“5G rabitə sistemlərini manipulyasiya və casusluq üçün həssas edir”
ABŞ dövlət katibinin kiber, beynəlxalq rabitə və informasiya siyasəti üzrə köməkçisinin müavini Robert Streyer 5G texnologiyası ilə bağlı ölkələrə xəbərdarlıq edib. O, deyib ki, gələn il ərzində 5G-nin tətbiqinin nəticələri onilliklər olmasa da, uzun illər hiss ediləcək. Onun sözlərinə görə, ölkələr düzgün qərarları indi qəbul etməlidirlər.
“Turan” İnformasiya Agentliyinin məlumatına görə, Robert Streyer bunu virtual mətbuat konfransı zamanı deyib. Diplomatın sözlərinə görə, ölkələr 5G avadanlıq və proqram təminatını istehsal edən şirkətlərə etibar etməlidir, ancaq əmin olmalıdırlar ki, “bu, onların milli təhlükəsizliyinə, məxfiliyinə, intellektual mülkiyyətə və ya insan hüquqlarına təhdid yaratmayacaq”.
Kiber-diplomat 5G infrastrukturu üçün “etibarsız” Çin komponentlərinin tədarükünə görə Huawei telekommunikasiya şirkətini kəskin tənqid edib.
“Telekommunikasiya xidmətləri həyati əhəmiyyətli şəbəkələrin işinin qorunmasına zəmanət verildiyi müstəqil məhkəmə sisteminin və qanunun aliliyinin olmadığı Çin Xalq Respublikası kimi avtoritar hökumətlərə tabe olduğu halda etibar ola bilməz”, – o deyib.
Robert Streyer deyib ki, “Huawei” şirkətinin mülkiyyətinə nəzarət şəffaf deyil, şirkət intellektual mülkiyyətin oğurlanması da daxil olmaqla qeyri-etik və qanunsuz davranışlarla tanınır.
“5G üçün komponentlərin Huawei və ZTE kimi şirkətlər tərəfindən təchizarına icazə verilməsi məxfi hökumət, kommersiya və şəxsi məlumatları riskə məruz qoyaraq həyat əhəmiyyətli rabitə sistemlərini manipulyasiya və casusluq üçün həssas edir”, – o qeyd edib.
Diplomat həmçinin deyib ki, ABŞ-ın işi digər ölkələri xəbərdarlıq etməkdir və kimsə bunu qəbul etmirsə, bu qarşı tərəfin öz problemidir.
“Xaricdən böyük İT şirkətləri cəlb etməklə ölkələr İT- ekosistem, serverlərdə böyük məlumatların təhlükəsizliyi barədə düşünməlidirlər. Əgər Çin hakimiyyəti gizli məlumatların çıxarılması üçün Huawei və ZTE-yə göstəriş verərsə, bütün bunlar təhlükə altında ola bilər. Düşünürəm ki, hətta insan hüquqlarına qayğının olmadığı ölkələrin belə, öz iqtisadi maraqlarını və milli təhlükəsizlik sistemini qorumaq istəyi var. Odur ki, onların rabitə sistemlərinin üçüncü ölkənin nəzarət etdiyi texnologiyalarla qarşılıqlı əlaqədə olmasına yol verilməməlidir”.