“Tərəflər arasında birbaşa danışıqlar çox əhəmiyyətlidir”
ABŞ Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin mayın 19-da Moskva görüşünə tam dəstək verir.
Bu barədə mayın 18-də Dövlət Departamentinin rəsmi nümayəndəsinin müavini Vedant Patel brifinqdə bildirib.
Vedant Patel deyib ki, tərəflər arasında birbaşa danışıqlar çox əhəmiyyətlidir və onların baş tutmasından məmnundurlar:
“Biz tam dəstək göstərməyi və ABŞ-ın iştirakını davam etdiririk. Çünki bu iki ölkə davamlı və möhkəm sülhü təmin etmək üçün çalışırlar. Bu danışıqlar Arlinqtondamı gedir, ya Brüsseldə, ya Moskvada, fərqi yox, bundan bizim dəstəyimiz dəyişmir”.
“Turan”ın “Vaşinqton Moskvanın vasitəçilik səylərinə əmindirmi?” sualına Vedant Patel belə cavab verib:
“Fərziyyələr irəli sürməyəcək. Hesab edirik ki, ölkələr arasında sülh mümkündür və ABŞ istənilən halda davamlı və layiqli sülhü alqışlamağa, onun üzərində işləməyə davam edir”.
“ABŞ və Rusiya ikitərəfli münasibətləri dəstəkləyir. Çünki danışmalı olduğumuz məsələlər var”, – deyə Vedant Patel fikrini tamamlayıb.
Bu gün Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovun vasitəçiliyi ilə Ermənistan və Azərbaycan xarici işlər nazirləri görüşür.
Mayın 25-də isə Vladimir Putinin iştirakı ilə dövlət başçılarının görüşü gözlənilir.
Mayın 14-də Brüsseldə Azərbaycan və Ermənistan liderləri Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə görüşüblər.
Görüşdən sonra bəyanat yayan Şarl Mişel Brüssel danışıqlardan məmnun qaldığını ifadə edib.
Bəyanatda qeyd olunur ki, liderlər Cənubi Qafqazda sülhün bərqərar olmasına hazırlığı müzakirə ediblər.
“ABŞ-da sülh müqaviləsi ilə bağlı son müsbət danışıqlardan sonra Ermənistan və Azərbaycan arasında hərtərəfli sülh sazişinin imzalanması istiqamətində qəti addımların atılması üçün səylər saxlanılmalıdır”, – Şarl Mişel deyib.
Mayın 1-4 tarixlərində Azərbaycan və Ermənistan xarici işlər nazirləri Vaşinqtonda görüşmüşdü.
ABŞ-ın Dövlət katibi Entoni Blinken mayın 4-də keçirdiyi mətbuat konfransında Azərbaycan və Ermənistanın davamlı sülh sazişi istiqamətində nəzərə çarpacaq irəliləyiş əldə etdiyini bildirmişdi.
Münaqişənin qısa xronikası
Azərbaycan və Ermənistan arasında olan Qarabağ münaqişəsinin ilkin mərhələsi 1988-ci ildə başlayıb.
Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayan və 1994-cü ildə imzalanan atəşkəs razılaşması ilə bitən Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.
2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
Hazırkı mərhələdə ərazidə tez-tez atəşkəs pozulur, hətta günlərlə sürən döyüşlər baş verir.
Nəticədə hər iki tərəf itki verir və buna görə bir-birlərini günahlandırırlar.