“Qurtuluş-93” sahibinin kürəkəni “Range Rover”lə törətdiyi qəza zamanı içkili olması haqda deyilənləri təkzib edir
“Range Rover” markalı maşınla 4 nəfərin ölümünə səbəb olan qəzanı törətməkdə ittiham edilən Elşad Kəlbəliyev dekabrın 17-də məhkəmədə ifadə verib. Hadisə bu ilin yayında Novxanı bağlar massivində baş verib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İlham Mahmudovun sədrliyilə keçirilən məhkəmədə o, hadisənin necə baş verdiyini danışıb.
Elşad Kəlbəliyev deyir ki, hadisə günü Novxanı qəsəbəsindəki “My Beach Novkhani”restoranından gəlirdi:
“Novxanı ərazisində döngədə yol kənarında bir neçə nəfər dayanmışdı. Mən döngəyə çatanda adamlardan biri qəfil yola qaçdı. Mən də məcburi olub, həmin adamı vurmamaq üçün maşını sola çəkdim. Bir də baxdım ki solda maşınla toqquşdum…”
Hadisə zamanı həlak olanlar həmin avtomobildəki şəxslər olub.
Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisə zamanı özü də xəsarət alıb: “15 gün özümdə olmamışam. Hadisə yerində kimin rəhmətə getdiyini bilmirəm”.
Elşad Kəlbəliyev əlavə edib, Novxanıdan restorandan gəlsə də, içkili olmayıb: “Mən ümumiyyətlə, içki qəbul etmirəm”.
Amma cinayət işinin materiallarında hadisə vaxtı onun sərxoş halda olduğu göstərilib.
Hakim də bu ziddiyyətin araşdırılmasının vacibliyini vurğulayıb: “Bu ziddiyyətin araşdırılması üçün məhkəmə tibbi ekspertizasından rəyi olmalıdır”.
Vəkil Əli Hüseynov deyir ki, hadisədən sonra Elşad Kəlbəliyev müayinədən keçirilib.
Həmin rəy növbəti məhkəmə iclasında məhkəməyə təqdim olunacaq.
Məhkəmə prosesi dekabrın 23-də davam edəcək.
İttihama əsasən, hadisə 14 iyun 2021-ci ildə gecə saat 1 radələrində Novxanı-Sumqayıt yolunda baş verib. İttiham aktında yazılıb ki, Elşad Kəlbəliyev qaydalara əməl etməyərək, qəzanın qarşısını almaq imkanı olduğu halda, bunu etməyib. Onun idarə etdiyi “Range Rover” markalı, “10 CO 002” dövlət nömrə-nişanlı avtomobil Murad Ziyadovun idarə etdiyi “Daeewo Damas”la toqquşub. Nəticədə sürücü Murad Ziyadov və onun avtomobilində olan üç nəfər – Kamran Əhmədov, Elman Şıxəliyev və Yunis Mürsəlov hadisə yerində ölüb.
Elşad Kəlbəliyev Cinayət Məcəlləsinin 263-1.4 (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda pozma, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsilə ittiham olunur. Bu maddədə 5 ilə qədər nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 7 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulub.
Bu hadisə ilə bağlı yayılan ilkin məlumatda qəza zamanı “Range Rover”də sükan arxasında avtomobil sahibinin yox, başqa şəxsin olduğu iddia edilirdi. Bir müddət sonra isə həmin vaxt avtomobili Elşad Kəlbəliyevin özünün idarə etdiyi bildirildi.
Elşad Kəlbəliyev Masazır qəsəbəsində yerləşən “Qurtuluş 93” yaşayış kompleksinin sahibi Məhərrəm Novruzovun kürəkəni, eyni zamanda bacısı oğludur. Onun özü də bu yaşayış kompleksinin satış müdiri olub. O, həmçinin 2010-2020-ci illərdə fəaliyyət göstərmiş “Əlincə” futbol klubunun da prezidenti olub.