Afiəddin Məmmədovun həbsdə təhdidlərə məruz qaldığı deyilir

Afiəddin Məmmədov. Foto: Meydan TV

Deputat: “Kimlərinsə həbsxanaları bir sanatoriya kimi göstərmələri doğru deyil”

“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının həbsdə olan sədri Afiəddin Məmmədovun təhdidlərə məruz qaldığı deyilir.

Bu barədə Konfederasiyanın iyunun 6-da yaydığı açıqlamada məlumat verilib.

Konfederasiyanın yaydığı açıqlamaya görə, Afiəddin Məmmədovun hazırda saxlandığı 2 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyi tərəfindən daha ağır rejimli müəssisəyə köçürülməklə hədələnib.

Təşkilat qeyd edir ki, Afiəddin Məmmədov bu yaxınlarda saxlandığı 2 saylı Cəzaçəkmə Müəssisəsindəki antisanitar vəziyyəti ictimailəşdirib.

Afiəddin Məmmədovun ailəsinə göndərdiyi və mayın 30-da yayımlanan həmin məktubunda deyilirdi ki,  2 saylı Cəzaçəkmə Müəssisəsində 250-dən çox məhbus üçün cəmi dörd sanitar qovşağı var.

“Mətbəxdə siçanlar sərbəst şəkildə gəzir, ərzaq qutularını deşir və yeməkləri yeyirlər”.

Afiəddin Məmmədov ailəsinə bildirib ki, saxlandığı kamerada məhbusların sayı normadan artıqdır və onun indiyədək həbsxanadan ictimailəşdirdiyi məsələlər təkcə ictimai-siyasi fəallarla bağlı deyil, məhbəsdəki bütün məhbusların haqları ilə bağlı olub.

“Bu açıqlamadan sonra müəssisə rəhbərliyi ona qarşı mənəvi təzyiqlər göstərməyə başlayıb və Afiəddini daha ağır rejimli qapalı cəzaçəkmə müəssisəsinə köçürməklə hədələyib”- Təşkilatın yaydığı açıqlamada belə deyilir.

“İşçi Masası”nın bu açıqlamasına 2 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyi və Penitensiar Xidmət hələlik münasibət bildirməyib.

Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc  “Azadlıq” radiosuna bildirib ki, Ədliyyə Nazirliyi və onun tərkibindəki Penitensiar Xidmətin rəhbərliyi sadalanan problemlərlə bağlı məlumatlıdır və problemlərin qısa zamanda həll ediləcəyinə inanır:

Foto: Zahid Orucun şəxsi arxivindən
Foto: Zahid Orucun şəxsi arxivindən

“Bəzən siyasi şəxslər məsələni daha fərqli bir kontekstdə göstərərək özlərinə xüsusi bir imtiyaz, əlahiddə diqqət, münasibət tələb edirlər. Bu, bəzən digər məhbuslar arasında çox ciddi bir narazılıq doğurur. Sanki bunlar imtiyazlı qüvvədir, digərlərisə sıradan məhkumdurlar kimi qeyri-bərabər vəziyyət də qarşımıza çıxıb. Ancaq bu məsələni kimin qaldırmağından asılı olmayaraq, subyektə qiymət vermədən, problem varsa, həllini tapmalıdır. Ombudsman illik məlumatlarını parlamentdə təqdim edərkən, müzakirələr zamanı ən çox vurğulanan problemlərdən biri cəzaçəkmə müəssisələrində ümumi saxlana biləcək məhkumların sayından bəzən 1.5 dəfə artıq məhkumlarla bağlı faktları görürük. Bu yöndə həyəcan siqnalı dəfələrlə çalınıb. Amma kimlərinsə həbsxanaları bir sanatoriya kimi göstərmələri də doğru deyil”.

Afiəddin Məmmədov İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri kimi tanınır. Bu təşkilat 2022-ci il martın 1-də yaradılıb və Azərbaycanda işçilərin hüquqlarını müdafiə etmək məqsədi daşıyır.

Afiəddin Məmmədov işçilərin əmək hüquqlarının qorunması ilə bağlı etiraz aksiyalarında fəal iştirak edib. O, fəaliyyətinə görə, bir neçə dəfə inzibati həbslərlə üzləşib. Bu həbslər xırda xuliqanlıq və polisin qanuni tələbinə tabe olmama ittihamları ilə əsaslandırılıb.

2023-cü il sentyabrın 20-də isə Afiəddin Məmmədov cinayət işi ilə həbs olunub və ona qarşı Cinayət Məcəlləsinin 126.2.4 (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma), 221.3 (silahla xuliqanlıq) və 228.4 (qanunsuz silah saxlama) maddələri ilə ittiham irəli sürülüb. Yanvarın 14-də ona 8 il həbs cəzası verilib.

Ana səhifəSiyasətAfiəddin Məmmədovun həbsdə təhdidlərə məruz qaldığı deyilir