ABŞ Suriyanın şimalında davam etdirdiyi hərbi hücuma cavab olaraq Türkiyənin nazirliklərinə və yüksək səviyyəli hökumət nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib, – BBC xəbər verir.
Prezident Donald Tramp həmçinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana zəng edərək təcili atəşkəs elan etməsini tələb edib, – vitse-prezident Mayk Pens (Mike Pence) deyib.
Pens deyib ki, o, bölgəyə ən qısa zamanda səyahət edəcək.
Bu addım ABŞ-ın hərbi qüvvələrinin regiondan çıxmasından sonraya təsadüf edir. Qeyd edilir ki, ABŞ qüvvələrinin şimali Suriyadan çıxması Türkiyənin bölgəyə hərbi baxımdan daxil olmasına “yaşıl işıq” vermiş olub.
Ötən həftə başlamış Türkiyə hücumları kürd qüvvələrinin əksəriyyət təşkil etdiyi Suriya Demokratik Qüvvələrini (SDF) sərhəd bölgəsindən uzaqlaşdırmaq məqsədi daşıyır. Türkiyə SDF-in ən böyük hissəsi olan YPG-ni öz ərazisində fəliyyət göstərən PKK ilə əlaqəsi olduğu üçün terror təşkilatı kimi tanıyır.
Türkiyə hökuməti ərazidə “təhlükəsiz bölgə” yaratmaq və bu əraziyə hazırda Türkiyədə məskunlaşmış iki milyona yaxın suriyalı qaçqını yerləşdirmək istəyir. Qaçqınların əksəriyyəti kürd deyil və tənqidçilər xəbərdarlıq edir ki, Türkiyənin bu addımı yerli kürd əhalisinin etnik təmizlənməsinə səbəb ola bilər.
BMT-nin məlumatına görə, bu günə qədər davam edən hərbi əməliyyatda onlarla mülki şəxs öldürülüb və ən az 160 min nəfər ərazini tərk edib.
Bölgədə fəaliyyət göstərən bəzi beynəlxalq yardım təşkilatları təhlükəsizlik baxımından fəaliyyətlərini dayandıraraq, işçilərini təxliyə etmək məcburiyyətində qalıblar.
Kürd qüvvələri Suriyada İslam Dövləti (İŞİD) qüvvələrinə qarşı mübarizədə ABŞ-ın əsas müttəfiqi olub. Kürd qüvvələri Türkiyənin hərbi əməliyyatlarına təkan vermiş ABŞ-ın geri çəkilmə addımını “arxadan zərbə” kimi xarakterizə ediblər.
Suriyanın şimalında sabitliyin pozulması ilə İŞİD-in yenidən canlanması haqda narahatlıqlar var. Yüzlərlə İŞİD ailə üzvünün bir düşərgədən qaçdığı deyilir.
Bazar günü kürd qüvvələrinin Türkiyəni dəf etmək üçün Suriya hökuməti ilə hərbi dəstək müqaviləsi imzaladığı bildirilir.
ABŞ Maliyyə Naziri Stivn Munçin (Steven Mnuchin) bazar ertəsi axşam Vaşinqtonda vitse-prezident Penslə birlikdə görüləcək tədbirləri açıqlayıb.
Munçin deyib ki, Türkiyənin müdafiə, daxili işlər və enerji nazirliklərinə qarşı tədbirlər görüləcək. Belə ki, onların ABŞ-dakı aktivləri dondurulacaq və onların ABŞ-ın maliyyə sisteminə aid olan əməliyyatlarına qadağa qoyulacaq.
“Türkiyə hökumətinin hərəkətləri günahsız mülki insanları təhlükə altına qoyur və bölgəni desabitləşdirir, o cümlədən İŞİD-i məğlub etmək kampaniyasına xələl gətirir,” – bəyanatda deyilib.
“Twitter” açıqlamasında Prezident Tramp deyib ki, o, türk poladının tariflərini 50% -dək qaldıracaq və Türkiyə ilə “100 milyard dollarlıq ticarət sazişi” danışıqlarını dərhal dayandıracaq.
“ABŞ və bizim tərəfdaşlarımız İŞİD-in ərazilərini 100 faiz olmaqla azad ediblər,” – bəyanatda deyilir: “Türkiyə bu qazancı təhlükəyə atmamalıdır”.
Vitse-prezident Pens Ankara dərhal atəşkəs əldə etməzsə və sərhəddəki durumları tənzimləməzsə, Türkiyəyə qarşı sanksiyaların daha da ağırlaşdırılacağı ilə bağlı xəbərdarlıq edib.
Demokratlara rəhbərlik edən Nümayəndələr Palatasının spikeri Nensi (Nancy) Pelosi “Twitter”də qeyd edib ki, sanksiyalar prezidentin səhv qərarları ilə səbəb olduğu humanitar fəlakəti durdurmaq üçün yetərli deyil.
Bazar ertəsi günü erkən saatlarda Avropa Birliyi ölkələri Türkiyəyə silah ixracını dayandırmağı öhdəsinə götürüb. Buna cavab olaraq Türkiyə qanunsuz və qərəzli münasibətə görə AB ilə əməkdaşlığına yenidən əl gəzdirəcəyini bildirib.
Ərdoğan Türkiyənin başlatdığı “Barış Pınarı” (Sülhün çeşməsi) hərəkatının hədəfinə çatana qədər davam edəcəyini və “indiyədək min kilometr ərazinin terrorçulardan təmizləndiyini” deyib, – “Deutche Welle” xəbər verir.
Almaniyada türk iş yerlərinə hücumda 5 nəfər yaralanıb
Almaniyanın Herne şəhərində əksəriyyəti kürdlərdən ibarət bir qrup Türkiyənin Suriyadakı əməliyyatına etiraz olaraq türklərə aid iki iş yerinə hücum ediblər. Bir nəfər polis olmaqla 5 nəfər yaralanıb, – “Deutche Welle” xəbər verir.
Polisin verdiyi məlumata görə, 350 nəfərlik kürd əsilli insanlardan təşkil edilmiş qruplaşma əvvəlcə türklər tərəfindən işlədilən bir kafeyə, daha sonra bir qiraətxanaya hücum edib. Polis açıqlamasında qeyd edilir ki, hər iki hücumdan əvvəl etirazçı qrupa qarşı təhrikedici ifadələr işlədilib. Polis hadisəylə bağlı araşdırmalara başlayıb. Saxlanılan olmayıb.
Türkiyənin 2018-ci ilin mart ayında Suriyanın Afrin bölgəsinə təşkil etdiyi “Zeytin Dalı” (Zeytun budağı) əməliyyatı zamanında da Almaniyada yaşayan türklər və kürlər arasında gərginliklər yaşanmışdı. Türklərə aid iş yerlərinə, o cümlədən məscidlərə hücumlar olmuşdu.