Samir Əliyev: ”Hökumət əksdollarlaşma prosesinə başlamasa manatın durumu ağır olacaq”
“Tam üzən məzənnə rejiminin atributu bazar iştirakçıları tərəfindən müəyyən olunur. Bu il yanvarın 12-dən valyuta hərracı yeni formatda keçirilir. Qiymətləri banklar müəyyən edir”, – Mərkəzi Bankın İdarə Heyəti sədrinin müavini Aftandil Babayev APA-ya belə deyib.
“Məzənnə tam liberal əsasda formalaşır”
O hesab edir ki, dolların alınması ən yüksək qiymətdən aşağı qiymətə doğru təmin olunur. Bu əsasda formalaşan orta çəkili məzənnə də avtomatik cəmiyyətə rəsmi məzənnə kimi təqdim olunur. Bununla da məzənnə tam liberal əsasda formalaşır.
Sədr müavini hərracların keçirilməsinin bazarın tarazlaşmasına xidmət etdiyini düşünür. Manatın orta çəkili məzənnəsi həm hərracda, həm də banklararası açıq bazarda aparılan əməliyyatların nəticəsi ilə müəyyənləşir. Həmin məzənnə rəsmi məzənnə kimi elan olunur:
“Əgər hərrac nəticəsində manatın orta çəkili məzənnəsi 1,8285 səviyyəsində müəyyən olubsa, günün ikinci yarısında rəsmi məzənnə 1,8311 səviyyəsində elan edilirsə, bu o demək deyil ki, məzənnə inzibati yolla təyin edilir. Manatın orta çəkili məzənnəsinə yalnız hərracdakı qiymət deyil, o cümlədən hərracdan kənar əməliyyatların nəticələri təsir edir”.
“Formalaşan məzənnəyə korreksiya olunmur”
Aftandil Babayev bu gün formalaşan məzənnəyə hər hansı korreksiya olunmadığını da deyib:
“Tam üzən məzənnəyə keçid böyük sıçrayış olmadan başladı. Tam liberal məzənnə rejiminə keçən Rusiya və Qazaxıstanda dəyişim müvafiq olaraq 3 faiz və 27 faizdən yuxarı həddə baş verdi. Azərbaycanda isə ilin əvvəlindən 3,4 faiz, yeni formatda hərraca keçid günü isə 0,7 faiz dəyişim olub”.
O bildirir ki, yeni şəraitə adaptasiya gözlədiyindən daha sakit və rəvan gedir:
“Bütövlükdə bazara və məzənnənin dinamikasına nikbin baxıram”.
“Belə şəraitdə investorlar iqtisadiyyata yatırım etməz”
İqtisadçı Rövşən Ağayev Aftandil Babayevin fikirlərinə “Facebook” səhifəsində şərh verib. O, bu siyasətin yanlış olduğunu bildirib:
“Heç bir investror, bank indiki qeyri-sabit, qeyri-müəyyən məzənnə rejimində yığımlarını investisiya kimi iqtisadiyyata yönəltməyəcək. Nəticədə iqtisadi fəallıq kəskin azalacaq, böhran daha da sərtləşəcək”.
“Hökumət ucuz manatla büdcə öhdəliklərini qarşılamağa çalışır”
Rövşən Ağayevin sözlərinə görə, sərbəst üzən məzənnə rejiminə keçid o şəraitdə iqtisadiyyatda katakilizmlər yaratmır ki, tədiyyə balansının ümumi saldosu tarazlıq nöqtəsinə yaxın olur. Və ya hökumət qısa müddətdə əmtəə və xidmət ixracının, ölkəyə kapital gəlişinin artımı hesabına yeni məzənnə rejiminə uyğun sosial siyasət mexanizmləri formalaşdırmayıb:
“Qiymətlərin qısa müddətdə kəskin dəyişilməsinə reaksiya verən gəlir indeksiyası mexanizmi də yoxdur. Açığı, indi valyuta bazarında baş verənlər sərbəst üzən məzənnə rejiminə keçiddən daha çox, hökumətin ucuz manatla öz büdcə öhdəliklərini qarşılamaq təşəbbüsünə oxşayır”.
“Manatın tam üzən məzənnəyə keçidi mümkün deyil”
İqtisadçı Samir Əliyev deyir ki, manatın tam üzən məzənnəyə keçməsi və bu keçidin sakit baş verməsi müsbət haldır. Təbii əgər məzənnə doğrudan da tələb-təklif əsasında formalaşsaydı və təklif dövlətin valyuta ehtiyatları hesabına təmin edilməsəydi:
“Azərbaycanda manatın tam üzən məzənnəyə keçidi mümkün deyil. İkincisi, arzuolunan deyil, üçüncüsü, dayanıqlı deyil. Tam üzən məzənnəyə keçid manatın real bazar dəyəri alması deməkdir. Bu da yalnız kəskin devalvasiya vasitəsilə mümkündür. Hökumət bu problemi Neft Fondundan Mərkəzi Banka ayırdığı 7,5 milyard manat hesabına həll etməyə çalışır. Neft kəskin ucuzlaşmasa, ölkədə iqtisadi-siyasi gərginlik olmasa, manat 2017-ci ili ciddi fəsadlar olmadan başa vura biləcək. Ona görə arzuolunan deyil ki, iqtisadiyyatımız diversifikasiya olunmayıb və ölkəyə valyuta bir kanalla daxil olur. Həmin kanalın dolları buraxılışı gücünə əsasən manatın məzənnəsi dəyişir”.
Gələn il Neft Fondu makroiqtisadi sabitlik üçün Mərkəzi Banka pul ayırmasa nə baş verəcək?
İqtisadçı bildirir ki, bu da məzənnədə kəskin rəqslərə səbəb ola bilər. Ona görə dayanıqlı deyil ki, Neft Fondunun vəsaiti bitəndən sonra manatı hansı vəsait hesabına saxlanılması sual doğurur:
“Manatın tam üzən məzənnəyə keçdiyini iddia və vacib hesab edənlərə sual vermək istəyirəm: 2018-ci ildə Neft Fondu Mərkəzi Banka makroiqtisadi sabitlik üçün pul ayırmasa nə baş verəcək? Bu gün tam üzdüyü iddia edilən manat gələn il sabit qala biləcəkmi? Və yaxud Neft Fondu daha neçə il öz aktivlərini makroiqtisadi sabitliyinə qurban verəcək? Yenə neftin bahalaşmasına ümid etməliyikmi? Möcüzə baş versə və neft bahalaşsa, bu halda manat üzəcəkmi? Suallar çoxdur, cavablar isə tam yoxdur”.
“Afdandil Babayevin Qazaxıstan, Rusiya müqayisəsi uğursuzdur”
Samir Əliyev deyir ki, Afdandil Babayevin manatın üzən məzənnəyə keçidi ilə bağlı Rusiya Qazaxıstan müqayisəsi uğurlu deyil. Rusiya 2014-cü ilin noyabrında, Qazaxıstan 2015-ci ilin avqustunda üzən məzənnəyə keçib. Hər iki ölkədə keçid milli valyutanın kəskin ucuzlaşması ilə müşahidə edilib. Bu fikir doğrudur. Doğru olmayan zaman və mühitdir:
“Çünki Azərbaycan Rusiya və Qazaxıstan kimi 2014-2015-ci ildə tam üzən məzənnəyə keçsəydi, ucuzlaşma Avtandil müəllimin dediyi kimi, bir gündə 0,7 faiz yox, bundan bəlkə də 500 dəfə çox olardı. Unutmayaq ki, 2015-ci ildə manat dəyərini 2 dəfə, 2016-cı ildə isə 13-14 faiz itirib. Rusiya üzən məzənnəyə keçdikdən sonra valyuta ehtiyatlarını rublu qorumaq üçün xərcləmir. Qazaxıstan isə əhəmiyyətli dərəcədə azaldıb. Azərbaycan isə 2 ildə Mərkəzi Bankın 11 milyard dolları xərclədikdən sonra Neft Fondunun vəsaitlərini işə salıb. Adı da olur manatın məzənnəsini bazar tənzimləyir. Neft Fondunun vəsaitlərinə ümid olub marjanı ləğv etmək də səhv addımdır”.
“Hökumət əksdollarlaşma prosesinə başlamasa…”
Samir Əliyev bildirir ki, dövlət büdcəsini Neft Fondunun vəsaitlərindən xilas etmək istəyirdi, sonda ölkəni bu vəsaitlərdən asılı vəziyyətə saldı:
“Acı da olsa deməliyik, hökumət əksdollarlaşma prosesinə başlamasa manatı çətin günlər gözləyəcək”.