Futbol məktəbi üçün ayrılan vəsaitin mənimsənildiyi iddia olunur
AFFA İcraiyyə Komitəsinin martın 6-da keçirilən iclasından sonra Rövnəq Abdullayev 2009-cu ildən Berlində fəaliyyət göstərən futbol məktəbinə maliyyə yardımını dayandırdıqlarını bildirmişdi. AFFA prezidenti bu ideyanın millət vəkili, AFFA-nın birinci vitse-prezidenti Rauf Əliyevə məxsus olduğunu da vurğulamışdı.
Berlində fəaliyyət göstərən futbol məktəbinin rəhbəri Tofiq Qarayev “Futbol+” qəzetinə verdiyi müsahibədə onlara AFFA tərəfindən ayda cəmi beş min manat vəsait köçürüldüyünü deyib: “Əvvəlki illərdə AFFA məktəbdə çalışan məşqçilərə 5 min avro maaş verirdi. 2014-də dedilər ki, imkan yoxdu və məbləği 3 minə saldılar. 2015-də isə maliyyələşmə tam dayandı”.
Komanda.az-ın yaydığı məlumata görə, AFFA-nın büdcəylə bağlı açıqladığı hesabatda isə göstərilir ki, qurum Berlindəki futbol məktəbinə 160 min manat ayırıb. Sayt hesabatla bağlı təhlil də aparıb: “6 ildə bu vəsait təxminən 1 milyon manat edir. Maliyyə vəsaitinin bu ilin yanvarında dayandırıldığını nəzərə alıb, dolların ovaxtkı kursu ilə hesablasaq, AFFA-nın büdcəsindən futbol məktəbinə 1 milyon 300 min dollar vəsait ayırılıb. İndi bu vəsaitdən futbol məktəbinə çatan məbləği çıxaq. Qarayevin dediyinə görə, ilk 5 ildə ayda 5 min avro, 2014-də isə 3 min avro ödənilib. Bu da edir 336 min avro. Bu da ovaxtkı kursla təxminən 400 min dollar edir. Bir milyon 300 min dollardan bu məbləği çıxsaq, 900 min dolların mənimsənildiyi məlum olar. Onu da qeyd edək ki, AFFA 2014-cü ildə məktəbə 160 min manat ayırıb. Əvvəlki illərdə bu rəqəm daha çox olub. Deməli, əslində mənimsənilən məbləğ 1 milyon dollardan da çoxdu”.
Meydan TV bir milyonluq yeyinti iddiasına deputat Rauf Əliyevdən münasibət öyrənməyə çalışsa da, ona məxsus telefonlar söndürüldüyündən əlaqə saxlamaq mümkün olmayıb.
AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu Komanda.az-ın redaksiyasına qurumun Hesabat və Mühasibat Departamentinin hesabatını göndərib. Hesabatda göstərilir:
“Cross Culture” layihəsi və Alman Futbol məktəbi – 160 230.00 AZN
“Cross Culture” layihəsinə görə ödəniş:
31.03.2014 – 107820.00 AZN (100 000.00 EUR)
Alman Futbol Məktəbi layihəsinə görə ödəniş:
23.01.2014 – 10623.00 AZN (10 000.00 EUR)
16.04.2014 – 10837.00 AZN (10 000.00 EUR)
11.07.2014 – 16004.00 AZN (15 000.00 EUR)
28.10.2014 – 14946.00 AZN (15 000.00 EUR)
CƏMİ: 160 230.00 AZN
”
Cross Culture
” layihəsi daha çox uşaq və gəncləri əhatə edir. Otüstü idman növü üzrə həyata keçirilir. Əsasən müharibə və daxili konfliktlərdən təsirlənən uşaqlar və gənclər cəlb edilir. Azərbaycan mediasında bu layihənin adı yalnız AFFA-nın rəsmi xəbərlərində keçir. Ancaq layihənin nə məqsəd daşıdığı, Azərbaycanla əlaqəsi haqqında heç bir məlumat yoxdur. AFFA-nın mətbuat xidmətinin məlumatına görə, bu layihə çərçivəsində Azərbaycan üçün futbolçu yetişdiriməlidir. Lakin ötən 6 ildə neçə futbolçunun yetişdirilib ölkəyə gətirildiyi barədə məlumat yoxdur. Mikayıl Nərimanoğlu Meydan TV-nin bununla bağlı sualına “mən bu barədə danışa bilmərəm, Tofiq Qarayev cavablandırmalıdır” cavabını verib.
Yalnız o məlumdur ki, “Cross Cultures Project Association” bu ilin yanvarında AFFA-nın I vitse-prezidenti Rauf Əliyevi mükafatlandırıb. Bu barədə AFFA-nın
rəsmi saytında
məlumat verilib. Məlumatda bildirilir ki, Beynəlxalq Açıq Əyləncəli Futbol Məktəbləri layihəsinin infrastrukturunun inkişafı və reallaşdırılmasında, Azərbaycanda kütləvi futbolun təbliğində və həyata keçirilməsində əldə olunan uğurlara görə Rauf Əliyev qurum tərəfindən diplomla mükafatlandırılıb.
Mövzunu diqqətdə saxlayacağıq.