8 əsgərimiz isə ağır yaralanıb, Müdafiə Nazirliyi araşdırma aparacağını bəyan edir
Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində faciəli hadisə baş verib. Bu barədə APA-nın yaydığı məlumatda bildirilir ki, cəbhənin Füzuli istiqamətində səngərbərkitmə işləri apararkən minanın partlaması nəticəsində ordumuzun 3 əsgəri həlak olub: “Azərbaycan Ordusunun hərbçiləri – əsgərlər Novruz Abdullayev, Seyfəddin Kərimov və kapitan Ceyhun Orucəliyev hadisə yerindəcə dünyasını dəyişiblər. 8 hərbçimiz isə agır yaralanıb”.
Hadisə nəticəsində dünyasını dəyişən kapitan Ceyhun Orucəliyev Naxçıvan, əsgərlər Novruz Abdullayevin Bakı, Seyfəddin Kərimovun isə Gəncənin Kəpəz rayonundan hərbi xidmətə çağırıldığı məlum olub.
Yaralı əsgərlər Bəhruz Musayev, Sadiq Cəbrayılov, Emin Talıbov və Azər İsgəndərzadə hospitala yerləşdirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı ANS PRESS-ə açıqlamasında hadisənin araşdırıldığını deyib. Araşdırmalardan sonra hadisə barədə ətraflı məlumat veriləcək.