Vətəndaş “Abşeron A1” MTK-dan şikayətçidir
Ucar sakini Hikmət Nüsrət oğlu Rəhimov “Abşeron A1” Mənzil Tikinti Kooperativi (MTK) – sonralar “Kooperativ” adlandırılan şirkət tərəfindən aldadıldığını, dələduzluğa məruz qaldığını deyir.
O, Meydan TV-yə deyib ki, 2018-ci dekabrında “Kooperativ”in Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanında yerləşən yaşayış binasından 2 otaqlı mənzil alıb və qiymətini (50 000) şirkətə tam ödəyib.
Vətəndaşla bağlanan müqavilədə MTK-nın sədri kimi Ağamoğlan Duman oğlu Ağayevin adı qeyd olunub.
Hikmət Rəhimov isə deyir ki, ona mənzili şirkətin əsas iş icraçıları Bakir Babayev və Ehtiram Zeynalov satıb.
Bundan bir ay sonra – 07.02.2019-cu il tarixdə mənzili Ruhiyyə Ağamməd qızı Vahidovaya satıb. Şirkət müqaviləni yeniləyib və buna görə Hikmət Rəhimov sənədləşmə üçün də şirkətə 1500 manat pul ödəyib.
“Ruhiyyə Vahidovanı çağırıblar ki, gəl mənzilini təmirə başla”
Şikayətçi şirkətlə bağlanan müqvilənin surətini və ödənişin qəbzlərini də təqdim edib.
O deyir ki, 2019-cu ilin dekabrında MTK mənzili satdığı şəxsi – Ucar rayon Qazyan kənd sakini Ruhiyyə Vahidovanı çağıraraq, müqavilədə düzəliş adı ilə sənədi saxtalaşdırıb:
“Dekabrda Ruhiyyə Vahidovanı çağırıblar ki, müqaviləni də götürüb gəl və mənzilini təmirə başla. Ruhiyyə Vahidova MTK-ya gedəndən sonra deyiblər ki, bu müqavilə oxunmur, gəl yenisini verək. Müqavilənin əslini alıb saxtalaşdırıblar, o da bilmədən imzalayıb. Dəyişdirilmiş müqavilədə isə göstəriblər ki, guya mən mənzillə bağlı öhdəlik götürmüşəm, bunlara mal-material, armatur verməliyəm. Halbuki mən evin bütün pulunu ödəmişəm və sonra satmışam, sənədləşməyə də 1500 manat pul ödəmişəm”.
Şikayətçi deyir ki, bundan sonra şirkətin rəhbər şəxsləri – iş icraçıları Bakir Babayev və Ehtiram Zeynalovla görüşüb, şirkətə heç bir borcu olmadığını deyib:
“Mən Ehtiram Zeynalov və Bakir Babayevlə görüşdüm. Onlara vəziyyəti izah etdim. Dedilər ki, evin pulunu ödədiyin şəxsi çağır, gətir, aydınlaşdıraq. Həmin şəxs – MTK-nın işçisi də gəlib pulu aldığını və Hikmət Rəhmovun şirkətə heç bir borcu olmadığını dedi. Amma şirkət rəhbərliyi mənzili qaytarmaqdan imtina etdi”.
“Prezidentə və Birinci Vitse-prezidentə müraciət edəcəyəm”
Hikmət Rəhimov və Ruhiyyə Vahidova bundan sonra Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edirlər: “Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etdik. Dedilər ki, siz ilk adam deyilsiniz, onlarla sizi kimi şikayətçi var və şirkətlə bağlı cinayət işi açılıb. Hazırda məsələ araşdırılır və mən ölkə başçısına, Birinci vitse-prezidentə müraciət etməyi düşünürəm”.
“Məni məhkəməyə verib susdurmaq istəyirlər”
Şikayətçi bildirib ki, şirkət qabaqlayıcı tədbir kimi məsələ ilə bağlı Ucar Rayon Məhkəməsinə müraciət edib: “Məni məhkəməyə veriblər. Susdurmaq istəyirlər. Ortada 50 000 min pulum batır. Mən onlarla görüşəndə də dedim, səsli yazışmalarımız da var. Faktiki mənim haqqımı yeyirlər. Mən bu məsələni belə qoymayacağam, bütün hüquqi addımları atacağam”.
MTK təkzib edir: “Məhkəməyə vermişik”
Məsələ ilə bağlı araşdırma apardıq. Məlum oldu ki, müqavilədə “Abşeron A1” kimi qeydə alınan MTK Vergilər Nazirliyində həm də “Kooperativ” adı ilə qeydiyyatdadır.
Şikayətdə adı hallanan Ehtiram Zeynalov Hikmət Rəhimovu tanımadığını və bu barədə danışmaq istəmədiyini dedi.
Digər adıçəkilən şəxs – Bakir Babayev Hikmət Rəhimovun yalan danışdığını, bu məsələ ilə bağlı Ucar Rayon Məhkəməsinə müraciət edildiyini dedi:
“Hikmət Rəhimov yalan danışır. Pulu kimə veribsə, onun da adını hallandırsın, mənim adımı niyə çəkir? Onunla bağlı məhkəməyə müraciət edilib, hazırda iş Ucar Rayon Məhkəməsindədir. Biz heç kəsi haqqını yeməmişik, yemərik də. Normal insan niyə belə iddia ilə çıxış edir ki?”.
Bakir Babayevə müqvilə və ödəniş qəbzlərinin olduğunu xatırladanda bildirib ki, bu məsələlər telefonda araşdırılmır: “Mən sizinlə görüşüb, məsələni aydınlaşdıra bilərəm”.
Baş Prokurorluq: “Araşdırılır, hüquqi qiymət veriləcək”
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə məsələ ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılma aparıldığını bildirib.
O deyib ki, məsələ tam araşdırılandan sonra hüquqi qiymət veriləcək.