“Astan Şahverdiyev xalqdan üzr istəyəcəyi barədə öhdəlik götürüb”
Dekabrın 27-də Milli Məclisin İntizam Komissiyasının iclası olub. Toplantıda deputat Astan Şahverdiyevin etiraza səbəb olan müsahibəsi ilə bağlı məsələ müzakirə edilib.
Komissiyanın sədri, deputat Ağacan Abiyevin APA-ya verdiyi məlumata görə, A. Şahverdiyevin iştirakı ilə keçirilən iclasda etdiyi hərəkətlərin ciddi səhv olduğu ona bildirilib, bunun deputat adına yaraşmadığı qeyd olunub. Astan Şahverdiyev 9 nəfərlik komissiya üzvləri qarşısında üzr istəyib, mətbuatda da xalqdan üzr istəyəcəyi barədə öhdəlik götürüb:
“İclasın son qərarı bu oldu ki, A. Şahverdiyev xalq qarşısında üzr istəsin, açıqlamalarında daha diqqətli olsun. Ona yazılı və şifahi heç bir xəbərdarlıq, töhmət elan edilmədi. Ona başqa nə cəza verək?”
Astan Şahverdiyev Biləsuvarda məskunlaşan cəbrayıllı köçkünlərin keçirdiyi etiraz aksiyası ilə bağlı Azadlıq Radiosuna açıqlama verib.
O, aksiya edən şəxsləri qınayıb, eyni zamanda Rusiyaya işləməyə gedən azərbaycanlılarla bağlı təhqiramiz ifadələr işlədib, onları “otxod” adlandırıb.
Deputatın fikirləri ictimai rezonans yaradıb, sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Astan Şahverdiyev dekabrın 26-da heç kimi təhqir etmədiyini, buna görə üzr istəməyəcəyini desə də, komissiyanın məlum iclasından sonra üzrxahlıqla bağlı açıqlama verib.