya” jurnalının nəşrini dayandırmaq  qərarına gəldi. Jurnalın bağlanma səbəbini Türkiyə Mərkəzi Mətbuat İdarəsinin direktoru Əkrəm bəy “Yeni Qafqaziya”nın son dövrlərdə Sovet İttifaqı əleyhinə həddindən artıq sərt yazılar verməsi ilə izah edirdi. Sovetlər Rəsulzadənin Türkiyədən çıxarılmasında niyə təkid edirdilər? Çünki Rəsulzadə Türkiyəyə gəldiyi gündən onun siyasi fəaliyyəti, Azərbaycanla gizli əlaqələri Sovet xüsusi xidmət orqanlarının diqqət mərkəzində idi. Kəşfiyyat orqanlarının onun haqqında Molotovun adına hazırladıqları arayışda göstərilirdi ki, “mühacirət dövründə Rəsulzadə Azərbaycanda Sovet hakimiyyətinin devirməsinə və kapitalizmin bərpasına yönəlmiş antisovet hərəkatı genişləndirib, ona bilavasitə başçılıq edirdi. Bu məqsədlə Rəsulzadə müsavat gizli mərkəzini, cəsusluq, üsyançı hərəkat və pozuculuq işlərini təşkil etmək üçün ardıcıl olaraq SSRİ-yə emissarlar göndərirdi”. (Bax: Məmməd Əmin Rəsulzadə haqqında P.Fitinin V.Molotovun adına hazırladığı arayış. 17.07.1944.// Rusiya Dövlət Sosial Siyasi Tarix Arxivi, f.82, s.2, i.1090, v.142)

Türkiyə bu məsələdən yayınmağa çalışsa da, Moskva öz təkidlərində israrlı idi. 1930-cu ildə xüsusi olaraq bu məqsədlə Ankaraya gəlmiş SSRİ Xarici İşlər Komissarının müavini Karaxan Baş Nazir İsmət paşa ilə görüşdə Sovet hökuməti adından Türkiyəni Moskva müqaviləsinə əməl etməməkdə günahlandırdı və Anadoluda yerləşən Qafqaz mühacir təşkilatlarının anisovet fəaliyyətindən Sovet rəhbərliyinin narazılığını ifadə etdi. Danışıqların gedişində İsmət paşa Türkiyədə Sovet İttifaqına qarşı mübarizə aparan Qafqaz və “rus ünsürlərinin” fəaliyyətinə son verilicəyin bildirdi. İsmət paşa söz verdi ki, Türkiyədə Sovet İttifaqı üçün arzuedilməz sayılan bütün mühacir təşkilat və cəmiyyətləri ləğv ediləcəkdir. Yalnız bu tələbdən sonra Rəsulzadə və digər mühacirlər Türkiyəni tərk etməli oldu, lakin o, Türkiyə hökuməti ilə, hökumət də onunla gizli əlaqələrini kəsmədi. Avropadakı bir sıra türk səfirliklərinə gizli təlimat verilmişdi ki, müxtəlif yollarla onu himayə (o cümlədən, maddi olaraq) etsinlər.  Məsələn, SSRİ Xalq Dövlət Təhlükəsizliyi Komissarlığının xarici kəşfiyyat məsələlərinə baxan 1-ci idarəsinin rəisi Pavel Fitin Sovet hökumətinin başçılarından biri kimi xarici işlər komissarı  Molotova məxfi məlumatında göstərirdi ki, Rəsulza­də Avropada Buxarestdəki türk səfiri Həmdullah Sübhi Tanrıöverin yardımı ilə yaşayır.

Onun  məlumatına görə Rəsulzadə həmin vaxt səfir Tanrıöverin “vasitəsi ilə Türkiyə hökumətindən maliyyə yardımı alırdı”.  (Bax: Məmməd Əmin Rəsulzadə haqqında P.Fitinin V.Molotovun adına hazırladığı arayış. 17.07.1944.// Rusiya Dövlət Sosial Siyasi Tarix Arxivi, f.82, s.2, i.1090, v.143) Sual olunur öz hökumətindən təlimat almadan hansı səfir, hansı diplomat rəsmi şəxs olaraq bunu edə bilərdi? Bax, Rəsulzadənin Türkiyəni tərk etməsinin və ya oradan çıxarılmasının qısa hekayəti bundan ibarətdir. Göründüyü kimi, Ağalar Qut və Azər Əliyevin bununla bağlı irəli sürdükləri ittihamlar da qərəzli xarakter daşıyır və iki qardaş ölkənin münasibətlərinə şübhə toxumu səpmək məqsədi güdür. Amma tarixi həqiqət hər şeydən üstündür və ondan yayınmaq mümkün deyil. Mustafa Kamal paşa demiş, tarix yazmaq tarix yaratmaq qədər çətindir. Bu çətin işə bacaranlar girişməlidir. Əks təqdirdə, biz hələ çox cəfəngiyyatların cəngində qalacağıq.


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…

Ana səhifəMənim FikrimcəAğalar Qutla Azər Əliyev tarixçidirlərmi?