Azərbaycanın Ədliyyə Nazirliyi Amerikadan nə istəyib?
ABŞ-ın Azərbaycandan istədiyi iki nəfər Pakistan vətəndaşı Bakı Ağır Cinayətlər Məhkəməsində hakim önünə çıxarılıb. Məhkəmə onların ABŞ-a verilməsi üçün Azərbaycan Ədliyyə Nazirliyinin təqdimatına baxır. Sonda pakistanlıların ekstradisiya edilib-edilməməsilə bağlı qərar veriləcək.
Məhkəmə prosesində Ədliyyə Nazirliyinin, Baş Prokurorluğun, ABŞ və Pakistanın Bakıdakı səfirliklərinin əməkdaşları iştirak edir.
Ədliyyə Nazirliyinin təqdimatında bildirilir ki, adları çəkilən Pakistan vətəndaşları haqqında Amerikanın Nyu-York ştatının Ali Məhkəməsinin qərarı ilə axtarışa verilib.
Noyabrın 25-də hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Khani Shah Navazının vəkili vəsatət verib ki, müvəkkili məhkəmə qərar verənə qədər ev dustaqlığına buraxılsın.
Məhkəmə vəsatəti təmin etməyib.
Ədliyyə Nazirliyinin nümayəndəsi deyib ki, sənədlər də təqsirləndirilən şəxslərin ABŞ ərazisində olmadığını sübut edir. Lakin onlar texniki vasitələrlə ABŞ-da kibercinayətkarlıqla məşğul olmaqda ittiham olunurlar.
Ədliyyə Nazirliyinin nümayəndəsi onu da deyib ki, hazırda bir sıra məsələlərlə bağlı ABŞ-ın Ədliyyə Nazirliyilə danışıqlar aparırlar: "Bəzi məsələrlə bağlı biz sorğular göndərmişik. Məsələn, bizə lazım olan şəxslərin ekstradisiyası məsələsində də onların müsbət cavab verməsini istəyirik. Sorğularımıza cavab alınması təxminən 1 aya yaxın çəkir. Bu səbəbdən məhkəmənin 1 ay təxirə salınmasını xahiş edirik".
Təqsirləndirilən şəxslər məhkəmədə qısa çıxış edərək, öz ölkələrinə – Pakistana təhvil vermələrini xahiş ediblər. Amma hakim Əli Məmmədov bunun mümkünsüz olduğunu söyləyib.
Təqsirləndirilən şəxslərin vəkilləri isə onların ekstradisiyasıyla bağlı təqdimatın təmin edilməməsini istəyib. Onlar Ədliyyə Nazirliyin nümayəndəsinə 1 ay vaxt verilməsi barədə vəsatətə də etiraz ediblər.
Lakin məhkəmə bu vəsatəti təmin edib və proses dekabrın 26-na qədər təxirə salınıb.