”36 manatla bütün problemləri həll etmək mümkün deyil”

Zöhrab İsmayıl: ”Heç olmasa, bu vəsait minimum əməkhaqqı qədər, yəni 116 manat etsəydi, anlaşılan olardı”

Source:


Zöhrab İsmayıl: ”Heç olmasa, bu vəsait minimum əməkhaqqı qədər, yəni 116 manat etsəydi, anlaşılan olardı”


“Qubadlı rayonunun İcra Hakimiyyətindən gəlirəm. Qəbul günü olmadığı üçün başçı məni qəbul etmədi. Müavinləri ilə görüşdüm. Məcburi köçkünlərin statuslarının ləğv edilməsi barədə qərarın yazılı formasını tələb etsəm də, bizə belə qərar göndərilməyib, amma “Qaçqınkom Əli Həsənovun təlimatı var”, – dedilər. İsrar etdiyim üçün uzun çək-çevirdən sonra təlimatı üzə çıxartdılar. Təlimatda adına mülk, maşın olan bütün məcburi köçkünlərin müavinətlərinin dayandırılması, dolayısı ilə statuslarının ləğv olunması bildirilir. Hələ ki, təlimat icra nümayəndəliyi üzrə iki nəfərə icra olunub”, – deyir, Qubadlıdan olan məcburi köçkün Könül Əli.

“Mənim statusum ləğv olunursa, deməli, mən Qubadlı vətəndaşlığından da, çıxarılıram?”

O, həmin 2 nəfərdən biri olduğunu söyləyir. Deyir ki, başçının Sahib adlı müavini ona “kimə istəyirsiniz şikayət edin, bizə sizin müavinətlərinizin dayandırılması tapşırılıb”, – deyib.

Könül Ali foto sosial şəbəkə

“Mənim statusum ləğv olunursa, deməli, mən Qubadlı vətəndaşlığından da, çıxarılıram – sualıma başçının digər müavini “bəli, di get hara istəyirsən qeydiyyata düş, azadsan” – dedi. Görünən odur ki, prezidentin “Qaçqın və məcburi köçkünlərin statusuna yenidən baxılsın” göstərişi məhz bu məqsədlə verilib. Əslində statusun hər kəsə aidiyyatı var. Sadəcə kütləvi etirazdan qorxduqları üçün, bu prosesi mərhələ-mərhələ həyata keçirəcəklər. Müavinəti dayandırılmayanlar isə təbii ki, susacaqlar, ta onlara növbə çatıncaya qədər”, – Könül Əli bildirir.



Bütün güzəştlərin yerinə 36 manat

Prezidentin yeni imzaladığı fərmanla məcburi köçkünlərə edilən kommunal güzəştlər, aylıq çörək pulu və s. birləşdirildi və onlara aylıq 36 manat veriləcək.

Fərmanda dövlət büdcəsindən məcburi köçkünlərin sosial müdafiəsi üçün ayrılan vəsaitin ünvanlılığının təmin edilməsi və çatdırılma mexanizminin sadələşdirilməsi nəzərdə tutulur. Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci, kommunal və digər xidmətlər üçün aylıq 36 manat məbləğində müavinət müəyyən edilib.

“Azərtac” yazır ki, fərmanda Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti və “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə məcburi köçkünlərin məskunlaşdığı yerlərdə qısa müddətdə sayğacların quraşdırılmasının təmin edilməsi tapşırılıb.



“Ayrılacaq 36 manat kiçik rəqəmdir”

Prezidentin yeni imzaladığı fərmanını Meydan TV-yə şərh edən iqtisadçı Zöhrab İsmayıl bildirib ki, neftin qiymətinin yüksək dövründə ayrılan vəsaitləri məcburi köçkünlərin adı ilə “Azərişıq”a, “Azərsu”ya, “Azərqaz”a ödəyirdilər:

Zöhrab İsmayıl

“Adları çəkilən qurumlar isə korrupsiyalaşdığından dövlətin vəsaitini israf etməklə məşğul idi. Hazırda vəziyyət fərqlidir, hökumət ayrılan vəsaitin böyük olduğunun fərqindədir və ona görə qənaət etməyə məcburdur. Ayrılacaq 36 manat kiçik rəqəmdir, bəli, hökumət təbliğatçıları 1 ailədə 4 nəfərin olduğunu deyib məbləğin çox olduğunu iddia edə bilər. Amma durum fərqlidir, ayrı və tək yaşayanlar var. İkinci, köçkünlərin əksəriyyəti bölgələrdə xüsusi qəsəbələrdə məskunlaşıb, kiçik torpaq hissəsi verilib və əraziyə qaz çəkilməyib, işıqdan istifadə olunur, 36 manat çatmayacaq. Şəhərdə olanlar isə yataqxanalara yerləşiblər. Pulsuz təhsil var, əlavə olaraq tibbi sığorta verilsəydi, ayrılan 36 manatı anlamaq olardı. Hazırda 36 manatla bütün problemləri həll etmək mümkün deyil. Heç olmasa, bu vəsaiti minimum əməkhaqqı qədər, yəni 116 manat etsəydi, anlaşılan olardı. 15 milyard manat büdcəsi olan ölkə üçün 360 milyon böyük məbləğ deyil. Yaxud hökumət kimlərin ehtiyacının olub-olmaması, gəlir meyarı əsasında müəyyənləşdirərdi. Bəli, gəliri müəyyənləşdirmək çətin olsa da, etmək olardı. Bir daha deyirəm, kommunal xidmətlərin bahalaşdığı zamanda 36 manat çox azdır, bunun işində çörək pulu da var”.

Z.İsmayıl xatırladır ki, hökumət 23 ildir köçkünləri ərazilərin qaytaracağı vədilə aldadır:

Əgər hakimiyyət işğal olunan torpaqları qaytara bilməyəcəyini əvvəldən desəydi, bu insanlar başlarına çarə qılardı. Nə qədər desək də, köçkünlərin əksəriyyəti gerti qayıdacağı ümidiylə yaşayır, bu, həm də siyasi olaydır”.

Ana səhifəAnalitika”36 manatla bütün problemləri həll etmək mümkün deyil”