“Bu nəhəng bankın dövlətə ciddi maliyyə gətirmədən oliqarxik qrupların şəxsi mülkünə çevriləcəyini indidən ehtimal etmək olar”
“Azərbaycan Beynəlxalq Bankı” (ABA) Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında ” Fərman imzalanıb. Fərmana görə, ABA-nın problemli aktivlərinin “Aqrarkredit” QSC tərəfindən alınmasının və idarə edilməsinin maliyyələşdirilməsi dövlət zəmanəti əsasında uzunmüddətli, aşağı faizli borc istiqrazlarının emissiya edilərək, qiymətli kağızlar bazarında yerləşdirilməsi yolu ilə həyata keçiriləcək.
Fərmanda qeyd olunur ki, ABA-nın restrukturizasiya və sağlamlaşdırılma tədbirləri başa çatdıqda onun nizamnamə kapitalında dövlətə məxsus səhmlərin özəlləşdirilməsi üzrə tədbirlər planını 6 ay müddətində hazırlanıb Azərbaycan Respublikasının Prezidentinə təqdim ediləcək və özəllədirmə də bundan sonra başlayacaq.
İqtisadçı Qubad İbadoğlu deyir ki, 6 ayın nə zamandan hesablanacağı fərmandan aydınlaşmır.
Bu barədə Facebook səhifəsində yazan Qubad İbadoğlu qeyd edir ki, bu cür özəlləşdirmə modelinin seçiləcəyini təsəvvür etməzdi: “Hazırkı fərmanla, ABA-nın bütün problemli aktivləri və onun idarəedilmə hüququ bank olmayan kredit təşkilatına verilib. ABA-nın kiçik bir filialı qədər pul dövriyyəsi olmayan “Aqrarkredit” QSC-yə böyük həcmli və ciddi problemli aktivlərin idarəedilməsi hüququnun verilməsini saglam məntiqlə əsaslandırmaq mümkün deyil. Bu ayın əvvəlinə “Aqrarkredit” QSC-nin cəmi aktivləri 29 milyon 521 min manat olub. Bu təşkilatın ABA-nın 100 milyonlarla borcunun idarə edib, geri qaytaracağı heç inandırıcı görünmür. Bundan əlavə, adətən dövlət mülkiyyətində olan müəssisələri sağlamlaşdırmaq üçün özəlləşdirirlər. Amma bizdə əksinə ABA-nın əvvəlcə saglamlaşdırılması və sonra isə özəlləşdirməsi nəzərdə tutulur. ABA-nın problemlı aktivlərini ondan ayırıb idarəetmə hüququnu təcrübəsiz bir təşkilata vermək, sonra isə Azərbaycanın ən iri bankını borclardan qurtulmuş formada özəlləşdirilməyin məqsədi artıq indidən bəllidir. Çox güman ki, bu bankı da “Kapital” bankın taleyi gözləyir”.
İqtisadçı bildirib ki, hazırda ABA-da əmanətləri olan fiziki və hüquqi şəxslərin sayı 800 mini ötüb. Çox güman ki, bu qədər böyük müştəri şəbəkəsinə malik olan bankın özəlləşdirməyə hazırlanması ilə bağlı fərman onlarda müəyyən narahatçılıqlar yaradacaq: “Odur ki, təklif edirəm, Mərkəzi Bank bu istiqamətdə yarana biləcək ajiotajın qarşısını almaq üçün təcili olaraq bəyanatla çıxış etsin, ABA-da olan əmanətlərin taleyinə ayınlıq gətirsin və ona təminat versin”.
“Dövlət əmanətlərə görə məsuliyyət daşımır”
Hüquqşünas Əkrəm Həsənov isə hesab edir ki, Beynəlxalq Bankın dövlətə məxsus səhmlərinin özəlləşdirilməsi onun əmanətçilərinin vəziyyətini ciddi şəkildə dəyişəcək: “Məlum olduğu kimi, hazırda Əmanətlərin Sığortalanması Fondu (ƏSF) fiziki şəxsin hər bankda 30000 manat həddində olan və faiz dərəcəsi 12-ni ötməyən əmanətini sığortalayır. ƏSF-in hüquqi statusu qeyri-müəyyən, fəaliyyəti isə qeyri-şəffafdır. Hər bir halda ƏSF-in dövlətə aidiyyəti yoxdur. Əmanətlərə görə, ƏSF sırf özü cavabdehdir. Bəzilərinin düşündüyündən fərqli olaraq, dövlət əmanətlərə görə məsuliyyət daşımır. Yəni ƏSF özü də müflis olsa (bir neçə bankın müflisliyi, yaxud özünün səmərəsiz idarəçiliyi nəticəsində), dövlət əmanətçilər qarşısında məsul deyil, başqa sözlə, əmanətlər batacaq”.
Əkrəm Həsənovun sözlərinə görə, əmanətin məbləğindən və faiz dərəcəsindən asılı olmayaraq, dövlət yalnız iki bankın əmanətçiləri qarşısında tam məsuliyyət daşıyır: “Beynəlxalq Bank” və “Azər-TürkBank”ın. Çünki onların səhmlərinin 50 faizdən çoxu dövlətə məxsusdur. Mülki Məcəllənin 950.1-ci maddəsinə əsasən isə dövlət səhmlərinin 50 faizdən çoxu ona mənsub olan banklardakı əmanətlərə görə məsuliyyət daşıyır.
“Deməli, Beynəlxalq Bankda dövlətə məxsus səhmlərin payı 50 faizdən çox olmayan həddə düşən andan dövlət artıq onun əmanətçiləri qarşısında məsuliyyət daşımayacaq. Başqa sözlə, “Beynəlxalq Bank”ın əmanətçiləri digər bankların əmanətçiləri ilə eyni vəziyyətə düşəcək. Yəni hüquqi statusu qeyri-müəyyən, sərəncamında olan pul vəsaitini necə idarə etməsi bəlli olmayan, əmanətləri yalnız müəyyən şərtlərlə sığortalayan ƏSF-dən asılı olacaqlar”,- deyə Həsənov fikrini yekunlaşdırıb.
“”Beynəlxalq Bank”ın məsuliyyətsizliyinin bədəlini dövlət büdcəsi ödəyəcək”
“Ölkənin ən böyük bankının – “Beynəlxalq Bank”ın özəlləşdirilməsində 2 narahatlıq doğuran məqam var. Birinicisi, ölkədə özəlləşdirmə üçün şəffaf mühitin heç izi də yoxdur – ona görə bu nəhəng bankın dövlətə ciddi maliyyə gətirmədən oliqarxik qrupların şəxsi mülkünə çevriləcəyini indidən ehtimal etmək olar.
İkincisi, dövlət başçısının məlum fərmanından aydın olur ki, “Beynəlxalq Bank”ın zərərli aktivlərinin alınması üçün dövlətin daxili borclanma imkanından istifadə ediləcək” – bu sözləri isə iqtisadçı Rövşən Ağayev özünün Facebook səhifəsində yazıb.
İqtisadçı deyir ki, Maliyyə Nazirliyinin buraxdığı istiqrazları Mərkəzi Bank alacaq, əvəzində “Beynəlxalq Bank”ın problemli aktivlərinə sahib çıxan başqa bir dövlət maliyyə təsisatı – “Aqrarkredit” QSC Mərkəzi Bankdan likvid vəsaitlər qəbul edəcək: “Daxili borclun qapadılması üçün hər ilin dövlət büdcəsindən vəsait ayrılacaq. Bir sözlə, “Beynəlxalq Bank”ın uzun illər məsuliyyətsiz və qeyri-peşəkar idarəçiliyinin, ölkəyə vurduğu zərərin bədəlini dövlət büdcəsi ödəyəcək. Əgər “Beynəlxalq Bank” açıq və şəffaf müsabiqə əsasında, biri-birilə rəqabət aparan, dünya bank bazarında çəkisi olan nüfuzlu banklardan biri (və ya bir neçəsi) tərəfindən özəlləşdiriləcəksə, iqtisadiyyatımız qazancaq. Əks halda yalnız özəlləşdirən tərəf böyük hesabla qazanacaq, Azərbaycan dövləti böyük hesabla uduzacaq”.