İctimai fəalın ailəsi və ya yaxınları ilə telefonla əlaqə saxlamaq hüququnun da əlindən alındığı deyilir
Həbsdə olan ictimai fəal, İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədovun Bakı İstintaq Təcridxanasından 2 saylı Cəzaçəkmə Müəssisəsinin cərimə təcridxanasına (karser) köçürüldüyü bildirilir.
Bu barədə jurnalist Ülviyyə Əli məlumat verib.
Jurnalist deyib ki, ictimai fəalın ailəsi və ya yaxınları ilə telefon əlaqəsi saxlamaq hüququ da əlindən alınıb.
“Cəzaçəkmə müəssisəsinin rəisi ailəsinə deyib ki, karantində siqaret çəkmək olmur. Guya Afiəddin öz istəyi ilə “karser”ə salınıb. Lakin biz buna inanmırıq, çünki normalda başqa yerə köçürülən məhbuslar ailəsinə bu barədə xəbər verirlər, amma Afiəddin xəbər etməyib. Atası cəzaçəkmə müəassisəsinə getmişdi, amma karantində olduğunu deyərək görüş verilməyib”, – Ülviyyə Əli bildirib.
Məsələ ilə əlaqədar Penitensiar Xidmətdən məlumat öyrənmək mümkün olmayıb.
Afiəddin Məmmədovun Tofiq Yaqubluyla bağlı bəyanatına, həmçinin həbsxanada məhbusların hüquqlarının pozulması ilə bağlı yazdığı yazılara görə cəzalandırıldığı ehtimal edilir.
Məsələyə Penitensiar Xidmətin mövqeyi hələ ki, məlum deyil.
Afiəddin Məmmədov İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri kimi tanınır. Bu təşkilat 2022-ci il martın 1-də yaradılıb və Azərbaycanda işçilərin hüquqlarını müdafiə etmək məqsədi daşıyır.
Afiəddin Məmmədov işçilərin əmək hüquqlarının qorunması ilə bağlı etiraz aksiyalarında fəal iştirak edib. O, fəaliyyətinə görə, bir neçə dəfə inzibati həbslərlə üzləşib. Bu həbslər xırda xuliqanlıq və polisin qanuni tələbinə tabe olmama ittihamları ilə əsaslandırılıb.
2023-cü il sentyabrın 20-də isə Afiəddin Məmmədov cinayət işi ilə həbs olunub və ona qarşı Cinayət Məcəlləsinin 126.2.4 (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma), 221.3 (silahla xuliqanlıq) və 228.4 (qanunsuz silah saxlama) maddələri ilə ittiham irəli sürülüb. Yanvarın 14-də ona 8 il həbs cəzası verilib.