Qurumun prezidentliyinə bir namizəd var – Rövnəq Abdullayev
Martın 11-də AFFA-nın Nizamnaməsinin 34-cü maddəsinin tələblərinə uyğun olaraq, qurumun Hesabat-Seçki Konfransında İcraiyyə Komitəsinə seçki keçiriləcək. Elə həmin gün AFFA-da prezident seçkiləri də olacaq.
Rövnəq Abdullayev postunda qalmağa qərar verdi
Artıq namizədlər də irəli sürülüb. AFFA prezidenti postuna cəmisi bir namizəd qeydə alınıb – qurumun hazırkı rəhbəri Rövnəq Abdullayev. Amma futbol kluarlarında gəzən söz-söhbətdə Rövnəq Abdullayevin futbol təsərrüfatından gedəcəyi, onu bu postda ya AFFA-nın baş katibi Elxan Məmmədovun, ya da qurumun vitse-prezidenti Elşad Nəsirovun əvəzləyəcəyi deyilirdi. Ancaq Rövnəq Abdullayev postunda qalmağa qərar verdi. Əslində “qərar verdi” ifadəsi burda yerinə düşmür. Azərbaycanda AFFA-nın prezidentini futbol təsərrüfatının əməkdaşları seçmirlər. Prezident “yuxarılar”ın tapşırığı ilə “seçilir”. Elə gəzən söz-söhbətlərdə də yuxarıların Rövnəq Abdullayevin getməsi ilə bağlı qərar verdiyi bildirilirdi. Amma sonda qərar dəyişdirlidi. Niyə, nə səbəbə?
Kimsəyə sirr deyil ki, Rövnəq Abdullayev hazırda AFFA-da heç bir təsir imkanına sahib deyil. Onun adamları futbol təsərrüfatından uzaqlaşdırılıblar. Bu məqama əvvəlki yazılarımızda toxunmuşduq. Rövnəq Abdullayev AFFA-dakı mövqeyini həm bu təşkilatda, həm də SOCAR-da vitse-prezident postunu tutan Elşad Nəsirova uduzub. Elşad Nəsirovun isə “yuxarılar”la sıcaq əlaqələrinin olduğu bəllidi. Yəni Nəsirov istəsəydi, Rövnəq Abdullayev AFFA prezidenliyinə növbəti dəfə namizədliyini irəli sürməzdi. Amma sürdü. Daha doğrusu onu buna məcbur etdilər.
Səbəblər isə kifayət qədər aydındı. Rövnəq Abdullayev indi AFFA prezidenti postundan getsəydi, bu, onun üçün əla mükafat sayılardı. Abdullayev 2008-ci ildə ölkə prezidentinə 2016-cı ildə keçiriləcək Avropa çempionatının final mərhələsində Azərbaycan yığmasının da iştirak edəcəyilə bağlı vəd vermişdi. Bu vəd yerinə yetirilmədi. Abdullayev növbəti dəfə vəd verməli oldu – Azərbaycan 2020-ci ildə Bakının da ev sahibliyi edəcəyi Avropa çempionatının finalında olacaq. Ancaq mütəxəssislər çox gözəl bilirlər ki, Azərbaycan futbolunun potensialı bu vədi gerçəkləşdirmək üçün yetərli deyil. Təbii ki, bunu Elşad Nəsirov da yaxşı anlayır. Rövnəq Abdullayev indi AFFA prezidenti postundan getsəydi, “2020-ci il vədi” yeni prezidentin çiynində qalacaqdı. Elə buna görə də Rövnəq Abdullayevin gedişinə icazə verilmədi. Prezidentə verilən vədin cavabını 3 ildən sonra o verməlidi.
Elşad Nəsirovun cəmiyyətə verdiyi mesaj
Rövnəq Abdullayev seçiləcək və növbəti dəfə AFFA prezidenti olacaq. Amma həm də olmayacaq. Abdullayev sadəcə, kağız üzərində – de-yure prezident olacaq. De-fakto isə… AFFA-da bütün qərarlar İcraiyyə Komitəsində qəbul olunur. İcraiyyə Komitəsi isə tamamilə Elşad Nəsirovun nəzarətinə keçir. Bunu komitə üzvlüyünə namizədliyi irəli sürülmüş şəxslərin siyahısına baxmaqla da anlamaq olar. Biz də baxaq:
Peşəkar Futbol Liqası – 4 yer
1. Rauf Əliyev – AZAL PFK tərəfindən
2. Vaqif Sadıqov – “Sumqayıt” FK tərəfindən
3. Elşad Nəsirov – “Neftçi” PFK tərəfindən
4. Qurban Qurbanov – “Qarabağ” FK tərəfindən
5. Tuyqun Nadirov – “Xəzər Lənkəran” FK tərəfindən
Regional Futbol Federasiyaları İctimai Birliyi – 2 yer
1. Kazbek Tuayev – Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən
2. İsgəndər Cavadov – Şimal Regional Futbol Federasiyası tərəfindən
Sahə Futbol Federasiyaları – 2 yer
1. Mahir Məmmədov – Azərbaycan Futzal Federasiyası tərəfindən
2. Mirkamil Rəhimov – Uşaq və Gənclər Futbol Federasiyası tərəfindən
İctimai Futbol Təşkilatları – 2 yer
1. Elmar Məmmədyarov – Ümümazərbaycan Futbolsevərlərin İctimai Birliyi tərəfindən
2. Firudin Qurbanov – Futbol Hakimləri İctimai Birliyi tərəfindən
Fikir verin, Peşəkar Futbol Liqası İcraiyyə Komitəsində 4 nəfərlə təmsil olunmalıdı, 5 namizəd irəli sürülüb. Bu namizədlərdən 3-ü Elşad Nəsirovun qruplaşmasını təmsil edir. Əvvəlcə elə Elşad Nəsirovun öz namizədliyini nəzərdən keçirək. Nəsirov əvvəlki seçkidə “Futbolsevərlər Birliyi” adlı ictimai təşkilat tərəfindən komitəyə tövsiyə olunub. İndi isə seçkiyə “Neftçi”nin namizədi kimi qatılır. Dünənə qədər Rövnəq Abdullayevin adamı – Sadıq Sadıqovun rəhbərlik etdiyi “Neftçi”nin. Bu gün o komandada Elşad Nəsirovun yaxın dostu-yazıçı Çingiz Abdullayev rəhbərdi. Ötən seçkidə “Neftçi”nin namizədi millət vəkili Rauf Əliyev olmuşdu. O, Rövnəq Abdullayevin adamı hesab olunur. Nəsirov millət vəkilini isti yerindən etdi. Rauf Əliyev əlacsız qalıb AZAL-ın namizədi kimi seçkiyə qatılacaq. Bu, həm də Elşad Nəsirovun cəmiyyətə “Neftçi” tamamilə mənim nəzarətimdədi” mesajını verməsidi.
Fəaliyyəti heç kimə məlum olmayan “Futbolsevərlər Birliyi”i adını dəyişdirərək “Ümümazərbaycan Futbolsevərlərin İctimai Birliyi” olub. Təşkilat “Neftçi”yə göndərdiyi Elşad Nəsirovun yerinə xarişi işlər naziri Elmar Məmmədyarovun namizədliyini irəli sürüb. Nazirin Nəsirovla yaxın dost olduğu da heç kimə sirr deyil. Artıq fuitbol ictimaiyyəti Məmmədyarovun namizədliyini məsxərəyə qoyub: “Xarici siyasətdəki problemlərimizi həll edib, indi də futbolu inkişaf etdirməyə gəlib”.
Abdullayev Qurban Qurbanova möhtacdı
PFL-in irəli sürdüyü namizədlərdən biri də Vaqif Sadıqovdu. Onun namizədliyi “Sumqayıt” klubu tərəfindən dəstəklənib. Vaqif Sadıqov AFFA-nın baş katibi Elxan Məmmədovun adamı kimi tanınır. Baş katib isə Elşad Nəsirovun sağ əli hesab olunur. “Sumqayıt”ın isə baş katibin nəzarətində olduğunu xatırlatmağa ehtiyac yoxdu. Digər namizəd Tuyqun Nadirov isə Elxan Məmmədovun təşəbbüsü ilə yaradılmış Klublar Komitəsinin ilk sədri olub.
Daha bir namizəd isə “Qarabağ” tərəfindən irəli sürülüb. Qurban Qurbanovu nəzərdə tuturuq. Qurbanov isə Rövnəq Abdullayevə – daha doğrusu, onun “sağ əli” hesab edilən Ramin Musayevə yaxın şəxs sayılır. Bəs “Qarabağ”ın baş məşqçisi nədən komitədə təmsil olunmaq eşqinə düşsün? Böyük ehtimalla, ona bu addımı atmağı elə Rövnəq Abdullayev məsləhət görüb. Abdullayev İcraiyyə Komitəsində bircə adamının da olmayacağından narahatdı. Rauf Əliyev istənilən vaxt düşərgəni dəyişə bilər. Amma Qurban Qurbanov… Burda həm də başqa bir məqam da var. Rövnəq Abdullayevin dəstəsi Qurban Qurbanovun komitəyə seçilməyəcəyi təqdirdə, ictimai qınağı Elşad Nəsirovun qrupuna qarşı çevirmək niyyətindədi. Böyük ehtimalla, Qurban Qurbanov komitəyə seçiləcək. Güman etmirik ki, bir yerə görə, Nəsirov özünü tənqid hədəfinə çevirsin. Qurbanovun Azərbaycan futbolundakı nüfuzu bəllidi. Bunu görməməzliyə vurmaq, siyasi naşılıq olardı.
Bəs onda 5 namizəddən kim kənarda qalacaq? Bu təhlillərdən belə anlaşılır ki, həmin şəxs Rauf Əliyev olacaq. Amma millət vəkili Elşad Nəsirovla dil tapa bilsə, “oyundankənar vəziyyət”də “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov da qala bilər.
Digər təşkilatlar onlar üçün ayrılmış yerlərə artıq namizəd göstərmədiklərinə görə, İcraiyyə Komitəsinin tərkibi demək olar ki, məlumdu. Bu “oyun”dan da Elşad Nəsirov qalib ayrılır. Rövnəq Abdullayev AFFA prezidenti olacaq. Amma AFFA-da heç bir səlahiyyətə sahib olmayacaq. Abdullayev Azərbaycan futbolundakı uğursuzluqların məsuliyyət yükünü daşımaq üçün AFFA-da saxlanılır. Yəqin ki, o, özü də bunu anlayır. Amma müqavimət göstərmək gücündə deyil.