“Birləşmiş Ştatlar mətbuat azadlığını dəstəkləyir”
Amerika Birləşmiş Ştatlarının Bakıdakı səfiri Mark Libbi Azərbaycanın həbsdə olan jurnalistlərinin vəkilləri ilə görüşüb.
Bu barədə ABŞ səfirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, Birləşmiş Ştatlar mətbuat azadlığını dəstəkləyir:
“Biz Azərbaycan hökumətini fundamental azadlıqlarından istifadə etdiklərinə görə, həbs edilən bütün şəxsləri azad etməyə çağırırıq”.
Ötən ilin sonlarından başlayaraq Azərbaycanda 10-dan artıq jurnalist həbs edilib, yaxud saxlanılıb. Həbs edilənlərdən əksəriyyəti “AbzasMedia”, “Toplum TV” və “Kanal 13” saytlarının əməkdaşlarıdır.
“AbzasMedia” işi üzrə həbslər 2023-cü il noyabrın 20-dən başlayıb. Öncə saytın direktoru Ülvi Həsənli, direktor müavini, ictimai fəal Məhəmməd Kekalov, baş redaktoru Sevinc Vaqifqızı həbs edilib.
Bundan sonra isə araşdırmaçı jurnalist Hafiz Babalı, reportyorlar Nərgiz Absalamova və Elnarə Qasımova həbs edilib.
Onların hər biri Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham olunur. Bu maddə ilə onları 5 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Jurnalistlər həbslərini sırf peşə fəaliyyətləri ilə əlaqələndirirlər.
Martın 6-da isə polis “Toplum TV”-nin ofisinə basqın edib, ofisdə, saytın bir neçə əməkdaşının evində, o cümlədən III Respublika Platformasının ofisində axtarış aparılıb. III Respublika Platformasının ofisindən 30 min avro, sayt əməkdaşlarının evlərindən isə 2700, 3100, 20000 avro pul vəsaiti tapıldığı bildirilib.
Saxlanılanlardan Akif Qurbanova, Fərid İsmayılova, Müşfiq Cabbara, Əli Zeynala, Ramil Babayevə, Elmir Abbasova və İlkin Əmrahova 206.3.2 (qaçaqmalçılıq) ittihamı ilə cinayət işi açılıb.
Martın 8-də isə hüquqşünas, “Toplum TV”-nin təsisçilərindən olan Ələsgər Məmmədli mülki geyimlilər tərəfindən “İstanbul” Klinikasının önündə saxlanılıb. Həmin gün polis III Respublika Platformasının Qurucu Heyətinin üzvü Ruslan İzzətlini də saxlayıb. Hər ikisinin evində axtarış aparılıb. Ələsgər Məmmədlinin evindən 7300 dollar tapıldığı iddia edilib.
Ruslan İzzətlinin həyat yoldaşı Günel Manaflı onların evindən də “pul tapıldığını” qeyd edib. Bu işlə bağlı saxlanılanlardan Ələsgər Məmmədli (“Toplum TV”-nin təsisçisi), Müşfiq Cabbar (“Toplum TV”), Akif Qurbanov (III Respublika Platforması), Ruslan İzzətli (III Respublika Platforması), Ramil Babayev (Demokratik Təşəbbüslər İnstitutu), İlkin Əmrahov (Demokratik Təşəbbüslər İnstitutu), Əli Zeynala (Demokratik Təşəbbüslər İnstitutu) Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Özləri ittihamı qurama sayırlar.