Adil Əliyevin Kölndə təşkil etdiyi toplantıya tənqidçi mühacirlər buraxılmayıb

Sorqırım günü İlham Əliyevin təbliğatı aparılır”

Martın 31-də deputat Adil Əliyevin təşkilatçılığı ilə Almaniyanın Köln şəhərində 31 Mart qırğınının 100 illiyi qeyd edilməli idi. Bu barədə hələ bir neçə gün öncədən Adil Əliyev məlumat vermişdi.

Onun sözlərinə görə, Almaniyada fəaliyyət göstərən Azərbaycan Türk Kültür və Dayanışma Dərnəyinin dəstəyi ilə keçiriləcək tədbir “Yaşasın Cumhuriyyətimiz, yaşasın Azərbaycan-Türkiyə ittifaqı, İlhamla irəli” şüarları altındakı keçirilməli idi.

Tədbirə Almaniyada yaşayan bütün azərbaycanlıların dəvətli olduğu bildirilsə də, Azərbaycan hakimiyyətini tənqid edən şəxslər toplantının keçirildiyi “Senator” otelinə buraxılmayıblar.

Otelin qarşısından canlı yayım edən siyasi mühacirlərin sözlərinə görə, Adil Əliyev Almaniyaya özü ilə birlikdə bir qrup idmançı aparıb və onlar da təxribat törətməyə cəhd edirlər.

“80 min avro verib Köln şəhərinin mərkəzində otel kirayələyiblər. Deyirdilər ki, tədbir hər kəs üçün açıqdır. Ancaq bizi həmin tədbirə buraxmırlar. 31 Mart Günü adı altında İlham Əliyevin təbliğatı ilə məşğuldular” – tənqidçi mühacirlər deyir.

“120 manat qazanan analarımız küçə süpürərkən maşının altında qalırsa, bu xərclər nəyə gərəkdir? Nəyə görə bu qədər xərc çəkib bu tədbirləri keçirirlər? İlham Əliyev onlara büdcəni dağıtmaq üçün imkan verir. Biz isə buna etiraz edirik” – bloger Orduxan Teymurxan deyib.

Avropada mühacir həyatı yaşayan Tural Sadıqlı isə deyib ki, onlar tədbirə “Erməni türkün düşmənidir” şüarı ilə gəlsələr də, içəri buraxılmayıblar:

“Biz tədbirə bu şüarla gəlmişik. Ancaq İlham Əliyevin vəkilləri “İlhamla irəli” deyib onun təbliğatını aparırlar. Soyqırım günü İlham Əliyevin təbliğatı aparılır”.

“Əgər soyqırımın ildönümü üçün toplaşırlarsa, o zaman niyə Ermənistan səfirliyinin önünə yığışmırlar? Oteldə toplaşıb İlham Əliyevin təbliğatını aparmaqla məşğuldular” – başqa bir mühacir söyləyir.

Mühacirlərin sözlərinə görə, Azərbaycandan gələn idmançılar təxribat törətmək istəsə də, alman polisi qarşısını alıb, onların tənqidçilərə xəsarət yetirməsinə mane olub.

Toplantıya buraxılmayan mühacirlər otelin qarşısında “İlham Əliyev diktatordu”, “Ermənilərlə işbirliyinə son!” şüarlarını səsləndiriblər.

Meydan TV məsələ ilə bağlı tədbirin təşkilatçılarından münasibət öyrənə bilməyib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/jrt4h8

Ən çox baxılan