ABŞ Dövlət Departamenti hesabat yaydı

Hesabatın Azərbaycanla bağlı hissəsində insan haqlarının pozulmasından, işgəncə faktlarından söz açılır

Source:

Azərbaycan
Azərbaycan


Hesabatın Azərbaycanla bağlı hissəsində insan haqlarının pozulmasından, işgəncə faktlarından söz açılır

ABŞ Dövlət Departamentinin Demokratiya və İnsan Haqları Bürosu 2016-ci ildə dünyanın müxtəlif ölkələrində insan haqlarının durumuna dair hesabat yayıb.

Seçki qeyri-demokratik keçirilib

Hesabatın Azərbaycanla bağlı bölməsində əsasən 2016-ci il sentyabrın 26-da keçirilən referendumun nəticələrinə yer verilib.

Bildirilir ki, konstitusiyaya edilən təkliflər paketində prezidentin səlahiyyət müddəti uzadılıb, toplaşmaq azadlığı daha da məhdudlaşdırılıb: “Referendumun hüquq pozuntuları ilə keçdiyinə dair etibarlı məlumatlar yayılıb. 2015-ci ilin noyabrında keçiriən seçkilərə ATƏT-in müşahidə missiyası qatılmadığından seçkini tam olaraq qiymətləndirmək mümkün olmayıb. 2013-cü ildə prezident seçkiləri isə ATƏT-in demokratik seçkilərin keçirilməsinə dair standartlarına uyğun keçirilməyib”.

Ən irimiqyaslı döyüş

Hesabatda 2016-ci ilin aprel ayında Ermənistanla Azərbaycanın təmas xəttində baş verən gərginlik haqqında da məlumatlar yer alıb. Bildirilir ki, apreldə döyüşləri 1994-cü ildə imzalanan atəşkəs sazişindən bəri qeydə alınan ən irimiqyaslı qarşıdurma olub:

“Separatçılar Ermənistanın dəstəyi ilə Dağlıq Qarabağda və yeddi rayon üzərində nəzati saxlamaqda davam ediblər. Dağlıq Qarabağın sonuncu statusu ATƏT-n Minsk Qrupunun Fransa, Rusiya və ABŞ həmsədrlərinin beynəlxalq vasitəçilik formatında qalıb. 1-5 aprel atışması zamanı tərəflərin vəhşilik törətdiyinə dair iddialar var. Hər iki tərəf bir-birini ittiham edib və bu müddət ərzində törədilən vəhşiliklərə görə Avropa İnsan Haqları Məhkəməsinə şikayətlər göndərib”.

Hesabatda il ərzində insan hüquqları sahəsində qeydə alınan problemlər də daxil edilib. Bildirilir ki, hakimiyyət ölkədə aktivistlər, sekulyar və dini müxaliflərə hədə-qorxu gəlib, onlara qarşı ittihamlar irəli sürməklə, həbs-qətimkan tədbiri seçilməklə ifadə və sərbəst toplaşmaq azadlığını məhdudlaşdırıb. Siyasi motivli həbslərlə vətəndaş cəmiyyətinin nümayəndələrinə qarşı ciddi tədbirlər seçilib: QHT nümayəndələri həbs olunub, qanunlar sərtləşdirilib, bank hesabları dondurulub. Hökumət ifadə azadlığını həm də 2006-cı ilə qədər yeganə müstəqil televiya olan, daha sonra yarım müstəqil televiya kimi fəaliyyət göstərən bir televiziyanı bağlamaqla da ifadə azadlığını məhdudlaşdırıb. Eyni zamanda siyasi fəalları müdafiə edən vəkillərin sayının azalması istiqamətində önləyici tədbirlər görülüb. Öz fundamental azadlıqlarını müdafiə etdiklərinə görə həbs olunan 17 nəfər azadlığa buraxılsa da, həbsdə qalanların sayı daha çoxdur”.

Məcburi köçkünlər

Məcburi Köçkünlük Monitorinq Mərkəzinin apardığı monitorinqlərə görə, Bakıda yaşayan məcburi köçkünlərin çoxu yaşayış yerlərini qeydiyyata sala bilmir, iş imkanı, dövlət yardımı, səhiyyə və təhsilə çıxış əldə edə bilmir, mülkiyyət almaqda çətinlik çəkirlər. Məcburi köçkünlərin əhəmiyyətli hissəsi kasıblıq səviyyəsi yuxarı olan marginallaşdırılmış, insanların bir-birinin içində yaşadığı yataqxanalarda yaşayırlar. Qanunun tələblərinə görə, məcburi köçkünlər yerləşdirildikləri ərazilərdə qeydiyyata alınmalıdırlar və qeydiyyat məcburi köçkün statusu almaq üçün çox vacibdir.

Hökumət il ərzində məcburi kökünlər üçün dövlət komitəsinə 260 mln. manat ayırıb. BMT-nin qaçqınlar üzrə komitəsinin (UNCHR) məlumatına görə, hökumət il ərzində Füzuli, Sabirabad, Bakı, Qazax və Zaqatalada 7000 nəfərdən ibarət 1620 ailəni evlə təmin edib.

İşgəncə və qeyri-insani rəftar

Konstitusiya və məhkəmə işgəncə faktlarını qadağan edir və buna görə 10 il müddətinə həbs cəzası düşür. 2014-cü ildə hüquq müdafiəçiləri təhlükəsizlik orqanlarının törətdiyi işgəncələrlə bağlı 324 şikayət qəbul edib. Şikayətçilər bildiriblər ki, onların alınlarına silah dayayıblar, bəzən bir neçə saat qəddarcasına döyülüblər, cinsi istismara məruz qalıb, ailə üzvlərinin həbsi ilə hədələniblər. Məsələn, Sumqayıt sakini 37 yaşlı Rəşad Mehtiyev aprelin 27-də Sumqayıt Şəhər Polis İdarəsində işgəncələrə məruz qalıb. O, iki gün sonra dünyasını dəyişib.

İşgəncələr əsasən müvəqqəti saxlanma təcridxanalarında baş verib. Avqustun 12-də saxlanılan NİDA Vətəndaş Hərəkatının fəalı Elgiz Qəhrəman 6 gün təcrid olunmuş vəziyyətdə saxlanılıb və o, işgəncəyə məruz qalaraq ifadəyə qol çəkib.

Bundan başqa, 2015-ci ildə Nardaranda dövlət çevrilişi edib islam dövləti qurmaqda ittiham olunan “Müsəlman Birliyi” Hərəkatının rəhbəri Taleh Bağırzadə də daxil olmaqla xeyli sayda dindar şəxs saxlanılıb. Məhkəmə prosesi zamanı 17 nəfər saxlanılan şəxs bildirib ki, onlara Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində işgəncə verilib. Onların müdafiəçiləri işgəncə faktında adı çəkilən və Fərahim Bünyatovu ölüncəyədək döyən Şahlar Cəfərovun fəallıq etdiyini iddia ediblər. Hökumət bu iddiaları araşdırmayıb. Taleh Bağırzadəyə sekulyar müxalifət liderləri Əli Kərimli və Cəmil Həsənliyə qarşı ifadə verməsi üçün iki gün işgəncə verilib.

NİDA Vətəndaş Hərəkatının üzvləri Bayram Məmmədov və Qiyas Bayramova işgəncə verərək onlara narkotik maddə ittihamını qəbul etdiriblər. Onlar bu ifadələri imzalayandan sonra vəkilin görüşünə icazə veriblər. Onlar soyundurulub və dəyənəklərlə zorlanacaqları ilə hədələniblər.

Rəsmi məlumatlara görə, 2000-2013- cü illərdə həbsxana rəhbərliyi həbsxananın işçilərinə qarşı olan 334 şikayəti araşdırıb. DİN 2010-2013-cü illərdə 984, Baş prokurorluq isə 678 şikayət qəbul edib. BMT-nin işgəncələrə qarşı komitəsini bildirdiyinə görə, bu rəqəmlər onu göstərir ki şikayətlər səmərəli və qərəzsiz şəkildə araşdırılmayıb.

Həbsxana şəraiti

Sovet dövründən qalma saxlanma məntəqələri beynəlxalq standartlara cavab vermir. Qobustan həbsxanasında, 3 və 14 saylı həbsxanalarda penitensiar vərəm müalicə mərkəzində vəziyyət çox pisdir. Keçmiş məhbuslar və həbs olunan fəalların valideynləri bildiriblər ki, onlar ayaqyolundan, hamamdan istifadə və ərzaq qəbulu üçün rüşvət verməli olublar. Bəzi həbsxanalarda içməli su da yoxdur.

İl ərzində Ədliyyə Nazirliyi 122 ölüm halı haqda açıqlama verib. Onların 81-i müalicə müəssisələrində baş verib.

Müxalifətin Konstitusiyaya təklif olunana referendum əleyhinə keçirdiyi 11,17 və 18 sentyabr mitinqlərinə görə 185 nəfərin saxlandığı bildirlir.

Əfv

Martın 18-də prezident 148 nəfərin azadlığa buraxılması haqqında əfv fərmanı imzaladı. QHT-lər onların 14 nəfərinin siyasi məhbus olduğunu bildiriblər. Əfv olunanlara əfv ərizələrinin yazılması ilə bağlı təzyiqlərin olduğu səsləndirilib. Məsələn, “REAL” Hərəkatının rəhbəri İlqar Məmmədovun buna görə fiziki işgəncələrə məruz qaldığı, karserə salındığı digər məhbusların hədə-qorxularına məruz qaldığı, ailə üzvlrinə təzyqlərin olunduğu bildirilib.

Siyasi məhbuslar və saxlanılanlar

Azərbaycanda siyasi məhbusların sayının 119-160 arasında olduğu bilirilir. Bundan başqa, “Azadlıq” qəzetinin redaktoru Qənimət Zahidin yaxınları həbs olunub, hüquq müdafiəçisi Leyla Yunus, onun həyat yoldaşı Arif Yunus ölkəni tərk edib. Hüquq müdafiəçiləri Taleh Bağırzadə və AXCP sədrinin müavini Fuad Qəhrəmanlının siyasi motivlərlə həbs olunub. QHT-lərin siyahısında Avropa İnsan Haqları Məhkəməsinin 2014-c ildə azadlığa buraxılmasına dair qərar verdiyi İlqar Məmmədov, NİDA fəalı İlkin Rüstəmzadə və jurnalist Seymur Həzi hələ də həbsdədir.

Media

“Amerikanın səsi”, Azadlıq Radiosu və BBC-nin FM tezlikdə yayımı məhdudlaşdırılıb. “ANS” televiziyası qapadılıb. Meydan TV-yə qarşı 2015-ci ildə açılan cinayət işi davam etdirilib, 15 nəfərdən çox şəxs sorğuya cəlb olunub.

Yerli müşahidəçilər bildirib ki, il ərzində 21 jurnalistə qarşı 31 fiziki hücum olub. Jurnalistlərə və media qurumlarına qarşı 29 məhkəmə işi olub, onlardan 1.3 mln manat kompensasiya tələb edilib, məhkəmələr 95 min (53 min dollar) manat həcmində cərimələr kəsib.

İnternet azadlığı

“Amerikanın səsi”, Azadlıq Radiosu, “Azadlıq qəzeti” və Almaniyadan fəaliyyət göstərən Meydan televisiyasının yayımı fasilələrlə bloklanıb.

Seçkilər və siyasi fəallıq

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları İnstitutu 2015-ci ilin seçkilərində müşahidə missiyasını təxirə saldı. Buna səbəb İnstitutun təklif etdiyi seçki müşahidəçilərinin sayı ilə bağlı idi.

Demokratik Təsisatlar və İnsan Haqları İnstitutunun iştirakı olmadan seçkilərin ədalətli keçdiyinə qiymət vermək mümkün deyildi. Bundan başqa, ölkənin əsas müxalifət qüvvələri seçkini boykot etdilər.

Milli Məclidə 2010-cu ildən etibarən müxalifət partiyaları təmsil olunmur. Digər vətəndaşlardan fərqli olaraq müxalifət fəalları daha çox təzyiqlərə məruz qalıblar. NİDA Vətəndaş Hərəkatı üzvləri, AXCP fəalları sosial mediada yazdılqarı tənqidi statuslarına görə saxlanılıb, həbs olunublar. AXCP sədrinin müavini Fuad Qəhrəmanlı ekstrimal şiə, köməkçisi Faiq Əmirli “gülənçi”liyə bağlı olmaqda ittiham olunur.

Hesabatda insan alveri, məcburi əmək, azyaşlı uşaqların əməyinin istismarı, diskriminasiya, cinsi azlıqların qarşılaşdığı çətinliklər də qeyd olunub.


Tərcumə: Meydan TV – Leyla Mustafayeva

Ana səhifəXəbərlərABŞ Dövlət Departamenti hesabat yaydı