AB hökumətin vətəndaş cəmiyyətinə qarşı repressiv siyasəti sonlandıracağına ümidlidir

”EU Reporter” İlham Əliyevin Brüssel səfərindən yazır

Source:


”EU Reporter” İlham Əliyevin Brüssel səfərindən yazır

“İlham Əliyevin Avropa Birliyi rəsmiləriylə görüşü Bakıya təsir göstərəcək, hökumətin vətəndaş cəmiyyətinə qarşı repressiv siyasətinə son qoyacaq, həbsdəki fəallar azadlığa buraxılacağıyla bağlı azacıq da olsa, ümid işartısı yaradır”, –

“EU Reporter”

dərgisinin danışıqlar haqda məqaləsində belə deyilir.

Məqalə “Avropa Birliyinin Azərbaycan və Ermənistanla əməkdaşlıq barədə danışıqları sülh və çiçəklənmə fürsətidir”, – başlığı ilə yayımlanıb.

Fevralın 7-də Avropa Birliyi (AB) Azərbaycanla əməkdaşlıq danışıqlarına başlayıb. İlham Əliyev AB rəsmiləriylə görüş üçün Brüsselə getmişdi.

AB Azərbaycandan öncə Ermənistanla da müzakirələrə başlayıb, yəni paralel danışıqlar aparır. Müəllif məqalədə qeyd edir ki, hər iki ölkənin AB-nin dəstəyinə ehtiyacının olması Brüsselə müəyyən üstünlük verir:

“Brüssel bu fürsətdən regionda sülhün bərpası, həm də, özəlliklə də Azərbaycanda, vətəndaş cəmiyyətinin normal fəaliyyətinin təminatından ötrü yararlana bilər”.

Müəllif danışıqlara qatılanların qarşılaşacağı sınaqların asan olmayacağını, çox çətin görünən problemlərin ustalıqla həll edilməsinin vacibliyini vurğulayır.

“Azərbaycan mövqeyini dəyişmir, QHT rejimini liberallaşdırmır. Keçən il bəzi siyasi fəalları azadlığa buraxıb, amma bu prosesi davam etdirmir”, – yazan müəllif AB-nin də bu məsələdə öz öhdəliklərini unutmamalı olduğunu bildirir.

Yazıda qurumun “Şərq Tərəfdaşlığı” ölkələrində vətəndaş cəmiyyətinin inkişafına dayaq durmaqla bağlı 2012-ci ildə götürdüyü öhdəliklər sadalanır. Bu haqda sənədlərdə deyilir ki, Avropa Komissiyasından tutmuş, AB-nin digər institutlarına qədər bütün səviyyələrdə danışıqlarda qurumun hökumətlərə siyasi diplomatiya yoluyla təzyiq göstərmək, insan haqları məsələlərini qaldırmaq öhdəliyi var. AB bu vəzifəsini yerinə yetirərək vətəndaş cəmiyyəti qurumlarının, həm də təmsilçilərinin fəaliyyətinə şərait yaradılmasına çalışmalıdır.

foto Azertac

“AB-nin danışıqlara qatılan rəsmiləri bu öhdəlikləri unutmamalıdır”, – yazan müəllif AB-ni Azərbaycan və Ermənistandakı rejimlərə qarşı inadlı mövqe sərgiləməyə, onların liberallaşmaqla bağlı vədlərini yerinə yetirməsinə nail olmağa çağırır. Bunsuz istənilən razılaşmanın gələcəyi olmadığını bildirir.

“EU Reporter” yazır ki, AB-nin Azərbaycan və Ermənistanla bağladığı müqavilələr yalnız həmin ölkələrdəki siyasi fəallar azadlığa buraxılandan, QHT-lər normal fəaliyyət göstərəndən sonra qanuni olacaq.

Yazıda tərəfdaşlıq barədə danışıqların Dağlıq Qarabağ münaqişəsiylə bağlı gərginliyi də azaltmalı olduğu deyilir. Belə olarsa, danışıqların region tarixində böyük əhəmiyyətə malik olacağı, həm Ermənistan, həm də Azərbaycan cəmiyyətlərinin çoxdan layiq olduğu çiçəklənməyə və sülhə qovuşmasına gətirib çıxara biləcəyi vurğulanır.


Tərcümə: Azadlıq Radiosu

Ana səhifəAnalitikaAB hökumətin vətəndaş cəmiyyətinə qarşı repressiv siyasəti sonlandıracağına ümidlidir