3 il sonrakı ”Qafqaz triosu”?

Çoxu bu əsərdə “milli xəyanət” aşkar edib İbrahimbəyovu təhqirə keçdi, başqaları sadəcə “inciməklə” kifayətləndilər

Source:
Кавказское трио
Кавказское трио

Ssenari müəllifliyi təqdimata ehtiyacı olmayan Rüstəm İbrahimbəyova məxsus, hələ üç il öncə çəkilmiş və adından məlum olduğu milli münasibətlər mövzusunda olan film – “Qafqaz triosu” son günlər çox səs-küyə səbəb oldu.

Çoxu bu əsərdə “milli xəyanət” aşkar edib İbrahimbəyovu təhqirə keçdi, başqaları sadəcə “inciməklə” kifayətləndilər. Burada sadə sosial şəbəkə isifadəçilərindən tutmuş kinoşünas və rejissor Ayaz Salayevə kimi geniş spektrdə fikirlər vardı, amma filmi müdafiə edənləri və onların arqumentlərini, doğrusu, görmədim ki, bu da təbiidir: bizdə bu mövzuda istənilən fikir təxmini ölülər haqda deyilən kimi olmalıdır. Qısası, hansısa erməni (kim və nəçi olmasından asılı olmayaraq) haqda – ya pis, ya da heç nə. Bunun cəmiyyət olaraq bizə nə kimi xeyri ola bilər, niyə bu məsələ dövlətlərin qarşıdurması kimi deyil, sırf etnik müharibə kimi təfsir olunur – dəqiq deyə bilmərəm, amma belə kulivasiya edilməkdədir.

Tamam, indi keçək filmə, izləyərkən təəssüratım deyirdi ki, buradakı personajlar və süjet xətti, baş verən hadisələr həddən artıq sünidir, yersizdir, bədii cəhətdən inandırıcı deyil. Hansısa insan başqasını varis etmək istərsə, onun doğrum haqda şəhadətnaməsini istəməz, Moskvada iki gündən sonra debüt edəcək aktyor da heç bir zaman bu şansı boşuna buraxıb başqa yerə mənasız iş üçün getməz. Filmdə iqtidara müxalif olan institut direktoru da ssenaristin çox geniş fantaziyasından xəbər verir, oradakı başqa söhbətlər də eynən.

Aktyor oyunu haqda danışmaq əbəsdir, Stanislavskinin sözləri ilə desək – inandırmır! Əsərin baş qəhrəmanı (Yuri Stoyanov) əsla erməni ataya bənzəmir, soyuqqanlılıqla bioliji oğluna basqı edir ki, Bakıya gedib həqiqi soyadı (Ağayants) olan doğum haqda şəhadətnamə gətirsin. Bakıya gələn Timurun (Sergey Quzeev) həyat yoldaşı ilə olan səhnə, sonra ailənin yığışması da süniliyi ilə göz çəkir. Sonrakı süjet xətti, ümumiyyətlə, müəmalı qalır, baş qəhrəmanlardan biri Timur öz bağlarındaca yoxa çıxır, sonra tamaşaçı onu ssenaristlə birgə su quyusunda “tapır”.

Timurun itməsini onun sənədlərini Tbilisidə gözləyən atanın qəzəbi də Stoyanovun vargücü ilə çalışmasına rəğmən süni və inandırıcı deyil. Ssenaridəki başqa məntiqsiz-yönsüz xətləri yazmaqla bitməz, sanki təcrübəli kinodramaturqun yox, özünü yenicə sınamaq istəyən gənc bir yazarın qələmindən çıxıb.

Yeri gəlmişkən, lütfən biri ağsaqqala desin ki, qızı Fatma İbrahimbəyovanı daha filmlərə (“Kabusun gözləri ilə”, 2010; “Qafqaz triosu”, 2015) çəkdirməsin, çox gözəl bir xanım olsa da, aktrisa deyil, həqiqətən alınmır.

Hər hansısa əsərin bədii məzmunu haqda danışarkən onu hansısa “milli ideologiya” hədəfindən qiymətləndirmək mənasız işdir. Amma yenə də istənilən əsərdə inandırıcılıq, hətta bədii realizm (xüsusən bu yönlü əsərlərdə) olmalıdır, çünki hamıya məlumdur ki, erməniəsilli müxtəlif ölkə vətəndaşlarına Bakıya şəxsi işləri üçün gəlməyə çətin ki, hətta MTN naziri icazə ala bilsin – vəzifəlilərdən də kimsə bunu etməz, yalnız ən yüksək məqalarda buna icazə verilir və o zaman da heç bir məmur və ya kimsə səsini çıxara bilməz.

İndi baxmayıb, amma “inciyən” təbəqə üçün – filmin lap əvvəlində Azərbaycanın işğal edilmiş ərazilərlə xəritəsi göstərilir və titrlərdə Dağlıq Qarabağın ölkəmizə məxsusluğu deyilir. Personajların dialoqlarında da bu var, baş qəhrəmanlardan biri Fərhad (İnstitut direktoru) MTN naziri ilə dialoqunda uşaqlıq dostu haqda danışarkən “o Qarabağda separatizmi pisləyən ermənilərdən biridir”- deyir. Başqa epizodda isə Bakıya gəlmiş uşaqlıq dostu, Edik Ağayants artıq onun özünə – “İndi məni də sizin ərazilərin 20%-nin işğal olunmasında günahkar görəcəksən?” – sualı ilə müraciət edir. Təbii ki, bunlar filmin xarici auditoriyası üçün ssenarist tərəfindən xüsusi hazırlanmış məlumatdır.

Əslində niyə bu filmin məhz indi, filmin təqdimatından 3 il keçəndən sonra Azərbaycan cəmiyyəti üçün aktuallaşdığı maraqlıdır – kimsə bu haqda düşünübmü?

Necə oldu ki, bu film 3 ildən sonra milli hisslərinizi təhqir etdi, xanımlar və cənablar? Bizim cəmiyyyətdə belə hadisələr olub, Əkrəm Əylisli olayında da hadisələrə reaksiya romanın çapından xeyli sonra baş vermişdi, xatirinizdədirmi? O zaman kütlələrə dirijor çubuğunun işarəsi haradan gəlmişdi – məlumdur, görən indi də eyni mərkəzdən gəlib o auftakt? İstənilən halda, o zaman hətta Naxçıvanda (!) küçələrə çıxıb kitablar yandıran kütlənin şövqü, indi isə adətən susmağa üstünlük verən Salayevin belə dilə gəlməsi işarənin ən yuxarı məqamlardan gəldiyini xəbər verir.

Amma icazəli və icazəsiz “təhqir edilmişlər” və “inciklər” də bilməlidir ki, istənilən səs-küy və hətta qara PR belə haqqında danışılan əsərə məşhurluq gətirir.

P.S. Doğrusu, bu filmə görə 3 il sonra İbrahimbəyovu təhqir edənləri əsla anlamıram, nə də qəbul edirəm, amma səmimi deyim ki, ona ümid bəsləyib 5 il əvvəl prezidentliyə namizəd edənləri heç anlamıram, çox ehtiraslı xalqıq, nə isə..

Ana səhifəMənim Fikrimcə3 il sonrakı ”Qafqaz triosu”?