8 mart: Bəxş edilmiş, ya qazanılmış hüquqlar?!

Bu, tam da onların günahı deyil…

Source:

Bəşər tarixində həmişə hüquqlar mübarizə ilə qazanılıb, cəmi bir neçə on il əvvəl Qərb sivilizasiyasında qadına münasibət Şərqdən heç də çox irəlidə deyildi. Amma, mübariz insanlar var idi, öz haqları uğrunda dayanmadan mübarizə aparırdılar. Məhz belə mübariz insanların sayəsində bir çox haqq və hüquqlar dünyada qəbul görməyə, tədbiq olunmağa başlandı. Tarixdə bilinən, bilinməyən minlərlə mübariz xanımlar oldular ki, bu gün artıq norma kimi qəbul edilən hüquqların, hətta müzakirəsini belə açmaq üçün öz zamanlarını, güclərinə, bəzən isə həyatlarını qurban verdilər.

Açığı, mən də hər dəfə xarici səfərlərdə olanda fəxrlə demişəm ki, Azərbaycanda, Şərqdə ilk demokratik Cümhuriyyət zamanı qadınlara seçki hüququ verilib və bu ABŞ və Avropadan öncə baş verib. Amma, o hüquq məhz VERİLMİŞDİ, qazanılmamışdı, hətta, 99% Azərbaycan qadınının o zaman heç xəbərləri də yox idi ki, onlara belə bir hüquq verilib, ya da, onlara bu heç lazım da deyildi. Ona görə də, onlar bu VERİLMİŞ huququn qədrini bilmirdilər.

Sovetlər də qadına bir çox hüququ VERDİ, qadınlar özləri bunu qazanmadılar. O cümlədən, seçib-seçilmək hüququnu da Sovetlər qadınlara, seçki institutu o sistemdə də formal olsa da, sadəcə bəxş etdilər, siyasi hüquqları onlar özləri qazanmadılar. Bunu nəticəsi olaraq, ancaq formal və kvotalı yanaşma ilə qadınlara deputat mandatları, vəzifələr bəxş etməyə başladılar.

Qərbdə proses fərqli idi, Avropada, ABŞ-da qadınlar öz hüquqlarını qorumaq, QAZANMAQ üçün mübarizə apardılar və ona görə də, QAZANILMIŞ hüquqların qədrini bilməyə başladılar. Bəzən elə tanınmaz qəhrəmanlar yarandı ki, öz hərəkətləri, etirazları ilə bəşəriyyətə qadınların hüquqlarını qəbul etdirməyə nail oldular. Müasir Qərb sivilizasiyasında artıq gender bərabərliyi, qadın-kişi münasibətləri bəlli bir çərçivəyə oturub, amma bu yol çox uzun, ağrılı, mübarizə dolu bir yol olub.

8 Mart sol bayram olsa da, mən bu günü öz hüquqlarını bilən və onlar uğrunda mübarizə aparan qadınların bayramı kimi qavrayıram. Təəssüf ki, bu günkü Azərbaycanın eybəcər sistemində qadınlar məhz seçki hüququnun tapdalanmasında hakimiyyətin ön cəbhəsində qərar tutublar, məktəblərdə təhsilin məhv edilməsində, səhiyyə ocaqlarında keyfiyyətsiz xidmət göstərilməsində də xanımlar xüsusi rol oynayırlar. Anlayıram ki, bu tam da onların günahı deyil, amma, heç olmasa onlar özləri də bu sistemin aləti olduqlarını anlamalı, qanunsuzluqlarda iştirakdan imtina etməlidirlər. Başa düçməlidirlər ki, seçkilərdə səs oğurlamaq, saxtalaşdırmaq millətin, dövlətin gələcəyini oğurlamağa, inkişafını baltalamağa bərabərdir.

Amma, cəmiyyətimizdə mübariz, əqidəli qadınlar da az deyil, onların bayramını təbrik etmək istəyirəm. Mən inanıram ki, bərpa edəcəyimiz Cümhuriyyətdə qadınlar çox mühüm rol oynayacaqlar. Onlar dövlət və hökumət orqanlarında, idarəçilikdə mütləq ciddi təmsil olunacaqlar. Nazirlərin, ən azı, 30-40%-i qadınlar olacaq, nəhayət, gün gələcək ki, Parlament Cümhuriyyətinə keçən Azərbaycanda Baş Bakan, ya da, parlament tərəfindən seçilən prezident də qadın olacaq.

Bütün bunlar üçün mübarizə aparmaq, bu hüquqları QAZANMAQ lazımdır, bəxş edilən hüquqlar heç vaxt dəyərli olmur. Ona görə də, dəyərli xanımlar, sizi təbrik edirəm, öz hüquqlarınız uğrunda mübarizədə uğurlar diləyirəm!

P.S. Foto Yasamalda çəkilməyib, xanıma o baxışlarla baxanlar da, Yasamal uşaqları deyillər. Fotoda gördüyünüz xanım Ketrin Svitserdir, Boston marafonunda qadınların iştirakına qadağa var idi. Bu xanım çəkinmədən o qadağanı 1967-ci ildə dəldi, təqiblərə məruz qaldı, amma, bacardı, onun fədakarlığı sayəsində 1967-ci ildən sonra Boston marafonunda xanımların da iştirakına icazə verildi. Söhbət tək qaçmaqdan getmirdi, Ketrin öz mübarizəsi ilə kişilərlə eyni hüquqlu olmasını sübut etmək istəyirdi və buna da nail oldu!

Ana səhifəMənim Fikrimcə8 mart: Bəxş edilmiş, ya qazanılmış hüquqlar?!