ABŞ Qarabağda beynəlxalq missiyanın olmasını istəyir (yenilənib)

ABŞ-Azərbaycan. Foto: Den Rozhnovsky/shutterstock

Rusiyadan ABŞ-ın təklifinə reaksiya

Rusiya ABŞ-ın Qarabağa missiya göndərilməsi ilə bağlı bəyanatına reaksiya verib.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov yerli mediaya deyib ki, Qarabağda istənilən müşahidə missiyası yalnız Bakının razılığı ilə ola bilər.

Xeyr, biz hələlik burada heç bir konkretlik görmürük. Orada hər hansı missiya yalnız Azərbaycanın razılığı ilə mövcud ola bilər. Biz ilk növbədə bunu bilməliyik. Öz növbəmizdə hər iki tərəflə əlaqələrimizi davam etdiririk. Yerevan və Bakı, eləcə də Qarabağın etnik erməniləri ilə təmasdayıq”, – deyə Dmitri Peskov əlavə edib.

Dmitri Peskov, Foto: ID1974/shutterstock


Zərdüşt Əlizadə: “ABŞ-ın mövqeyi qəbuledilməzdir”

Sentyabrın 25-də Ağ Ev Qarabağda baş verən son hadisələr və ermənilərin evakuasiyası haqda açıqlama yayıb.

Prezident Co Baydenin mətbuat katibi Karin Jan-Pyer baş verənlərin narahatlıq doğurduğunu deyib.

Karin Jan-Pyer dünən keçirdiyi brifinqdə bildirib ki, Ağ Evin Milli Təhlükəsizlik Şurası bu məsələni yaxından izləyir.

Dövlət Departamentinin mətbuat katibi Metyu Miller isə bildirib ki, ABŞ-ın yüksək səviyyəli nümayəndə heyəti Ermənistanın suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə Vaşinqtonun dəstəyini təsdiqləmək və Qarabağdakı son zorakılıqlardan sonra humanitar məsələlərin həllinə kömək etmək üçün Yerevana gedib.

“Hesab edirik ki, Qarabağ ermənilərinin hüquqlarının və təhlükəsizliyinin qorunması ilə bağlı Azərbaycanın vədlərinin yerinə yetirilməsini yoxlayacaq beynəlxalq missiya olmalıdır. Belə missiyanı təmin etmək üçün müttəfiqlərimiz və tərəfdaşlarımızla işləyirik”, – Miller belə deyib.

Vaşinqton həmçinin atəşkəsin saxlanmasını, humanitar məsələlərin həllini və Ermənistanla Azərbaycan arasında möhkəm sülhün əldə olunmasını vacib hesab edir:

Metyu Miller. Foto: “Turan”

“Qarabağın etnik erməniləri öz evlərində qalmaq hüququna malik olmalı, onların hüquqları və təhlükəsizliyi təmin edilməlidir. Getmək istəyənlərə isə neytral üçüncü tərəfin müşahidəsi altında təhlükəsiz keçidə icazə verilməlidir”.

Azərbaycan mülki şəxslərin qorunmasına və müharibədə iştirakda şübhəli bildikləri daxil olmaqla, hər kəsə humanist münasibətin təmin olunmasına məsuliyyət daşıyır”, – Miller əlavə edib.

“Turan”ın xahişilə Dövlət Departamentinin mətbuat katibi Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı Rusiyanın ittihamlarını şərh edib:

“Rusiyaya beynəlxalq tərəfdaş kimi güvənmək olmaz, çünki özü digər ölkələrin suverenliyinə hörmət etmir”.

Karin Jan-Pyer oktyabrın 5-də Əliyev və Paşinyanın görüşünü yada salaraq deyib ki, onların öz ölkələri arasındakı qarşıdurmanı aradan qaldırması vacibdir.

Samanta Pauer. Foto: Reuters

Dünən Yerevanda olan ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta Pauer mətbuat konfransında Azərbaycanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib-yetirmədiyini qiymətləndirmək üçün Qarabağda beynəlxalq iştirakın olmasını bildirib.

Biz Azərbaycanı atəşkəs rejiminə riayət etməyə və Qarabağda mülki şəxslərin hüquqlarını qorumaq üçün konkret addımlar atmağa çağırırıq. Prezident Əliyev etnik ermənilərin hüquqlarına zəmanət verib, Azərbaycan bu vədi yerinə yetirməlidir”, – deyə Pauer qeyd edib.

Samanta Pauer onu da bildirib ki, USAID belə təşkilatlar sırasında olmalıdır.

“Əliyev daxili siyasətdə sərt mövqeyi kənara qoymalıdır”

Siyasi şərhçi Zərdüşt Əlizadə Vaşinqtonun mövqeyini qəbuledilməz sayır:

“Onlar kimdirlər ki, Azərbaycana hansısa missiya göndərsinlər? Yerevanda, lap elə ABŞ-da gündə onlarla cinayət törədilir, hansısa beynəlxalq missiya gəlirmi? Qarabağda nə baş verirsə, şəffafdır, ermənilərə də təkliflər olub ki, nə var çəkin və yayın, yəni qadağa yoxdur. Nəhayət, rəsmi Bakı Yerevan və Qarabağ erməniləri ilə danışıqları haqda müntəzəm məlumat verir, tibbi və ərzaq yardımı da göndərir”.

Bundan sonra kim gəlib araşdırma aparmalıdır, müstəqil dövlətik, müharibəni də biz başlamamışıq, indi Qərbin ikiüzlü məmurlarına hökm vermək üçün şərait yaradılmaldır? Niyə onlar 90-cı illərdə azərbaycanlılar Ermənistandan və ardınca Qarabağdan qovulanda beynəlxalq missiyadan danışmırdılar?” – deyə siyasi şərhçi qeyd edib.

Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə. Foto: arxiv

Z.Əlizadə hesab edir ki, deyilənlərə xüsusi önəm verilməməlidir.

Onun sözlərinə görə, Azərbaycan heç bir missiyanı qəbul etməyəcək.

Ancaq politoloq Azərbaycan hakimiyyətinin insan hüquqlarına və qanunun aliliyinə hörmət etmədiyini də vurğulayıb:

Bəli, Azərbaycan hakimiyyəti daxili siyasətdə sərt mövqeyi kənara qoymalıdır. Çünki hakimiyyətin insan hüquqlarına və qanunun aliliyinə xor münasibəti dövlətin düşmənlərinə daxili işlərinə qarışmağa imkan verir. Ona görə də Əliyevin daxili siyasəti milli təhlükəsizlik üçün böyük zərərdir”.

Siyasi şərhçi Şücaət Əhmədzadə Meydan TV-yə deyib ki, Metyu Millerdən fərqli olaraq, Samanta Pauerin açıqlamasını başa düşmək bir az çətindir:

Bəlkə, USAID-in nümayəndəliyini açılmasını ehtiva edir. Daha çox mövcudluq yaratmaq üçün bir mesaj olduğu sezilir”.

Ş.Əhmədzadənin də fikrincə, rəsmi Bakının hansısa beynəlxaq missiyanı Qarabağa buraxacağına inanmır:

Sücaət Əhmədzadə. Foto: Meydan TV

Çünki rəsmi səviyyədə dəfələrlə deyib ki, məsələnin beynəlmiləlləşməsinə qarşıdır, bu, ölkənin daxili işidir. Güman ki, ABŞ hansısa beynəlxalq ofisin olmasını danışıq predmetinə çıxartmaq istəyir. Amma mən bunun böyük kontingent olacağını ehtimal etmirəm”.

Politoloq Zaur Şiriyev isə bu məsələyə Azərbaycan hökumətinin reaksiya verməsini vacib sayır.

O deyib ki, beynəlxalq missiyanın necə olacağı ilə bağlı fərqli fikirlər var:

Yəni vahid fikir yoxdur ki, beynəlxalq missiya nəyi nəzərdə tutur. Samanta Pauer daha iki məsələni nəzərdə tutur, birinci, humanitar yardımlar olmalıdır. Yəni Beynəlxalq Qızıl Xaç Komitəsindən başqa təşkilatlar da Qarabağa getməlidir. İkinci də Qarabağda hansısa formada insan haqlarını öyrənmək üçün missiyanın göndərilməsini vurğulayırdı. İlk dəfə deyil bu açıqlama səslənir, Laçın yolu açılanda da BMT-də bu məsələ gündəmə gətirildi. Pauer də bunu deyirdi”.

Zaur Şiriyev
Zaur Şiriyev, Foto: Zaur Şiriyevin şəxsi arxivindən

Ermənistan hökuməti isə daha böyük missiyanın göndərilməsini istəyir və Rusiyaya etibar etmir, Azərbaycana isə yerli əhalinin inamı olmadığını qeyd edir. Azərbaycan isə bunları qəbul etmir. Bakı daha çox Beynəlxalq Qızıl Xaç Komitəsinin sayının gücləndirilməsinin tərəfdarıdır, nəinki üçüncü qüvvənin gəlməsinin”, – deyə o qeyd edib.

Əməliyyatların başlanmasında məqsəd nədir?

Azərbaycan Müdafiə Nazirliyi sentyabrın 19-da Qarabağda lokal hərbi əməliyyatlara başladığını açıqlayıb.

Qurumun yaydığı rəsmi məlumatda deyilir ki, buna səbəb törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazidən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsidir.

Əməliyyatlar sentyabrın 19-da səhərə yaxın saat 4:30 radələrində Xocavəndin Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda polis əməkdaşlarının olduğu “Kamaz”ın minaya düşməsi və nəticədə 4 polisin, həmçinin “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin iki əməkdaşının hadisə yerində həlak olması ilə əsaslandırılır.

Münaqişənin qısa xronikası

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Hazırkı mərhələdə ərazidə tez-tez atəşkəs pozulur, hətta günlərlə sürən döyüşlər baş verir.

Nəticədə hər iki tərəf itki verir və buna görə bir-birlərini günahlandırırlar.

Tərəflər arasında indiyə kimi sülh sazişi imzalanmayıb.

Azərbaycan Xankəndi və digər ərazilərdə qanunsuz erməni silahlı birləşmələrinin olduğunu iddia edir.

Ana səhifəSiyasətABŞ Qarabağda beynəlxalq missiyanın olmasını istəyir (yenilənib)