”Daşkəsən Filizsaflaşdırma” ASC ilə bağlı açıq tender elan edilib
Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) qərarı ilə 65 dövlət əmlakı özəlləşdirilməsi üçün hərraca çıxarılıb.
“Report” yazır ki, bu əmlakların 25-i iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən səhmdar cəmiyyətlər, 2-si qeyri-yaşayış sahəsi, 28-i digər dövlət əmlak və obyektləri, 10-u isə nəqliyyat vasitələridir.
Özəlləşdirməyə çıxarılan müəssisələr nəqliyyat, xidmət, kənd təsərrüfatı, o cümlədən qida istehsalı, inşaat və ticarət sahəsində fəaliyyət göstərir.
Komitədən bildirilib ki, qarşıdakı dövrdə çoxlu sayda dövlət müəssisə və obyektlərin mərhələli şəkildə özəlləşdirməyə çıxarılması planlaşdırılır. Özəlləşdirməyə çıxarılan dövlət əmlakları inventar qiyməti ilə deyil, bazar dəyərlərinə uyğun qiymətlərlə hərraclara çıxarılıb.
ƏMDK tərəfindən “Daşkəsən Filizsaflaşdırma” ASC-nın özəlləşdirilməsinin təmin edilməsi ilə bağlı təkliflərin hazırlanması üçün nüfuzlu məsləhətçinin cəlb edilməsi ilə bağlı açıq tender elan edilib.
Azadlıq Radiosu yazıb ki, “Daşkəsən Filizsaflaşdırma” ASC-nin səhmləri 2003-cü ildə Böyük Britaniyanın “Aldex Limited” şirkətinə, 2006-cı ildə isə yenə həmin ölkədə qeydiyyatdan keçmiş “Det.Al limited” şirkətinə satılıb. Hər dəfə də investisiya öhdəliklərinin yerinə yetirilməməsi səbəb gətirilərək səhmlər sərmayədarlardan geri alınıb.