ABŞ: “Bakı və Yerevan çətin kompromislərə getməlidir”

ABŞ Dövlət Departamenti, oceanfishing/Shutterstock

Miller insan hüquqlarının da masada olduğunu deyir

Vaşinqton Bakı və Yerevan arasında sülh sazişinin “əlçatan” olduğuna inanır.

Bu barədə iyulun 31-də Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyü Miller keçirdiyi brifinqdə “Turan”ın sualını cavablandırarkən bildirib.

“Biz sülh sazişi haqqında danışmağa davam edirik və əvvəlkitək inanırıq ki, sülh sazişi əlçatan səviyyədədir”, – deyən Miller əlavə edib.

O deyib ki, hər iki tərəf çətin kompromislərə getməlidir:

“Məhz buna görə də dövlət katibi Blinken Ermənistan və Azərbaycan liderlərini bu kompromislərə razı salmaq üçün onlarla danışmağa davam edib”.

Metyu Miller. Foto: Twitter

Bu yaxınlarda Qubad İbadoğlunun həbsindən sonra dövlət katibi prezident Əliyevin qarşısında insan hüquqları məsələsini qaldırıbmı?” sualına diplomat konkret cavab verməyib:

İnsan hüquqları hər zaman Birləşmiş Ştatlar üçün masadadır və biz öz narahatlığımızı açıq və fərdi qaydada ifadə edirik”.

İyulun 29-da ABŞ Dövlət katibi Antoni Blinkenlə Azərbaycanın Prezidenti İlham Əliyev arasında telefon danışığı olub.

Tərəflər Laçın keçid məntəqəsindəki durumu müzakirə ediblər.

Qubad İbadoğlu iyulun 23-də həyat yoldaşıyla birlikdə avtomobildə gedərkən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Ertəsi gün – iyulun 24-də Nərimanov Rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib.

Qubad İbadoğluya qarşı Cinayət Məcəlləsinin 204.3.1 ( saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

ADR sədri daha dörd nəfərlə əlbirlikdə ittiham olunur.

Onların adları ilk dəfə iyulun 23-də Türkiyə mediasında açıqlanmışdı.

FETÖ (Fətullah Gülən Terror Örgütü) ilə əlaqəli şəxslər kimi təqdim olunan bu dörd nəfərə qarşı da Qubad İbadoğlu ilə eyni – Cinayət Məcəlləsinin 204.3.1 maddəsi ilə ittiham irəli sürülüb.

Sözügedən dörd nəfər Döyrüş Cəfərov, Gümrah Əbdürəhmanov, Ruslan Əliyev və Anar Əliyevdir.

Qubad İbadoğlu saxlandıqdan sonra yayılan məlumatlarda iddia olunurdu ki, Anar Əliyev ifadəsində onun adını çəkib. Amma Qubad İbadoğlu ümumiyyətlə, bu şəxsi tanımadığını deyib.

Qubad İbadoğlu saxlandıqdan sonra onun ofisində, mənzilində, bağ evində axtarışlar aparılıb.

Ofisdən 40 min dollar pul tapıldığı iddia olunur. Lakin ADR sədri bildirib ki. həmin pulun ona heç bir aidiyyəti yoxdur.

Həmin məkan rəsmən onun adına olsa da, uzun illərdir ki, oradan istifadə etmir.

Qubad İbadoğlu axtarışdan sonra məkandan çıxarılıb aparılarkən şəxsən Prezident İlham Əliyevin sifarişi ilə həbs olunduğunu bildirib.

Ana səhifəSiyasətABŞ: “Bakı və Yerevan çətin kompromislərə getməlidir”