Adil Qeybulla: Mərkəzi Klinika o xidməti pulsuz edə bilərdi


Mərkəzi Klinika Nərmin Hüseynlinin hava limanına aparılması zamanı istənilən 780 manatın digər özəl klinikalarla müqayisədə az olduğunu bildirib.

Tibbi ekspert Adil Qeybulla Meydan Tv-yə bununla bağlı verdiyi müsahibəsində deyib ki, Mərkəzi Klinika həmin xidməti pulsuz da göstərə bilərdi. Onun sözlərinə görə, bu məbləğin alınmasında hansısa həkimin rolu olub: “Burda hansısa həkim təqibi olub. Çünki təcili tibbi yardım maşınını adətən həkim müşaiət edir. Yəni müəyyən dərman təhcizatı, süni tənəffüs aparatının orda istifadəsini nəzər alsaq bu məbləği ödəməyəcək. Səbəb də onlardan bəzilərinin bəlkə də istifadə edilməməsidir”.

Mərkəzi Klinikadan 780 manatlıq xidmət haqqının necə müəyyən edilməsinə cavab almaq istəyimiz nəticəsiz qaldı. “105” xidmətinə edilən zəng zamanı ordan özünü təqdim etmək istəməyən xanım bildirdi ki, məsələ ilə bağlı klinikanın rəsmi mövqeyi açıqlandığından artıq heç nə deyə bilməyəcəklər.

Klinikanın məlumatında isə bildirilib ki, Nərmin Hüseynlinin ailəsi tərəfindən ilk dəfə Mərkəzi Klinikaya xəstənin təyyarə göyərtəsinə qədər təxliyyə olunması üçün müraciət olunub. Bu prosesin həyata keçirilməsi üçün öncə xəstənin tibbi baxımından dəyərləndirilməsi mütləqdir. Bu səbəbdən xəstənin yaşadığı Sumqayıt şəhərinə ambulans çağırılaraq, MK Təcili Yardım briqadası tərəfindən xəstənin vəziyyəti qiymətləndirilib və təxliyyəyə hazır olduğu bildirilib. Lakin təyyarənin uçuş saatı məlum olmadığına görə, xəstə yaxınlarının istəyi əsasında digər özəl klinikaya aparılıb. Ertəsi gün Nərmin Hüseynlinin yaxınları MK-ya təkrar müraciət edərək təxliyyənin aparılması üçün lazımı tədbirlərin görülməsini xahiş ediblər.

Nərmin Hüseynlinin yaxınları tərəfindən ödənilən 780 AZN məbləğin 155 manatı xəstənin yerləşdiyi özəl tibb müəssisəsi tərəfindən edilən “Təcili Tibbi Yardım” xidməti çağırışı üçündür: “Qalan 625 manat xəstənin həmin özəl tibb müəssisəsindən Hava Limanına təxliyəsi üçün hesablanıb. Xəstənin təyyarə göyərtəsinə qədər Təcili Tibbi Yardım heyəti müşayiəti ilə çatdırması üçün Mərkəzi Klinika tərəfindən hava limanının nəzarət strukturlarına keçid vəsiqələrinin təsdiq olunmuş tarifə əsasən maliyyə vəsaiti ödənilir. Bu da həmin “təxliyə xidməti” qiymətinin tərkibinə daxildir. Əslində, xidmətin qiyməti digər özəl müəssisələrin təqdim etdiyimiz qiymətdən daha da yüksəkdir”.

 Mərkəzi Klinika qeyd edib ki, bu müəssisə dövlət büdcəsindən maliyyələşmir, tam təsərrüfat hesablıdır, göstərilən tibbi xidmətlər ancaq xəstəxana kassasına ödənilən vəsaitlər hesabına həyata keçirilir: “Tibbi xidmətin hesablanan və qiymət cədvəlinə əsasən təqdim olunan dəyəri görülən işin qarşılığı olan məbləğdir, çünki xəstəyə göstərilən tibbi xidmət zamanı tibbi personalın əməyindən, dərman və tibbi sərflərdən, tibbi texnologiyalardan, eləcə də, podratçı şirkətlərin xidmətindən istifadə olunur. Həmçinin, Mərkəzi Klinika MMC vergi ödəyicisidir və ödənilən hər bir xidmətin qarşılığı olan məbləğdən dövlət büdcəsinə ƏDV, mənfəət vergisi və sosial sığorta ayırmaları ödəyir. Xidmət qiymətləri formalaşarkən bu amillərin böyük təsiri olur”.

 Lakin ekspert Adil Qeybulla bildirdi ki, ölkə reallıqlarını nəzərə alsaq 780 manat təxliyyə üçün böyük məbləğdir. Onun sözlərinə görə, bu digər özəl xəstəxanalarda daha aşağıdır. Başqa özəl klinikaların bir çoxunda bu xidmət yoxdur. “Oksigen” klinikasında isə bu rəqəm 50-100 manat arasında dəyişir.

Ana səhifəVideoAdil Qeybulla: Mərkəzi Klinika o xidməti pulsuz edə bilərdi