Elmin Bədəlov

Mənbə: Foto: Meydan tv

Başlıq: Elmin Bədəlov

ADO teatrının rəhbəri məhkəməyə başında qəfəs gəldi

Elmin Bədəlov bununla teatr azadlığının boğulmasına diqqət çəkmək istəyib

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində ADO teatrının Mədəniyyət Nazirliyinə qarşı irəli sürdüyü iddiasına baxılıb.

Teatrın qurucusu, baş rejissor və aktyoru Elmin Bədəlov məhkəməyə başında qəfəslə gəlib. O, bununla incəsənətə, xüsusilə də teatr azadlığının boğulmasına diqqət çəkmək istədiyini bildirib:

“Bura bizim tamaşaların birindən olan rekvizitlə gəlmişəm. Belə formada gəlməyim əbəs deyil, incəsənətə, xüsusən də teatrlara azadlıq verilmir. Başıma qəfəs keçirməklə, incəsənətə, xüsusən də teatra azadlığın verilməməsinə diqqət çəkmək istəyirəm”.

Proses başlamazdan öncə məhkəməyə sədrlik edən hakim Şəhla Süleymanova jurnalistlərin fəaliyyətini məhdudlaşdırıb. Onlara hər hansı video və foto çəkilişlər aparmağa icazə verməyib.

Sonra Elmin Bədəlovun şikayəti dinlənilib. Hakim Mədəniyyət Nazirliyinin mövqeyini müəyyən etmək üçün məhkəmə baxışını qeyri-müəyyən vaxta təxirə salıb.

Elmin Bədəlovun məhkəmənin son qərarının necə olacağına dair hər hansı bir proqnozu yoxdur. Bununla belə, o deyir ki, məhkəmə qərarı onları qane etməsə, Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcək:

“Biz yalnız ona ümid edirik ki, proses şəffaf keçiriləcək. Bu, sadəcə ümiddir, çünki Azərbaycan reallığını, vəziyyəti nəzərə alıb, nəsə demək çətindir. Mən 2010-cu ildən ictimai fəal olaraq Mədəniyyət və İncəsənət Universitetinə və digər qurumlara qarşı məhkəmələrə müraciət etmişəm. Çox təəssüf ki, heç birində obyektiv qərarlar verilməyib. Təbii, bu, o demək deyil ki, məhkəmə Mədəniyyət Nazirliyinə qarşı qaldırdığımız iddiaya qeyri-obyektiv yanaşacaq. Sadəcə, gözləmək lazımdır. Əgər qərar bizi qane etməsə, digər instansiyalara, eyni zamanda Avropa Məhkəməsinə müraciət edəcəyik. Avropa Məhkəməsinə müraciət etməyimizin səbəbini açıqlayım. Rusiyada bir qrup incəsənət nümayəndələrinə də eyni formada küçədə performans göstərməyə icazə verilmirdi. Avropa Məhkəməsinə edilən şikayətdən sonra Rusiyaya qarşı cərimə tətbirq edilib. Mədəniyyət Naziriyinə bizim şikayət iddiamızla bağlı qərardad göndəriləcək. Onlar tanış olub, münasibət bildirəcəklər, sonra vaxt təyin olulacaq”.

İlk müstəqil teatr olan ADO (Azərbaycan Dağınıq Oda teatrı) 2 ildən çoxdur ki, küçə performansları nümayiş etdirmək üçün Mədəniyyət Nazirliyinə və Bakı Şəhər İcra Hakimiyyətinə dəfələrlə rəsmi müraciətlər etsə də müsbət cavab almayıb.

Teatr bununla bağlı Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/xbbugd

Ən çox baxılan