2011-2017-cı illərdə Abşeron rayonundakı yaşayış evlərinin əsaslı təmiri məqsədilə dövlət büdcəsindən Abşeron rayon İcra Hakimiyyəti xəttilə 12,7 milyon manat vəsait xərclənib. Dövlət büdcəsindən ayrılan puldan yararlanan şirkətlərdən biri olan “ƏLAİ İnşaat” MMC 2017-ci ilin əvvəlində yaşayış evlərinin əsaslı təmirinə dair Abşeron Rayon İH ilə 1 milyon 499.5 min manat dəyərində müqavilə bağlayıb. Şirkət 2014-cü ilin yanvarında yaranıb və ilk direktoru Nazim Rəsul oğlu Abıyev olub. Təsisçisinin adı bəlli olmayan, hüquqi qeydiyyat ünvanı N. Abıyevin Sumqayıtda 6-cı mikorayondakı mənzili olan “ƏLAİ İnşaat” MMC-yə hazırda onun 24 yaşlı oğlu – Mirzə Abıyev rəhbərlik edir. Məsələ burasındadır ki, Nazim Abıyevin direktoru olduğu başqa bir şirkət – 2005-ci ildə yaradılan “RRV-İnşaat” MMC elə həmin Abşeron rayon İcra Hakimiyyəti ilə tender əsasında bir neçə müqavilə bağlayıb və onların, ən azı, 3-nü özünün icra etmədiyini etiraf edib.
Etiraf: “Pulu biz almışıq, işi isə başqası görüb”
“RRV-İnşaat” şirkətinin çoxillik təcrübəsi göstərir ki, kilometrlərlə avtomobil yolunu təmir etmək üçün cəmi dörd işçi də kifayətdir. Yox, o, yol inşaatında heç bir innovativ sıçrayışa imza atmayıb, təmir-tikinti işləri elə köhnə ənənəyə uyğun aparılır. Məsələ burasındadır ki, bu şirkətin işi tenderlərdə Abşeron rayon İcra Hakimiyyətindən milyonlarla manat vəsaiti alıb, başqalarına ötürmək olub. Dövlət vəsaitlərinə sərəncam verən qurumlar isə bir dəfə də olsun maraqlanmayıb ki, onun möhürdən başqa daha nəyi var. Dövlətin puluna bu cür “biganə” yanaşmanın nəticəsidir ki, “RRV-İnşaat” MMC gedir, onun yerini başqa işbaz şirkətlər tutur”.
Yola ayrılan pullar “ikiqat süzgəc”dən keçib
Məhkəmə
sənədlərindən
aydın olur ki, təkcə 2014-cü ildə “RRV-İnşaat” MMC Abşeron İH-dən aldığı 12,6 milyon manat dəyərində müqavilələri “Abşeron RX” MMC-yə subpodrat müqavilələri bağlamaqla “transfer edib”. “Ağazamanovların biznesi: 40 müəmmalı şirkət və büdcədən axan milyonlar” adlı jurnalist
araşdırması
ilə isə müəyyən olunub ki, Abşeronda abadlıq-quruculuq işlərinə və yol tikintisinə cəlb olunmuş “Abşeron RX” şirkətinin işi-gücü dövlət təşkilatları üçün “pul süzgəci” rolunda çıxış etmək olubmuş. Qısa zamanda “Abşeron RX” MMC üzərindən Bakı Metropoliteni, “Azərpoçt” MMC, Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalı, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin “Sumqayıt Şəhər Təmizlik Departamenti” MMC və Daxili İşlər Nazirliyinin mətbəəsi 68 satınalma üzrə 1,5 milyon manat dövlət vəsaitini həzmi-rabedən keçiriblər. İndi ortaya çıxan sənədlər təsdiq edir ki, rəsmi tenderlərdən başqa, bu şirkət həm də milyonlarla manat dəyərində subpodrat işlərində də kara gəlirmiş. 2016-cı ilin birinci yarısında bu şirkət, eləcə də biznes aləmində tanınmayan Ağazamanovlar ailəsinin tender maxinasiyaları üzrə ixtisaslaşmış daha 39 MMC-si müəmmalı şəkildə ləğv olunub və necə deyərlər, “iz itirilib”.
11 milyonluq iş görüb, 4999 manat qazanmağın yolu
Bu ilin mart ayında yekunlaşmış məhkəmə prosesində Vergilər Nazirliyi “RRV-İnşaat” MMC-yə uduzub. Həm birinci instansiya məhkəməsi, həm də Sumqayıt Apelyasiya Məhkəməsi “RRV-İnşaat” MMC-nin Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı 7 dekabr 2015-ci il tarixli “Vergi odəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsi tələbinə dair iddiasını təmin edib. Nazirlik şirkətə 660 min 184,76 manat məbləğində əlavə vergilər hesablamış, 341 min 562,81 manat maliyyə sanksiyası tətbiq etmişdi.
“RRV-İnşaat” MMC-də aparılan səyyar vergi yoxlaması zamanı müfəttişlərə yoxlama dövründə muəssisənin umumi gəlirlərinin 11 milyon 475 min 605,11 manat, xərclərinin 11 milyon 470 min 605,98 manat olduğu haqda bəyannamə təqdim olunub. Şirkət milyonlarla manat dövriyyə qarşısında vur-tut 4 min 999,13 manat mənfəət qazandığını və mənfəətindən 999,83 manat vergi ödədiyini açıqlayıb. Amma nazirliyin tərtib etdiyi sənədlərdə “RRV-İnşaat” MMC-nin vergi yoxlaması gedişində xammal və materiallara çəkdiyi xərcləri, Abşeron rayon İH-nin sifarişlərinə əsasən bəyənnamədə gostərilən digər xərcləri təsdiq edən sənədlərin vergi müfəttişlərindən gizlədildiyi yazılır. Bu, azmış kimi, şirkət xərclərlə bağlı, ümumiyyətlə, qeydiyyat aparmırmış. Bunu məhkəmələrdə Vergilər Nazirliyini təmsil etmiş Nahid Tağıyev səsləndirib. Amma yekunda məhkəmələr şirkəti haqlı çıxarıb. Məhkəmə bu nəticəyə gəlib: Vergilər Nazirliyi öz qərarında sübut edə bilməyib ki, “RRV-İnşaat” MMC-nin Abşeron Rayon İH-nin sifarişi ilə yolların və küçələrin çəkilməsini, başqa təmir-tikinti işlərini özü icra edib.
Elxan Süleymanov: “İcra hakimiyyəti pulu bizim hesaba köçürürdü, subpodratçıdan isə “Forma-2” alırdıq”
Məhkəmədə ifadə verən “RRV-İnşaat” MMC-nin nümayəndəsi Elxan Süleymanov şirkətin dovriyyəsinin işlərin görülməsi üçün Abşeron rayon İH-nin onun bank hesabına odədiyi vəsait olduğunu, xərclərinin isə subpodratcı təşkilat – “Abşeron-RX” MMC-nin işlərin yekunu uzrə təqdim etdiyi “Forma-2”-lərin olduğunu söyləyib. Başqa sözlə, şirkət başqa bir işlə deyil, yalnız Abşeron rayon İH-nin sifarişləri ilə məşğul olurmuş, o da kağız üzərində. Məhkəməyə “RRV-İnşaat” MMC-nin “Abşeron RX” MMC ilə Hökməli-Qobu-Güzdək-Puta avtomobil yolunun çəkilməsi üçün 7,6 milyon manat məbləğində 05 fevral 2014-cu il tarixli, Masazır-Saray-Novxanı avtomobil yolunun tikintisi ilə bağlı 3 milyon manat məbləğində 12 fevral 2014-cu il tarixli və Bakı-Sumqayıt yolunda abadlıq işləri ucun 2 milyon manat məbləğində 12 oktyabr 2014-cu il tarixli muqavilələr təqdim olunub.
Şirkətin cəmi dörd işçisi varmış
Lakin məhkəmənin ortaya çıxardığı ən diqqətçəkən nüans “RRV-İnşaat” MMC-də çalışan işçilər və onların sayı, hesablanan aylıq əmək haqqı ilə bağlı məlumatlardır. Sən demə, milyonlarla manat dövlət vəsaitinin dövr etdiyi şirkətdə onun direktoru Nazim Rəsul oğlu Abıyev də daxil olmaqla cəmi 4 nəfər (Abıyeva Sevinc Orucəli qızı, Quliyeva Xəyalə Xanağa qızı və Məmişov Hafiz Kamil oğlu) işləyirmiş. Onların orta aylıq əmək haqqı 268 manat 10 qəpik imiş. Kiçik bir kollektiv 2012-2014-cü illərdə 25 milyon 679 min 393 manat 91 qəpik məbləğində 12 tenderdə qalib gələ bilib. Tenderlərdə iştirak etmək üçün bank təminatının alınması, tender təklifinin, hesabatların hazırlanması və təqdim olunması… Bir çox iri şirkətlər üçün əlçatmaz olan bu işlərin öhdəsindən 4 nəfər uğurla gəlirmiş. Necə? Bu, artıq başqa təhqiqatın mövzusudur. O da diqqətdən qaça bilməz ki, bütün tenderlərin bir sifarişçisi olub – Abşeron rayon İcra Hakimiyyəti.
“RRV-İnşaat” MMC-nin Abşeron rayon İH-nin sifarişi ilə “icra etdiyi” işlərin ictimaiyyətə açıq olan siyahısı
İl |
Bağlanmış müqavilə üzrə nəzərdə tutulan işlər |
müqavilənin dəyəri, AZN |
2012 | Abşeron rayonu Saray-Novxanı-Mehdiabad-Fatmayı-Görədil avtomobil yolunun tikintisi | 3 998 699,27 |
2013 | Xırdalan şəhərində asfaltın çəkilməsi işlərinin satın alınması | 74 991,75 |
2013 | Xırdalan şəhərində asfaltın çəkilməsi işlərinin satın alınması | 83 845,20 |
2013 | Xırdalan şəhərində abadlıq işlərinin satın alınması | 269 937,41 |
2013 | Abşeron rayonunun Hökməli-Qobu-Lökbatan-Güzdək-Puta yaşayış məntəqələrini birləşdirən yollarda asfalt işlərinin satın alınması | 2 986 968,00 |
2013 | Abşeron rayonu, Xırdalan şəhərinin 5 saylı MİS-in ərazisində və Kənd Xırdalan hissəsində asfalt işlərinin satın alınması | 1 099 985,56 |
2013 | Abşeron rayonunun Hökməli-Qobu-Lökbatan-Güzdək-Puta yaşayış məntəqələrini birləşdirən yolların asfalt işlərinin satın alınması | 1 985 350,23 |
2013 | Saray-Novxanı-Mehdiabad yaşayış məntəqələrini birləşdirən qəsəbələr arası yol-asfalt işlərinin satın alınması | 3 597 453,77 |
2013 | Abadlıq işlərinin satın alınması | 34 928,00 |
2014 | Abşeron rayonununda yolların əsaslı təmiri işlərinin satın alınması | 996 965,14 |
2014 | Hökməli-Qobu-Lökbatan-Güzdək-Puta avtomobil yolunun tikintisinin davam etdirilməsi işlərinin satın alınması | 7 573 937,79 |
2014 | Avtomobil yolunda tikinti işlərinin satın alınması | 2 976 331,79 |
Cəmi: |
25 679 393,91 |
Mənbə: İqtisadiyyat Nazirliyinin tender.gov.az saytı
Abşeron rayon İcra Hakimiyyətinin aparatı Abıyevlərə məxsus “ƏLAİ İnşaat” MMC müqavilə öhdəliklərini özünün icra etdiyi, yoxsa subpodratçılar cəlb etdiyi, icraçı şirkətlərin ixtisas uyğunluğu göstəriciləri (kadr potensialı, texniki imkanları, maliyyə vəziyyəti) barədə MeydanTV-nin sorğusuna cavab verməyib. Qeyd olunan halların mövcud olması haqda isə ciddi şübhələr var.
“Şirkətin kifayət qədər tikinti texnikası və kadr potensialı var. Tender təklifləri verilərkən bu barədə sənədlər komissiyaya təqdim olunub”. Bunu MeydanTV-yə “RRV-İnşaat” MMC-nin direktoru Nazim Abıyev deyib. Belə olduğu təqdirdə “Abşeron rayon İH-dən alınan müqavilələr icra olunmaqdan ötrü nə üçün başqa bir şirkətə ötürülüb” sualına N. Abıyev məntiqli bir cavab verə bilməyib. Abıyevlər ailəsinin idarə etdikləri şirkətlər fərdi mənzillərdə qeydiyyata alınıb. Bu şirkətlərin ofislərinin yerləşdikləri ünvanları Nazim Abıyev kommersiya sirri kimi MeydanTV-yə açıqlamaqdan imtina edib. Hərçənd, “Kommersiya sirri haqqında” AR qanununda şirkətin yerləşdiyi ünvan onun sirri ola bilməz.
Ekspert Vüqar Hüseynov: “Bu, ciddi qanun pozuntusudur”
Müqavilələrin tam məbləğdə başqa bir şirkətə ötürülməsinə hüquqi qiymət verən satınalmalar üzrə ekspert Vüqar Hüseynov bunun qanunvericiliyə zidd olduğunu bildirib. O, MeydanTV-yə mövqeyini Nazirlər Kabinetinin 2003-cü il 28 fevral tarixli 34 nömrəli “Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin nümunəsi”nin təsdiq edilməsi haqqında”
qərarı
ilə əsaslandırıb. Həmin qərarda göstərilir ki, işlərin yerinə yetirilməsi və ya xidmətlərin göstərilməsi ilə əlaqədar submüqavilələrin (subpodratçıların) ümumi dəyəri müqavilənin 50 faizindən çox ola bilməz.
“Digər tərəfdən, müqavilənin icrası üçün tələb olunan submüqavilələr tenderin əsas şərtlər toplusunda nəzərdə tutulduğu halda bağlana bilər. Özü də iddiaçı bağlamağa çalışdığı müqaviləni icra etmək üçün başqa şirkətləri cəlb etmək fikrindədirsə, bu haqda öz tender təklifində ətraflı yazmalıdır. Həmin şirkətlərin ixtisas uyğunluğu da şərtlərdən biridir”- deyən ekspert Vüqar Hüseynov onu da əlavə edib ki, submüqavilələrin bağlanması və onlarda hər hansı dəyişikliklərin aparılması yalnız sifarişçinin yazılı razılığı əsasında mümkündür.
“Saxta şirkətlərin dırnaqarası “xidmətlərindən” istifadə etməklə dövlət vəsaitlərinin korrupsiyaya güdaza verilməsi postsovet məkanında sınaqdan keçmiş təcrübədir. Bu şirkətlər vasitəsilə pul əldən ələ ötürülür, işi isə, bir qayda olaraq, az bir muzd qarşılığında başqa bir şirkət icra edir. Bu cür halların yol verməməsi üçün hökumət önləyici mexanizmlər işləməlidir. Axı, Hesablama Palatasının hesabatlarından görürük ki, bir çox dövlət satınalmalarında çoxsaylı pozuntulara yol verilir və eyni proses növbəti illərdə təkrarlanır. Məsələn, tenderin nəticəsi üzrə bağlanmış müqavilə üzrə 100%-li subpodrat müqaviləsinə satınalan təşkilatla yanaşı, maliyyələşdirməni həyata keçirən aidiyyatı dövlət qurumları göz yummamalıdır. Hesab edirəm ki, bununla bağlı ciddi məsuliyyət tədbirləri də görməyə də ehtiyac var”. Ekspert Vüqar Hüseynovun sözləridir.
MeydanTV Dövlət Xəzinədarlıq Agentliyinə və Maliyyə Nazirliyinə subpodrat müqavilələrinə nəzarət edilməsi ilə bağlı sorğu ilə müraciət edib, bu cür neqativ halların aradan qaldırılması məqsədilə görülən tədbirlər barədə məlumat verilməsini xahiş edib. “Xəzinədarlıq orqanları tərəfindən vəsaitlər büdcə təşkilatlarının təqdim etdiyi sifarişlər əsasında satınalmalarda qalib gəlmiş təchizatçıların bank hesabına köçürülür. Satınalmalarda qalib gəlmiş təchizatçıların bağladığı subpodrat müqavilələri üzrə ödəmələr xəzinədarlıq orqanları vasitəsilə aparılmır” – Maliyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Mais Piriyev cavab məktubunda yazır.
Abşeron yollarına “səpələnən” pullar
“RRV-İnşaat” MMC ilə Abşeron rayon İH-nin əməkdaşlığı 2012-ci ildən başlanıb. Həmin ilin may ayında prezident İlham Əliyev “Abşeron rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında”
sərəncam
imzalayıb. Sənədə görə, Saray-Novxanı-Mehdiabad-Fatmayı-Görədil avtomobil yolunun tikintisi məqsədi ilə dövlət büdcəsindən Abşeron rayon İH-ya ilkin olaraq 4 milyon manat ayrılıb. İcra hakimiyyəti
tender keçirib
və qalib şirkət – “RRV-İnşaat” MMC ilə 3 milyon 998 min 699 manat 27 qəpik dəyərində müqavilə bağlayıb. Növbəti il – 2013-cü ilin martında tikinti işlərinin davam etdirilməsi məqsədilə daha bir tender
keçirildi
və bu dəfə də onun qalibi bir başqası deyil, həmin şirkət oldu. Bu dəfə “RRV-İnşaat” MMC-yə rayon İH yolun tikintisindən ötrü bir qədər az – 3 milyon 597 min 453,77 manat ödədi. Başqa sözlə, yolun tikintisi üçün cəmi 7,6 milyon manat xərcləndi.
Bu ilin mayında həmin yolu “qaşımaq” bir daha yada düşdü. Mayın 15-də Mehdiabad-Fatmayı-Görədil avtomobil yolunun tikintisi məqsədi ilə dövlət başçısı İlham Əliyev büdcədən 1,8 milyon manat
ayırdı
. Bu dəfə pul Abşeron İH-yə yox, “Azəravtoyol” ASC-yə etibar edildi. Abşeron rayon İcra Hakimiyyətinin yolun təkrar tikintisi ilə bağlı bu ilin avqustundakı məlumatında
yazır
:
“Mehdiabad-Fatmayı-Görədil yolu uzun müddət idi ki, əsaslı şəkildə təmir olunmurdu. Nəticədə yolun hərəkət hissəsində qabarmış və deformasiyaya uğramış ərazilər yaranıb. Üstəlik yol boyu piyada səkilərinin – olmaması vətəndaşların xüsusən payız-qış mövsümündə gediş-gəlişində çətinliklər yaradırdı. Artıq bu problem geridə qalır”. Göründüyü kimi, Abşeron İH özü də etiraf edir ki, dövlət büdcəsindən 2012-2013-cü illərdə ayrılmış 7,6 milyon manat sadəcə “asfalta qarışıb”, iş görülməyib.
Amma bu, eyni yola dövlət büdcəsindən təkrar-təkrar vəsait ayrılması ilə bağlı son nümunə deyil. 2013-2014-cü illərdə Hökməli-Qobu-Lökbatan-Güzdək-Puta avtomobil yolunun tikintisi məqsədilə Abşeron rayon İH “RRV-İnşaat” MMC ilə ümumi dəyəri 12 milyon 545,2 min manat olan 3 müqavilə bağlayıb. Prezident İlham Əliyev əvvəlcə yolun tikintisi məqsədilə 2 milyon
manat
, daha sonra isə 7,6 milyon manat
ayırıb
. Yolun tikintisi üçün Abşeron rayon İH dövlət büdcəsindən daha 3 milyon manat vəsait alıb. Tenderlərin keçirilməsi də ki, öz yerində.
Lakin budur, Abşeron rayonuna ayrılan pullar xərclənib qurtarar-qurtarmaz, prezident İlham Əliyev Hökməli-Qobu-Lökbatan-Güzdək-Puta avtomobil yolunun bir hissəsinin (Lökbatan-Qobu; 7,2 km) tikintisi üçün “Azəravtoyol” ASC-yə 2016-cı ilin iyulunda 2 milyon manat
ayırır
.
Bundan başqa, “Azəravtoyol” ASC qeyd olunun yolun 11 kilometrlik Hökməli-Qobu-Güzdək hissəsini də 2016-cı ilin iyul ayında təmir etdiyini
bildirir
. Bu yolun Hökməli qəsəbəsindən başlanan 1,5 km-lik əsaslı, qalan yol isə orta təmir standartlarına uyğun yenidən qurulub.
Qubad İbadoğlu: “Mənimsənilən pullar artır”
Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu təsərrüfatsızlığın kökündə korrupsiyanın durduğu qənaətindədir. Onun fikrincə, Azərbaycanda dövlət vəsaitlərinin ən yaxşı halda 1/3-i real işə sərf olunur.
“Vəsait əsil icracıya çatana qədər sifariş verənlərlə yalançı podratçılar arasında bölüşdürülərək mənimsənilir. Onun bir hissəsi də mənimsənilmiş pulun nağdlaşdırılması və leqallaşdırılmasına gedir. Əvvəllər bu məqsədlə ümumi vəsaitin 10 faizi sərf olurdusa, 2016-cı ildə qəbul edilən “Nağdsız hesablaşmalar haqqında” qanunun qəbulundan sonra 15 faizə qalxıb. Sifariş verən büdcə təşkilatının payı 30 faizdir, yerdə qalan 55 faiz də pordatçı və subpodratçı arasında 30-un 25-ə nisbətində bölünür. Beləliklə də, vəsait çatışmazlığına görə material keyfiyyətsiz olur, işçiyə az məvacib verilir. Tələb olunan torpaq bərkitmə və asfalt döşəmə işlərinin bir hissəsi ixtisara salınır”. Qubad İbadoğlu illərdən bəri formalaşmış və “təkmilləşən” dövlət satınalmalarında vəsaitlərin pay-püş edilməsi sxemini belə təsvir edir.
İctimai vəsaitlər üzrə milli ekspert Q.İbadoğlu avtomobil yollarının tez sıradan çıxması məsələsinə toxunarkən, bu məsələdə dövlət maliyyə nəzarətinin, eləcə də ictimai nəzarətin yoxluğu vurğulayıb. Onun fikrincə, məhz həmin çatışmazlıqlar bu sahədə özbaşınalığa və təsərrüfatsızlığa gətirib çıxarır. “Təhvil-təslim və keyfiyyətə nəzarət komissiyaları formal fəaliyyət göstərir. Onların da maraqlı ödənildikdən sonra pis keyfiyyətdə olan ucuz işlər istismara qəbul edilir. Həmin yollar da bu səbəbdən tez dağılır. Beləliklə, məmurlar üçün bir daha korrupsiya imkanları yaranır”, ekspert deyib.
Hafiz Babalı