Qaçqınlar Polşa, Rumıniya, Moldova, Macarıstan və Slovakiya ərazisinə keçiblər
Rusiya-Ukrayna hərbi münaqişəsi ilə əlaqədar təxminən 600 mindən çox insan Ukraynanı tərk edərək qonşu ölkələrə keçib.
Bu açıqlama ilə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının sözçüsü Şabia Mantu çıxış edib.
İnsanların Polşaya daxil olmaq üçün 60 saata qədər gözlədiyini, Rumıniya sərhədində isə 20 km-ə qədər növbələrin olduğunu bildirib.
Beynəlxalq qurumun məlumatına görə, Polşa ilə yanaşı, qaçqınlar Rumıniya, Moldova, Macarıstan və Slovakiya ərazisinə keçiblər.
Onların əksər hissəsi bu ölkələrdən digər Avropa ölkələrinə göndərilirlər.
Ukrayna Səhiyyə Nazirliyinin fevralın 28-nə olan məlumatına görə, Rusiyanın Ukraynaya hücumu başlayandan bəri 16-sı uşaq olmaqla 352 nəfər ölüb, 2040 mülki şəxs yaralanıb.
Xəsarət alanların 45-i uşaqdır.
Fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin separatçıların nəzarətində olan “Donetsk Xalq Respublikası” (“DXR”) və “Luqansk Xalq Respublikası” (“LXR”) adlı qurumları tanıyıb, həmin ərazilərə ordu yeridib.
Fevralın 24-də Rusiya Ukraynanın Donbas bölgəsində genişmiqyaslı hərbi əməliyyatlara başlayıb.