“İndi elə bir nöqtədə deyilik ki, danışıqlar yaxınlaşmaq üçün səmərəli bir yol kimi görünsün”
ABŞ prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinlə Ukrayna müharibəsinə son qoymaq barədə danışmaq niyyətində olmadığını bildirib. Əlavə edib ki, hazırda belə müzakirələr üçün şərait yoxdur.
Ağ Evin dekabrın 2-də yaydığı məlumatda belə deyilir.
ABŞ-ın Milli təhlükəsizlik sözçüsü Con Kirbi isə deyib ki, “indi elə bir nöqtədə deyilik ki, danışıqlar yaxınlaşmaq üçün səmərəli bir yol kimi görünsün”.
O qeyd edib ki, 9 aylıq müharibədə on minlərlə insan ölüb:
“Milyonlarla insan evini itirib. Şəhər və qəsəbələr dağıdılıb. Bütün bunların fonunda Ukrayna ilə Rusiya arasında danışıqlarda uçurum var”.
Rusiyanın müharibə aparmaq qabiliyyətini cilovlamaq üçün çoxşaxəli beynəlxalq kampaniyanın bir hissəsi kimi Yeddilik Qrupu (G7) ölkələri və Avstraliya dekabrın 2-də Rusiyanın xam neftinin bir barelinin qiymətinin 60 dollar həddi ilə bağlı razılığa gəliblər.
G7 və Avstraliya bəyanatda bildiriblər ki, limit dekabrın 5-də və ya çox yaxında qüvvəyə minəcək. Onlar Rusiyanın neft satışından əldə etdiyi gəliri azaltmaq, eyni zamanda, qlobal qiymətlərdə artımın qarşısını almaq üçün belə addım atıblar.
Bayden isə Putinlə danışmağı planlaşdırmasa da, G7-nin neft qiymətinin həddi ilə bağlı razılaşmasını dəstəkləyir.
Finlandiyanın baş naziri deyib ki, Ukrayna müharibəsi Avropanın ABŞ-dan çox asılı olduğunu göstərib.
Rusiya Aşağı Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Leonid Slutski “Tass” Xəbər Agentliyinə deyib ki, Aİ öz enerji təhlükəsizliyini həddən artıq təhlükə altına qoyur.
Kiyev isə bildirib ki, sülh danışıqları yalnız Rusiya hücumlarını dayandırsa və zəbt etdiyi bütün Ukrayna ərazilərindən çıxsa, mümkün olacaq.
Kreml isə cavabında “Qərb Putinlə hər hansı danışıqlardan əvvəl Moskvanın sentyabrda elan etdiyi yeni ərazilərin ilhaqını tanımalıdır”, – deyə bildirib.
Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında Rusiya Federasiyasının prezidentinin həmişə Rusiyanın maraqlarını təmin etmək üçün danışıqlara açıq və hazır olduğunu söyləyib.
Bütün bunların qarşılığında ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib ki, ABŞ Rusiyanı həqiqi sülh danışıqlarına məcbur etmək məqsədi ilə Ukraynaya hərbi yardımı davam etdirəcək.