ABŞ bir daha Bəxtiyar Hacıyevi azad etməyə çağırıb

ABŞ Dövlət Departamenti, oceanfishing/Shutterstock

Bu, Dövlət Departamentindən ikinci çağırışdır

ABŞ Dövlət Departamentinin rəsmi rsmi Bakını insan hüquqları fəalı Bəxtiyar Hacıyevi azad etməyə çağırıb.

Bunu dekabrın 20-də Departamentin mətbuat katibi Ned Prays “Turan”ın suallarını cavablandırarkən deyib.

“Ötən həftə biz Bəxtiyar Hacıyevin İnsan Hüquqları Günü ərəfəsində həbsi ilə bağlı narahatlığımızı bildirmişdik. Biz Azərbaycan hakimiyyətini onu operativ qaydada azad etməyə çağırdıq”, – deyə Ned Prays gündəlik brifinqdə bildirib.

“Turan”ın B.Hacıyevin işinin Azərbaycan rəsmiləri ilə müzakirə olunub-olunmadığı haqqında sualına N.Prays belə cavab verib: “Bu, bizim diplomatik kanallarla tərəfdaşlarımızla apardığımız özəl danışıqlardır. Bu, əlbəttə ki, Azərbaycandakı tərəfdaşlarımıza da aiddir. Biz bütün dünyada insan hüquqları məsələsini tərəddüdsüz qaldırırıq”.

Bəxtiyar Hacıyev. Foto: Meydan TV

Bəxtiyar Hacıyevin həbsi bir sıra beynəlxalq insan hüquqları təşkilatlarının reaksiyasına səbəb olub.

Bu artıq Bəxtiyar Hacıyevlə bağlı ABŞ Dövlət Departamentindən ikinci çağırışdır.

Dekabrın 10-da ABŞ Dövlət Departamenti Azərbaycana çağırış edərək Bəxtiyar Hacıyevin dərhal azad etməyə çağırmışdı.

Dekabrın 20-də Xətai Rayon Məhkəməsi həbsdə olan fəal Bəxtiyar Hacıyevin ev dustaqlığına buraxılması barədə verilən vəsatəti rədd edib.

Məhkəmə iclasına 6 gündür ki, aclıq etdiyi bildirilən Bəxtiyar Hacıyevin özü də gətirilib.

Xatırlatma

Dekabrın 9-da həbs edilən Bəxtiyar Hacıyev Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham olunur.

Bəxtiyar Hacıyevə qarşı cinayət işində söhbət ictimai fəalla jurnalist Ülviyyə Alovlu arasında qalmaqaldan gedir. Bəxtiyar Hacıyev uzun müddətdir ki, polisə şikayət edərək, Ülviyyə Alovlunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb edirdi.

Bir müddət öncə sosial şəbəkələrdə Yasamal Rayon Məhkəməsində Bəxtiyar Hacıyevlə Ülviyyə Alovlu arasında məhkəmə prosesi zamanı baş verənlərin videogörüntüsü yayılmışdı. Həmin görüntülərdə Bəxtiyar Hacıyev əlindəki sənədləri masanın üstünə atır.

İddia olunur ki, ictimai fəal məhz buna görə xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham edilir.

Lakin Bəxtiyar Hacıyev daxili işlər naziri Vilayət Eyvazovun sifarişilə həbs olunduğunu iddia edir.

O, zaman-zaman sosial media hesablarında Vilayət Eyvazov və nazirliyin fəaliyyətini tənqid edirdi.

O, 2022-ci ilin aprelində naməlum şəxslər tərəfindən paytaxtın mərkəzində oğurlanaraq, zorakılığa məruz qaldığını deyirdi.

Faktla bağlı cinayət işi başlansa da, bu günə qədər cinayəti törədən şəxslər tapılmayıb.

Ana səhifəSiyasətABŞ bir daha Bəxtiyar Hacıyevi azad etməyə çağırıb