Abbas Hüseynovun anası: Balamı çarmıxa çəkirlər

Nardaran məhbusuna işgəncə verildiyi deyilir

Foto: Abbas Hüseynovun şəxsi arxivndən
Abbas Hüseynov, foto: Sosial şəbəkə
Abbas Hüseynov, foto: Sosial şəbəkə


Nardaran məhbusuna işgəncə verildiyi deyilir

Nardaran hadisələrinə görə 20 il azadlıqdan məhrum edilmiş Abbas Hüseynovun anası Qobustan həbsxanasında oğluna qarşı işgəncələrin on gündən çoxdur davam etdiyini söyləyir. Rəhimə Hüseynova Meydan TV-yə bildirib ki, oğlunun günlərlə döyülməsi, “kars”da əlləri qandallı vəziyyətdə saxlanmasından sonra son iki gündə onu həbsxananın həyətində dəmir dirəyə bağlayıb, səhərdən axşama qədər günün altında saxlayırlar.

“Mənim balamı həbsxanada çarmıxa çəkirlər. Əli Kərimliyə təbrikinə görə ona işgəncə verilməsilə əlaqədar biz bir çox dövlət orqanına müraciət etdik. Penitensiar Xidmətin rəisinə məktub yazdım, Beynəlxalq Qırmızı Xaç Komitəsinin, Ombudsman Aparatının nümayəndələri ilə görüşdüm. Hamısından xahiş elədim ki, Abbasla görüşsünlər, ona qarşı işgəncələrə son qoyulsun. Dövlət orqanları heç bir addım atmadı. Bircə Beynəlxalq Qırmızı Xaçın əməkdaşları iki gün əvvəl gedib baş çəkib, Abbas da onlara olanları danışıb. Onlar çıxıb gedən kimi yenə Abbasa əziyyət verməyə başlayıblar”, – R. Hüseynova bildirib.

Oğlunun məruz qaldığı işgəncələrə görə aclıq aksiyası keçirdiyini deyən R.Hüseynovanın sözlərinə görə, Abbasın dəmir dirəyə bağlandığını da onlara elə özü deyib:

“Bu gün onun evə zəng elədiyi gündür. Onu bağladıqları dirəkdən açıb gətiriblər ki, evə zəng eləsin, səs-küy yaranmasın. Yanında dayanıb nəzarət edirlər, evdən başqa heç yerə zəng eləməsin. Abbas özü dedi ki, onu dirəyə bağlı vəziyyətdə saxlayırlar. Balamı çarmıxa çəkirlər, onu öldürməklə, əsəblərini pozmaqla hədələyilər. Bu adamı şərləyib, heç bir günahı olmadan 20 il iş vermisiz, bununla da ürəkləri soyumayıb, belə zülm eləyirlər. Belə Allahsızlıq olar?!”

A.Hüseynov aprelin 30-da ailə üzvləri ilə telefon danışığında bildirmişdi ki, həbsxanada ona qarşı işgəncələr yenidən başlayıb. Onun sözlərinə görə, həbsxananın rəis müavini və daha bir neçə əməkdaşı onu döyüblər, əlləri qandallı vəziyyətdə cərimə kamerasında saxlanıldığından qandal biləklərini kəsib.

Ailə üzvləri ehtimal edirdi ki, o, AXCP sədri Əli Kərimlinin ad gününü təbrik etdiyinə görə cəzalandırılır.

Penitensiar Xidmət isə A.Hüseynovun Qobustan həbsxanasında döyülməsi barədə məlumatları təkzib edib.

A.Hüseynovun Qobustan həbsxanasında işgəncəyə məruz qalması barədə məlumatlar bundan əvvəl də dəfələrlə yayılıb, məhkəməyə və prokurorluğa müraciət olunub. Hətta vəkili Yalçın İmanov ona verilən işgəncələr barədə mətbuata məlumatı açıqladığına görə Vəkillər Kollegiyasından uzaqlaşdırılıb.

Ana səhifəXəbərlərAbbas Hüseynovun anası: Balamı çarmıxa çəkirlər