“Sovetski” sakinləri 16 fevralda aksiya keçirəndən sonra hökumət nümayəndələri onlarla razılığa gəlmək üçün görüş təyin edib. 150 saylı məktəbdə baş tutan görüşə baş nazirin birinci müavini Abid Şərifov, Bakı meri Hacıbala Abutalıbov, Yasamal rayon icra hakimiyyətini başçısı İbrahim Mehdiyev, deputat Ülvi Quliyev, Dövlət Əmlak Komitəsinin və DİN-in nümayəndələri qatılıblar.
Sakinlər hazırladıqları müraciətdə evlərinin hər kvadrat metri üçün 3500-4000 manat tələb ediblər. Onlar kompensasiya verilməyəcəyi halda evlə təmin olunmalarını istəyiblər. Abid Şərifov deyib ki, rəhbərliyin tapşırığı əsasında söküntü prosesində heç kim evindən məcburi çıxarılmayacaq. Onlar sakinlərin tələblərini qeyd edərək 3 martda onlara cavab verəcəklərini bildiriblər.