ADR-dən bir qrup gəncin istefa bəyanatı yayıldı

Qubad İbadoğlu: “Onların açıqlamalarının heç bir əsası yoxdur, çünki ADR hərəkatının fəaliyyət proqramı və strateji inkişaf planı hələ hazır deyil”

Source:


Qubad İbadoğlu: “Onların açıqlamalarının heç bir əsası yoxdur, çünki ADR hərəkatının fəaliyyət proqramı və strateji inkişaf planı hələ hazır deyil”

Müsavat Partiyası başqanlığına sabiq namizəd, partiyadan kənarlaşdırılan Qubad İbadoğlunun təşəbbüsü ilə yaradılan Azərbaycan Demokratiya və Rifah Hərəkatının Gənclər üzrə Təşəbbüs Qrupunun sədri və üzvləri birgə bəyanatla çıxış edib.


APA

-ya daxil olan bəyanatda bildirilir ki, ADR-in tutduğu mövqe milli deyil, qərbyönümlü olduğundan Hərəkatdan ayrılmaq haqqında qərar veriblər: “Biz ADR Hərəkatına qoşulan millətinə bağlı gənclər olaraq Azərbaycan Demokratiya və Rifah Hərəkatının yaradılmasında təməl prinsiplərdən birinin də xalqımızın milli-mənəvi dəyərlərini təbliğ etmək, həmin dəyərləri xarici və yad elementlərin basqısından qorumaq və sahib çıxmaq kimi Milli-İdeoloji hədəflər olacağına əmin idik. Lakin gedən proseslər Hərəkatın milli-ideoloji baxımdan bizim milli-ictimai baxışlarımız ilə üst-üstə düşmədiyini göstərdi. Biz həm də öz gizli maraqlarını güdən, bu maraqları naminə bütün çirkin oyunlara gedən məlum dünya gücləri ilə yaxınlaşmayan, ancaq millətimizin milli-mənəvi iradəsinə söykənən bir təşkilatda təmsil olunmaq üçün ADR-i seçdik, amma bunun əksinə olaraq ADR Hərəkatının açıq qərbmeylli mövqeyi bizi bir daha düşünməyə vadar etdi. Bu səbəbdən biz elan olunmaq mərhələsini yaşayan ADR hərəkatının iştirak, təşkilatlanma və quruculuq prosesindən rəsmən ayrıldığımızı bəyan edirik”.

Bəyanatı ADR Hərəkatının Gənclər üzrə Təşəbbüs Qrupunun sədri Xəyyam Məmməd, ADR Hərəkatının Gənclər üzrə Təşəbbüs Qrupunun üzvü Ceyhun Bəhramov, ADR Hərəkatının Gənclər üzrə Təşəbbüs Qrupunun üzvü Vüsal İsayev, ADR Hərəkatının Gənclər üzrə Təşəbbüs Qrupunun üzvü Asiman Əlili, ADR Hərəkatının Gənclər Üzrə Təşəbbüs Qrupunun üzvü Əfqan Əhmədov imzalayıblar.

İstefa bəyanatını Meydan TV-yə şərh edən Qubad İbadoğlu bildirib ki, onların açıqlamalarının heç bir əsası yoxdur. Çünki ADR hərəkatının fəaliyyət proqramı və strateji inkişaf planı hələ hazır deyil. Ona görə də onlar yalnız məqsədli və qərəzli şəkildə bizim fəaliyyətimizi təhrif ediblər. Fevralın 21-də bu barədə açıqlamalar və müzakirələr olacaq.

“Biz  Azərbaycanın milli və dövlətçilik maraqlarını təşkilatın maraqlarından və təşkilatın maraqlarını isə öz şəxsi mənafelərimizdən üstün tuturuq. Odur ki, bizə qarşı səslənən fikirlər əsassızdır. ADR-də hazırda onlarla gənc fəaliyyət göstərir və adı bəyanatda olanların bir çoxu da artıq təkzib veriblər”,-deyə İbadoğlu söyləyib.

Ana səhifəXəbərlərADR-dən bir qrup gəncin istefa bəyanatı yayıldı