Güloğlan Cabbarov: “Bu, millət vəkilini istəməyən qüvvələrin ortaya atdığı şayiədir”
Ölkənin idman mətbuatı “Sərhədçi” İdman Kompleskində keçirilən MMA üzrə klublararası ölkə çempionatında dava düşdüyü barədə məlumat yayıb. Qarşıdurma TT klubunun üzvü Cəfər İsmiyevlə (70 kq) “Ruslan”ın idmançısı Aqşin Salmanov arasında yaşanıb.
İlk raundda İsmiyevin uğursuz zərbəsindən sonra Salmanov onu başı üzərinə qaldıraraq, rinqdən kənara tullayıb. Bundan sonra hər iki idmançının komanda yoldaşları olaya müdaxilə ediblər. Azarkeşlərin də hadisəyə müdaxiləsindən sonra davanın miqyası genişlənib. Nəticədə döyüş dayandırılıb.
Bəzi məlumatlara görə, hadisə zamanı bıçaqlananlar da olub. “Futbol+” qəzetinin yaydığı məlumata görə, hətta Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev də zalda olub və qarşıqlıq zamanı o da döyülüb.
Meydan.tv məsələ ilə bağlı millət vəkilinin mövqeyini öyrənmək istəsə də, onunla əlaqə yaratmaq mümkün olmayıb. Ancaq Kikboksinq Federasiyasının vitse-prezidenti Güloğlan Cabbarov deyib ki, bu məlumat Adil Əliyevi istəməyən qüvvələrin ortaya atdığı şayiədir:
“Adil Əliyev açılış mərasimində iştirak edib. Açılışı etdikdən sonra öz yerlərində oturublar. Daha sonra rinqdə döyüşlər başlayıb. Döyüşlərin birində, döyüşçülərdən biri digərini rinqdən atdıqdan sonra dava başlayıb. Bu davaya onların dostları, qohumları da qarışıb. Bundan sonra bütün zal qarışıb bir-birinə.
Bu, Adil Əliyevi istəməyən qüvvələrin ortaya atdığı şayiədi. Onlar bu cür şayiələrlə Adil Əliyevi gündəmə gətirməyə çalışırlar. Hadisə baş verən vaxt mən başqa yerdəydim və dərhal zəng etdim. Orada Adil Əliyevə qarşı heç bir kobud hərəkət olmayıb. Sadəcə, orda dava olub. Adil Əliyev isə orda qonaq kimi iştirak edib”.