(ikinci hissə)
Əvvəl susqun qalan, təklifə müsbət yanaşdığını sonrakı günlərdə bildirən Bebbic cavab məktublarının birində (9 sentyabr 1843) Adanı “rəqəm sehrbazı” və “mənim əziz və füsunkar interpretatorum” adlandırır. “Siz cəsarətli insansınız, öz sehrli pərinizin Sizə rəhbərlik etməsinə icazə verdiniz!” – Ada ona cavabında belə yazır. Bebbicdən gələn növbəti məktubda imza yerində “Sizin sadiq nökəriniz” sözləri olur.
«Mən Bebbiçin hesablama maşınının baş rahibəsi olacam» – bu sözlərsə Adanın anasına yazdığı məktubdandır: axı, o, təkcə riyaziyyatı yox, həm də metafizikanı sevir və hər ikisini “ətrafımızdakı görünməz dünyanı” öyrənmək üçün vasitə hesab edirdi.
****
Ancaq işlər heç də Adanın istədiyi kimi getmir. Əvvəlcə o, tərcümə və qeydlərlə məşğul olduğu dövrdə başsız qalmış təsərrüfat məsələlərini yoluna qoymağa başlayır. Sonra səhhətində yenidən ciddi problemlər yaranır və gənc qadın vaxtının çoxunu müalicəyə, o cümlədən, el təbabətiylə müalicəyə sərf edir (Anası hətta mesmerizm (hipnozla müalicə) də təklif etmişdi).
Amma Ada elmdən tam uzaqlaşmır; müxtəlif alimlərlə, o cümlədən, onu “elmin doğan günəşi” adlandıran Maykl Faradeylə əlaqə saxlayır. Bir çox kəşfin (həmçinin, kaleydoskopun da) ixtiraçısı Devid Brüster analitik maşın haqqında yazmaq qərarına gələndə (1844) Ada ondan özü üçün mövzu istəyib deyir ki: “Fiziologiyaya və hər hansı başqa sahəyə aid mövzuları işləyə biləyəcəyimi düşünürəm”.
Bu iddianın əsassız olmadığını, o, elə həmin il nümayiş etdirir, vəkili (həm də Mariya Somervillin oğlu) olan dostuna bunları yazır: “Düşünmürəm ki, beynin strukturları riyaziyyatçılara planet və ulduzların hərəkət və xüsusiyyətlərindən daha uzaq mövzudur. Beyni araşdırmaq üçün doğru bucaq seçilsə, ciddi işlər görmək mümkündür. Mən gələcək nəsillərə əsəb sisteminin hesablana biləcək modelini hazırlamaq istərdim”. O dövr üçün bu, çox geniş baxış bucağıydı, riyaziyyatçı professor Corc Bul bu tip mövzuları Adadan hələn on il sonra gündəmə gətirəcəkdi.
Ancaq “elmin peyğəmbəri” olmaq istəyən missis Lavleysin cinsi mənsubiyyəti ona fəaliyyətində ciddi məhdudiyyətlər yaradırdı. Məsələn, o dövrün İngiltərəsində qadınlar Kraliyyət Cəmiyyətinin kitabxanasına buraxılmırdılar (Halbuki Uilyam Lavleysi müəyyən mənada həm də arvadına görə bu cəmiyyətə üzv qəbul etmişdilər).
Hərçənd Adanın daha böyük problemi vardı – xəstəliyi. Səhhəti durmadan pisləşir və onu getdikcə daha çox yatağa bağlayırdı. Buna baxmayaraq, özü optimizmini qoruyub saxlayır, “Cəmi bir və ya iki il səbr edib sağlamlığımla məşğul olmalıyam” deyirdi (1846).
Bundan başqa, Uilyamın da həll edilməli işləri vardı – o, çoxsaylı və bahalı tikinti layihələri üzərində işləyirdi. Buna görə də bəzən Lavleyslər maliyyə yardımı üçün qəliz xasiyyətli ledi Bayrona müraciət etməli olurdular. Onların övladları isə artıq yeniyetməlik çağına qədəm qoyurdular və Ada vaxtının və enerjisini xeyli hissəsini həm də onlara sərf edirdi.
****
1850-ci ildə ailə Londona köçür, Ada paytaxtın elmi həyatında daha yaxından iştirak etmək fürsəti qazanır. Həmin il o, atasının şimali İngiltərədə yaşayan ailəsinə baş çəkir və buna görə anasının qəzəbinə tuş gəlir. Sonra at yarışlarına maraq göstərib orda müəyyən miqdar pul uduzur. Bəzi mənbələrdə onun və Bebbicin uduş üçün riyazi sxem hazırladıqları qeyd edilir, ancaq bununla bağlı hər hansı dəlil yoxdur.
Bir il sonra Adanın vəziyyəti kəskinləşir. Həkimlər əvvəlcə ona tez-tez dəniz kənarında olmağı məsləhət görürlər, bir müddət sonra isə xərçəng diaqnozu qoyurlar.
“Mən ölümü anlamağa başlayıram; o, hər dəqiqə hiss olunmadan və yavaş-yavaş irəliləyir. Və o, heç vaxt konkret bir anın hadisəsi olmayacaq” – vəfat etdiyi il (1852) Ada belə yazacaqdı.
Həmin il o özünün və Bebbicin dostu Çarlz Dikkensi evlərinə dəvət edib ondan ölüm haqqında hekayələrindən birini oxumağı xahiş edir.
Xərçəng irəlilədikcə missis Lavleysin vəziyyəti pisləşir. Anası onların evində qalmağa və bütün dostlarını Adadan uzaqlaşdırmağa başlayır.
Sentyabrın 1-də Ada Uilyamı yanına çağırıb onunla nə barədəsə danışır, bundan sonra lord Lavleysin kənara çəkilməsi bu söhbətin heç də onun ürəyincə olmadığını göstərir.
Yayda Adanın səhhəti lap ağırlaşır və üç ay davam edən bu vəziyyətdən sonra – noyabrın 27-də o vəfat edir. “Həkimlər deyirdilər ki, Adanın böyük yaşam gücü olan və ölmək istəməyən beyni olmasaydı, bu qədər çox müqavimət göstərə bilməzdi” – Florens Naytingel (məşhur şəfqət bacısı və ictimai xadim, xəstəliyi dövründə Adaya qulluq etmiş dostu) sonralar belə yazacaqdı.
Ada öz iradəsinin icraçısı roluna Bebbici seçmişdi, amma dəfnində nə o, nə də anası iştirak edəcəkdi. Atası kimi 36 yaşında həyatdan gedən qızının onun yanında dəfn edilmək arzusu ledi Bayronu qəzəbləndirmişdi. Buna baxmayaraq o, sonradan Adanın qəbrində memorial düzəltdirəcək, üstünə onun yazdığı “Göyqurşağı” sonetini həkk etdirəcəkdi.
Vəfatından sonra Adayla bağlı çoxlu şayiələr dolaşmağa başlayır. Onun bir neçə eşq macərası yaşadığı və at yarışlarına görə xeyli borcu olduğu (indiki məzənnəylə 7 milyon avroya yaxın) deyilir, ancaq bunlarla bağlı ciddi dəlil-sübut nə onda, nə də sonralar ortaya çıxır.
Ölümündən bir neçə ay əvvəl missis Lavleys dostlarından xahiş etmişdi ki, onlara yazdığı məktubları anasına versinlər. Bebbic imtina edir, digərləri razılaşırlar. Hamısı birlikdə minlərlər səhifə təşkil edən; məişət qayğıları, sağlamlıq məsələləri, şirniyyat reseptləri, musiqi parçaları üçün mətnlər və analitik mühərrik haqqında ciddi intellektual müzakirələrdən ibarət olan o məktublar hazırda dünyanın müxtəlif yerlərinə səpələnmiş vəziyyətdədir.
****
Bebbic də öləndən sonra analitik maşın ideyası tamam unudulur. Ancaq zamanla mexaniki kompüterlər inkişaf etdirilir; ardınca elektromexaniki, sonra da elektron kompüterlər icad edilir. 1940-cı illərdə isə proqramlaşdırma məsələsi gündəmə gəlir və bu, Bebbic və Adanın yenidən xatırlanmasına gətirib çıxarır.
1980-ci illərdə ABŞ-ın Müdafiə Nazirliyi tərtib etdiyi proqramlaşdırma dilinə Ada Lavleysin adını verəndən sonrasa bu iki şəxsin həyat və fəaliyyətinə ictimai maraq yaranır; bəzilərində ciddi səhvlərə yol verilmiş bioqrafiyaları yazılır. Bebbicin mexaniki kompüterini işə salmaq ideyası ortaya çıxır, çertyojlara cəmi bir düzəliş etməklə, 1991-ci ildə o qurulur və işə düşür. Analitik maşınınsa nə özü, nə də bənzəri yaradılır.
Bu maşın Bebbicin xəyalıydı, amma ona “ümumi, geniş və metafizik baxış” qazandırmaq istəyən və bunu bacaran Ada olmuşdu. Bebbicin Elm Muzeyində saxlanan məqalələrində maşının yüksək səviyyəli əməliyyatlarla bağlı bəzi eskizlər var. Ancaq həmin qeydlərdə Bernulli ədədlərinin hesablanmasıyla bağlı Adanın həm mürəkkəb, həm də aydın hesablamalarıyla müqayisə edilə biləcək heç bir şey yoxdur. O, Bebbicin mexaniki kompüterinin daha anlaşılan olması üçün maşının icra edəcəyi əməliyyatları detallı şəkildə təsvir etməklə universal hesablama anlayışının əsasını qoymuşdu.
Bebbic bundan 26 il sonra qələmə aldığı bioqrafiyasında belə yazırdı:
“Biz dərc edilməsi mümkün olan illüstrasiyaları birlikdə müzakirə edirdik. Mən bir neçəsini təklif edirdim, hansını seçməklə bağlı qərarı isə Ada özü verirdi. Müxtəlif cəbr problemləri üzərində də işləyirdik, ancaq ledi Lavleysi çox yükləməmək üçün Bertulli ədədlərinə aid olanlarla mən təkbaşına məşğul olmağı təklif etmişdim. Onları gözdən keçirəndə Ada kobud bir səhvə yol verdiyimi aşkar etmişdi”.
Bebbicin qeydlərdən də göründüyü kimi, missis Lavleys analitik maşın ideyasını necə reallaşdırmaqla bağlı onun məsləhətlərindən istifadə edib, ancaq bu detalları maşının dəqiq formalaşdırılan iş prinsipinə çevirmək onun beyninin məhsuludur; yəni təkcə ideyanın yox, həm də maşının çalışma müxanizminin də müəllifliyi Adaya məxsusdur. Bebbic öz icadıyla hansı nöqtəyə gəlib çatdığını anlamamışdı, o isə analitik maşının perspektivlərini görmüş və böyük uğurla təsvir etmişdi.
Təsadüfi deyil ki, heç vaxt bu işlə məşğul olmayan Bebbic öz bioqrafiyasında tez-tez onun qeydlərinə istinad edir. Başqa sözlə desək, “Ada Lavleys bizim texnologiyalarımızın və hətta sivilizasiyamızın inkişaf yolunu görmüş ilk adamıydı” (Stiven Volfram, britaniyalı fizik və riyaziyyatçı, kompüterlər üçün “Mathematica” cəbr sisteminin yaradıcısı).
**** Doğrudur, tarix şərtli yanaşmaları – “bəlkə”ləri sevmir, ancaq Ada Lavleysin həm parlaq, həm də kədərli həyat hekayəsilə tanış olanda bu tip suallar öz-özünə yaranır: belə istedadlı qadın həyatdan belə erkən getməsəydi və analitik mühərrik layihəsini uğurla başa çatdırsaydı, sonra nələr kəşf edə bilərdi?
Məsələn, elektromexaniki kompüter ideyası da ağlına gələrdimi? Analitik maşını hazırlayandan sonra uzaqdan hesablama qaydasını da kəşf edib onun elm, texnika, maliyyə və s. sahələrə tətbiqinə də nail ola bilərdimi?
Yüksək cəmiyyətin nümayəndəsi, həm də varlı nümayəndəsi olmasına rəğmən dəblə geyinməyə çox da önəm verməyən; ambisiyalı və intellektual kimliyilə, aydın və güclü ideyalarıyla o dövrün qadınlarını xeyli geridə qoyan, dünyanı qavramaq baxımından Bebbicdən daha yetkin olan Ada onun kimi 80 il ömür sürsəydi, elektromexaniki cihazlar dövründə – 1890-cı illərdə yaşaya bilərdi və heç şübhəsiz, analitik maşının imkanlarını genişləndirər, onun hətta alqoritmik musiqi bəsləməsinə də nail olardı.
Ada Lavleys elm və metafizikanı birləşdirmək istəyirdi (Özü buna “poetik elm” deyirdi) və müəyyən mənada məhz bu işlə məşğuluydu – Bebbicin mühəndislik layihəsinə abstrakt, “metafizik” konsepsiya hazırlamaqla. Çox-çox sonralar bu konsepsiya universal hesablamalarla bağlı ilkin təsəvvürlərimizin formalaşmasına kömək edəcəkdi…