Son illərdə dəbdə olan işlərdən biri də məscid tikintisi, bərpası, təmiri, yenidən qurulmasıdır. Burda istər iş adamları, bir az imkanlı sadə vətəndaşlar, istərsə də hakimiyyət sanki bir-biriylə yarışa girib. İmkanlı adamları, sadə vətəndaşları başa düşmək olar; xeyriyyəçilik edir, qazandığının (hansı yolla… bir ayrı mövzudur) bir hissəsini belə işlərə xərcləyir, olsun. Ancaq dövlətin istər daxildə, istərsə də xaricdə bu kimi işlərə milyonlar xərcləməsi, belə görünür ki, heç də dinə sevgidən irəli gəlmir. Din pərdəsi altında gizlənərək, şəxsi maraqları qorumaq, beynəlxalq zərbələrdən yayınmaq və xaricdə dayaqlar tapmaq…
Yeri gəlmişkən, imkanlı biznesmenlərimizin hansısa məktəbi – təhsil ocağını, xəstəxananı təmir etdirməsi, tikdirməsi ilə bağlı xəbərlə çox nadir hallarda qarşılaşırıq. Bu da səbəbsiz deyil, qazancın çoxu haram işlərdən gəlir, məscidə – Allah evinə pul qoymaqla onlar günahlarının bağışlanacağını da düşünürlər, güman ki… Bağışlanacaqmı?!
Bu da başqasının səlahiyyətində olan məsələdir, qarışmayaq və qarşılaşdığımız bir xəbərlə yazımıza davam edək.
“Gəncə “İmamzadə” ibadətgahının açılışına hazırlaşır. Çərşənbə axşamı (16 fevral – R.H.) Gəncədə əsaslı təmirdən və yenidənqurmadan sonra şiə ibadətgahı, “Göy Məscid” də adlandırılan “İmamzadə” kompleksinin açılışı olacaq”. Bu barədə “Turan” dini dairələrdəki mənbəyə istinadla bildirir.
Eyni zamanda onu da bildirir ki, tədbirdə Azərbaycanın ali ruhani nümayəndələri, Qafqaz Müsəlmanları İdarəsi yanında Qazilər Şurasının üzvləri iştirak edəcək.
Bu informasiya həmin günə təsdiqini tapmadı, görünür, Azərbaycan prezidenti İlham Əliyevin Qərb bölgəsinə səfəri açılış planında dəyişikliyə gətirib. Ancaq maraqlıdır ki, fevralın 17-də “İmamzadə”yə baş çəkən ölkə başçısı da açılış lentini kəsməyib, sadəcə açılışa hazır kompleksdə görülən işlərlə bir daha tanış olub…
Çox gözəl, savab işdir, üstəlik, xalqımızın bu ağır günündə onun başını pirlə, ziyarətgahla, məscidlə qatmaq, dərdlərini bu yolla unutdurmaq ən yaxşı vasitələrdən biridir. Bu da bir yoldur, bizsə xəbəri incələyək…
Açılış barədə informasiya ilk baxışda adi xəbərlərdən biridir, ancaq bir qədər diqqətli oxucular, lap elə sadə vətəndaşlar, büdcəyə pul ödəyənlər üçün “İmamzadə” ziyarətgahının son illərdə adının tez-tez prezident sərəncamlarında hallanması, kimlərçünsə əsas yem yerinə çevrilən obyekt olması daha maraqlıdır. Görünən odur ki, din, inanc adıyla külli miqdarda büdcə pulları havaya sovrulub. Buna qədər də məscid və ziyarətgahların təmirinə, bərpasına, yenidən qurulmasına, tikintisinə çox vəsait xərclənib, ancaq “İmamzadə” onların hamısını kölgədə qoyub. Məsələn, bir neçə il qabaq “Təzəpir”, “Bibiheybət”, “İçərişəhər” cümə, “Əjdərbəy” (“Göy məscid”) məscidlərinin təmir-tikinti və bərpa işləri üçün Prezidentin Ehtiyat Fondundan 30 milyon manat vəsait ayrılıb. Əslində bu vəsaitlə bağlı da dartışma aparmaq olardı, çünki, həmin məscidlərin hamısında nəzir qutuları var və o qutulardan yetərincə gəlir götürülür, hesabatı heç vaxt verilməyən gəlir…
Düzdür, bizim məmurlar (elə din xadimləri də) başqasının pullarını saymağı düzgün hesab etmirlər, baxmayaraq ki, büdcə pulları başqasının deyil, bizim hamımızındır və o pullarla bağlı hesabat tələb etmək, onu saymaq hər birimizin borcudur. Elə həmin borca görə “İmamzadə” ilə bağlı son illərdə ayrılan məbləği bir daha yada salmaq istədik. Bu işi başa vuranların imam özü köməyində dursun, yoxsa neftin bu qiymətsiz çağında itkilərimiz bir az da artacaqdı…
Altı ilə yaxındır – daha doğrusu, 2010-cu il martın 1-dən prezident “İmamzadə” kompleksinin “milli memarlıq ənənələrimizə uyğun şəkildə təmiri, bərpası və ətrafında abadlaşdırma işlərinin aparılması məqsədi ilə Azərbaycan Respublikasının… dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan…” pul ayırır.
– “İmamzadə” kompleksinin bərpası ilə əlaqədar işlərin sürətləndirilməsi məqsədi ilə (30 dekabr 2011);
– “İmamzadə” kompleksində əsaslı təmir və bərpa işləri davam etdirilməsi də daxil Gəncə şəhərinin sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi üçün (24 yanvar 2012);
– “İmamzadə” kompleksinin bərpası ilə əlaqədar işləri tamamlamaq məqsədi ilə(5 iyun 2013);
– “İmamzadə” kompleksinin bərpasının tamamlanması ilə əlaqədar abadlıq-quruculuq işlərinin aparılması üçün(16 may 2014);
– “İmamzadə” kompleksinin bərpası da daxil Gəncənin sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədi ilə(21 oktyabr 2014);
– “İmamzadə” kompleksində bərpa işlərinin başa çatdırılması üçün(5 noyabr 2014);
– “İmamzadə” kompleksində bərpa, abadlıq-quruculuq işlərinin tamamlanması və yol infrastrukturunun yenidən qurulması, o cümlədən Zazalı-“İmamzadə” kompleksi-Gəncə avtomobil yolunun tikintisi məqsədi ilə(9 aprel 2015);
– “İmamzadə” kompleksində bərpa, abadlıq-quruculuq işlərinin tamamlanması üçün(9 sentyabr 2015);
– Zazalı-“İmamzadə” kompleksi-Gəncə avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində avtomobil yolları təsərrüfatı üçün nəzərdə tutulmuş vəsait hesabına 12 milyon manat ayrılsın(9 fevral 2016).
Yalnız sonuncu sərəncam istisnadır, bundan əvvəlki vəsait – 36 milyon manat Prezidentin Ehtiyat Fondundan ayrılıb. Sonuncu məbləğsə Hazirlər Kabinetinin səlahiyyətində olan fonddan ayrılıb. Maraqlıdır, 2000-ci il martın 27-də qəbul edilmiş Hazirlər Kabinetinin Ehtiyat Fondunun əsasnaməsində göstərilir:
3.Ehtiyat Fondunun vəsaitinin sərəncamçısı Azərbaycan Respublikasının Nazirlər Kabinetidir.
Ancaq son illərdə Nazirlər Kabinetinin Ehtiyat Fondundan ayrılan vəsaitlərlə bağlı bütün sərəncamların altında nədənsə İlham Əliyevin imzası olur. Baxmayaraq ki, 2000-ci ildə qəbul edilmiş əsasnamə hələ də qüvvədədir.
Sərəncamı hazırlayanların dil baqajına heyran qalmaya bilmirsən, eyni yerə dəfələrlə pul ayırmağın çətinliyini başa düşürük, ancaq sərəncama bir söz əlavə etməklə xarüqələr yaratmaq ayrı istedaddır. Alqışlayırıq, həm də gurultulu, sürəkli, ardı-arası kəsilməyən, hamı ayağa qalxmaqla… lap indiki dindar, keçmiş kommunistlərin vaxtında olduğu kimi…
İndi isə anlaşıqlı olsun deyə prezident sərəncamı ilə ayrılan vəsaitlərə illər üzrə bir daha baxaq:
1 mart 2010 – 3 milyon manat
30 dekabr 2011 – 2 milyon manat
24 yanvar 2012 – 5 milyon manat
5 iyun 2013 – 4 milyon manat
16 may 2014 – 3 milyon manat
21 oktyabr 2014 – 5 milyon manat
5 noyabr 2014 – 5 milyon manat
9 aprel 2015 – 5 milyon manat
9 sentyabr 2015 – 4 milyon manat
9 fevral 2016 – 12 milyon manat – bu vəsait “Azəryolservis” ASC-yə ayrılsa da, burada da “İmamzadə” adı çəkilir.
9 sərəncamla 36 milyon manat “İmamzadə”yə xərclənib, bunun da üstünə sonuncu-onuncu – 12 milyonluq sərəncamı əlavə etsək, bu, 48 milyon manat edir. Kiçik rəqəm deyil…
Başlanğıcda vurğuladığımız kimi, din obyektlərinə vəsait təkcə daxilə deyil, xaricə də ayrılır. Parisə, Romaya, Vatikana ayrılan pulları yada salaq, məsələn, Serbiyanın bir şəhərində “Müqəddəs Petka” kilsəsinin tikintisinə və Belqradda məscidin təmirinə Azərbaycan hökuməti 1 milyon 700 min avro ayırmışdı. Bütün bunları ölkə başçısının məmurları israfçılığa qarşı mübarizəyə səslədiyinə görə xatırlatdıq…
***
6 ildir davam edən layihəni “Gəncəkörpütikinti-2” Səhmdar Cəmiyyəti icra edib. Bu SC bir çox iri layihələrdə – paytaxtın Ziya Bünyadov və Atatürk prospektlərinin kəsişməsində yol qovşağının tikintisində baş podratçı olub, bundan başqa, Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməsi və s. işlərə də “töhfə” verib.
İmam dadımıza çatsın!