Vitse-prezident Mayk Pens və dövlət katibi Mayk Pompeo Ərdoğanla görüşəcəklər
Tramp administrasiyası çərşənbə günü yüksək səlahiyyətlilərini təcili danışıqlar üçün Türkiyəyə göndərib. “Reuters” xəbər verir ki, Vaşinqton Ankaranı Suriyanın şimalına hücumu dayandırması üçün inandırmağa çalışır.
Ötən aydan bəri Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri olaraq fəaliyyət göstərən Robert Obrayn (OBrien) xarici işlər naziri Mevlut Çavuşoğlu ilə görüşmək üçün çərşənbə günü Türkiyəyə gəlib. Vitse-prezident Mayk Pens və dövlət katibi Mayk Pompeo ertəsi gün prezident Tayyib Ərdoğanla görüşəcəklər.
Administrasiya Ərdoğanı keçən həftə Vaşinqtonun yaxın müttəfiqi olan suriyalı kürd silahlı qüvvələrinə qarşı başlamış hücumdan yayındırmağa çalışır.
Atəşkəs olmayacağı israrını təkrarlayan Ərdoğan qeyd edib ki, ABŞ siyasətçilərinin göstərdiyi "çox böyük hörmətsizlik" səbəbindən gələn ay ABŞ-a səfərini dayandıra bilər.
O, ABŞ-ın İrana qarşı sanksiyaları pozduğu iddiaları ilə əlaqədar türk dövlət bankına cinayət ittihamı irəli sürməsini “qanunsuz, çirkin addım” adlandırıb.
“Ərdoğan və Tramp arasındakı telefon danışığından sonra başlayan türk hücumu Vaşinqtonu 5 ildir davam edən bölgəsəl strategiyasını dayandırmağa və qoşunlarını Suriyanın şimalından çıxarmağa məcbur edib”, – Reuters qeyd edir.
Hücum humanitar böhrana səbəb olmaqla 160.000 mülki şəxsin evlərini tərk etməsinə, kürd həbsxanalarından minlərlə İslam Dövləti döyüşçüsünün qaçmasına və Tramp üçün daxili siyasi qarışıqlığa, konqres liderləri, o cümlədən onu dəstəkləyən respublikaçıların ABŞ-ın sadiq müttəfiqləri olan kürdlərə xəyanəti səbəbindən narazılığına gətirib çıxarıb.
Vaşinqtonun rəqibləri Rusiya və İran tərəfindən dəstəklənən Suriya hökumət qüvvələri ABŞ qoşunlarının geri çəkilməsiylə yaranmış boşluqdan istifadə edərək itirilmiş əraziləri yenidən ələ keçirmək üçün sürətlə irəliləyir.
Bazar ertəsi günü Vaşinqton Türkiyəni cəzalandırmaq üçün sanksiyalar paketini açıqlayıb. Səkkizinci gündür davam edən türk hücumu bölgədə iki NATO gücünü qarşı-qarşıya qoyub. Vaşinqton hücum davam edərkən türk artilleriyasının ABŞ qoşunları yaxınlığında atəş açmasından şıkayət edib. Qarşılıq olaraq ABŞ hərbi hava qüvvələri də Kobani sərhədi yaxınlığında türk əsgərlərinə qarşı hərbi qüvvə göstərisi edib.
Pensin sözlərinə görə, Ərdoğan Trampla telefon danışığı zamanı söz verib ki, Türkiyə ABŞ üçün strateji əhəmiyyət daşıyan Kobaniyə hücum etməyəcək. Ərdoğan isə belə bir sözün verilmədiyini deyib.
ABŞ qüvvələrinin bölgədən çıxmasıyla türk qüvvələri ilə yanaşı Rusiyanın da Suriyanın şimalına tələsməsinə gətirib çıxarıb.