ABŞ rəsmisi Brüssel görüşündən danışdı, Zaxarovaya cavab vermədi

ABŞ Dövlət Departamenti, oceanfishing/Shutterstock

“Vaşinqton görüşü məhsuldar olub”

ABŞ Azərbaycanı və Ermənistanı sülh təşəbbüslərini davam etdirməyə çağırıb.

Bu barədə mayın 11-də Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel brifinqdə bildirib.

“Turan”ın müxbiri yazır ki, Patel 14 mayda gözlənilən Brüssel görüşünə də toxunub.

O  deyib ki, bir gün əvvəl sərhəddəki zorakılıq Ermənistan və Azərbaycanın möhkəm və layiqli sülh yolunda əldə etdiyi irəliləyişə xələl gətirir:

“Hər iki ölkə liderini mayın 14-də Brüsseldə keçiriləcək görüşdə, dövlət katibi Blinkenlə müzakirə olunduğu kimi, sərhəd boyunca qüvvələrin ayrılması haqqında razılığa gəlməyə çağırırıq”.

Patel Vaşinqtonun tərəflər arasında təşkil etdiyi dialoqu mühüm və müsbət addım kimi dəyərləndirib.

O bildirib ki, Ağ Ev müzakirələrin davam etdirilməsində maraqlıdır:

Biz hiss edirdik ki, hər iki ölkənin bəzi mühüm məsələləri müzakirə etmək, digər tərəfin nöqteyi-nəzərini dinləmək imkanı var. Hesab edirik ki, bu problemin sülh yolu ilə həlli var. Məhz buna görə dövlət başçısı bununla belə dərindən məşğul olmağa davam edir”.

Vedan Patel. Foto: “Turan”

Patel Rusiya XİN-in Bakı və Yerevan arasında dialoqun perspektivləri ilə bağlı açıqlamasına şərh vermək istəməyib.

Mariya Zaxarovanın fikirləri ilə bağlı suala cavabında bildirib ki, bu, onu çox az maraqlandırır:

Vaşinqton hesab edir ki, irəliyə doğru aydın bir yol var. Vaşinqton danışıqları məhsuldar olub və Brüsseldə danışıqların davamı üçün zəmin yaradıb”.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova mayın 10-da keçirdiyi brifinqdə demişdi ki, Vaşinqton danışıqlarından sonra da Bakı ilə Yerevan arasında fikir ayrılıqları və ziddiyyətlər qalır.

Mayın 11-də Azərbaycan-Ermənistan təmas xəttində atəşkəs pozulub.

Nəticədə Azərbaycan bir hərbçisini itirib, Ermənistanın 3 hərbsçisi yaralanıb.

Ermənistanın Baş naziri N.Paşinyan dünən hökumətin iclasında 14 may Brüssel görüşündə Azərbaycanla sülh müqaviləsinin imzalanacağının az ehtimalı olduğunu deyib.

Amma Baş nazir qeyd edib ki, Azərbaycanın Ermənistana təcavüzü fonunda mayın 14-nə planlaşdırılan danışıqlar üçün Brüsselə getmək qərarını dəyişməyib.

Nə baş verib?

2020-ci ilin sentyabrında Ermənistan və Azərbaycan arasında İkinci Qarabağ müharibəsi yaşanıb.

Həmin il noyabrın 10-da üçtərəfli (Ermənistan, Azərbaycan və Rusiya arasında) atəşkəs sənədi imzalanıb.

Atəşkəs razılaşmasından bu yana dəfələrlə tərəflər arasında atışmalar və kiçik çaplı döyüşlər olub.

Həmin silahlı toqquşmalarda hər iki tərəf yüzlərlə itki verib.

Ermənistan və Azərbaycan daim açıqlamalarında atəşkəs rejiminin pozulmasında bir-birini günahlandırıb.

Ana səhifəSiyasətABŞ rəsmisi Brüssel görüşündən danışdı, Zaxarovaya cavab vermədi