Bir aydan çoxdur ABŞ Prezidenti Donald Tramp və onun rəsmiləri Venesuelaya qarşı davam edən sərt ritorikanın narkotik axınının qarşısını almağa yönəldiyini bildirirdilər.
Lakin çoxsaylı sübutlar, o cümlədən Trampın Venesuela Prezidenti Nikolas Maduronun qaçırılmasından sonra söylədiyi fikirlər göstərir ki, Vaşinqtonun əsl marağı Venesuelanın sübut olunmuş neft ehtiyatlarıdır. Bu ehtiyatlar dünyada ən nəhəng hesab olunur və təxminən 303 milyard barel olaraq qiymətləndirilir.
ABŞ Prezidenti şənbə günü Karakasa edilən hücumları əvvəlcə narkotiklərə qarşı əməliyyat kimi təqdim etdi. Rəsmilər bunu narkotik alveri ittihamı ilə axtarışda olan “iki ittiham edilmiş qaçağın” saxlanılması adlandırdılar. Maduro Nyu-York Məhkəməsində “narko-terrorizm sui-qəsdi və kokain idxalı sui-qəsdi” də daxil olmaqla bir sıra ittihamlarla üzləşmişdi.
Lakin ABŞ-nin Karakasa etdiyi və 80-ə yaxın şəxsin, rəsminin və hərbçinin ölümünə səbəb olan hücumlardan bir neçə saat sonra Tramp mövqeyini dəyişərək Venesuelanın nefti və ABŞ-nin bu ölkə üzərində nəzarəti barədə açıq danışmağa başladı.
Florida ştatındakı keçirdiyi mətbuat konfransında Tramp bildirdi ki, ABŞ “hələlik ölkəni idarə edəcək”, neft infrastrukturunu yenidən quracaq, Çin və Rusiya kimi rəqiblər də daxil olmaqla qlobal müştərilərə satmaq üçün “yerin altından çox böyük miqdarda sərvət çıxaracaq”.
Maduro narkotik ticarətində iştirakını ardıcıl olaraq inkar edib və Vaşinqtonu bu ittihamdan neftə və digər təbii resurslara çıxış əldə etmək üçün bəhanə kimi istifadə etməkdə günahlandırıb.
Venesuela Ali Məhkəməsinin Konstitusiya Palatası ölkənin gələcəyi üçün hüquqi çərçivə hazırlanarkən vitse-prezident Delsi Rodriqesin “idarəetmədə davamlılığı və ölkənin hərtərəfli müdafiəsini təmin etmək” məqsədilə müvəqqəti prezident kimi fəaliyyət göstərməsinə göstəriş verib.
O, eyni zamanda maliyyə naziri və neft naziri vəzifələrini də icra edirdi ki, bu da ona sanksiyalar və idarəetmədəki səhvlər səbəbindən lazımi səviyyədə hasilat göstərə bilməyən, zəiflədilmiş iqtisadiyyat və yetərincə inkişaf etməmiş neft sektorunun dirçəldilməsi istiqamətində böyük təsir imkanı verirdi.
Tramp bildirib ki, əgər Rodriqes “bizim istədiyimizi edərsə”, ABŞ Venesuelanı işğal etməyəcək. O, həmçinin sürgündə olan, Nobel mükafatı laureatı müxalifət lideri Mariya Korina Maçadonu dəstəkləməkdən imtina edərək, onun xalqın razılığını və ya “hörmətini” qazanmadığını deyib.
ABŞ-nin Rodriqesdən istədiyi əsas məsələ böyük ehtimalla Venesuelanın nefti ilə bağlıdır. Tramp və digər ABŞ rəsmiləri bu nefti “ABŞ nefti” kimi xarakterizə ediblər. Bunun səbəbi Cənubi Amerika ölkəsinin 1970–2000-ci illər arasında neft sənayesini milliləşdirməsi və nəticədə əksər ABŞ neft şirkətlərini ölkədən çıxarmağa məcbur etməsidir.
“Yadınızdadırsa, onlar çox da uzaq olmayan keçmişdə bütün enerji hüquqlarımızı, bütün neftimizi aldılar. Biz də onu geri istəyirik”, – Tramp dekabr ayında demişdi.
Tramp özünəməxsus açıq üslubunda həmçinin bildirib ki, Venesuelanın neft ehtiyatları ABŞ-nin bu ölkəyə hücumundan yaranan bütün xərcləri və Venesuelanın guya ABŞ-yə vurduğu “zərərləri” ödəməyə kifayət edər.
Neft Venesuela üçün həyati əhəmiyyət daşıyır və ABŞ Maduronun qaçırılmasından əvvəl də bu əhəmiyyətindən istifadə edərək ölkəyə təzyiq göstərmişdi.
Venesuelanın neft hasilatı üzrə infrastrukturu, xüsusilə də PDVSA-nın (Venesuelanın dövlətə məxsus neft və qaz şirkəti) nəzarətində olan sahələr, on ildən artıq davam edən az investisiya səbəbindən ciddi şəkildə zərər görüb. Nəticədə bəzi quyular mexaniki cəhətdən sıradan çıxıb; dayandırılmış quyuların yenidən işə salınması çox vaxt sadə reaktivasiya ilə mümkün olmur və tam təmir-bərpa işləri və ya yenidən qazma tələb edir. ABŞ embarqolarından sonra isə müntəzəm profilaktik texniki xidmət demək olar ki, tamamilə dayanıb.
Xam neft durulaşdırıcılar olmadan axa və ya ixrac oluna bilmir, lakin bu maddələrin tədarükü ABŞ tərəfindən əngəllənir. Eyni zamanda saxlama, qarışdırma və modernləşdirmə obyektləri ciddi darboğazlarla üzləşir və onların bir çoxu nominal gücündən xeyli aşağı səviyyədə fəaliyyət göstərir.