Bir neçə ay qabaq Bakıda əlilliyi olan şəxslərə aid beynəlxalq bir konfransda iştirak etdim. Aramızda MDB ölkələrindən olan əlilliyi olan vətəndaşlar daha çox idi. Konfransın son günü bəzi deputatlarla görüşümüz təşkil olundu.
İlk dəfə idi parlamentin binasına daxil olurdum. Düşünürdüm ki, hara olmasa da, heç olmasa bura əlil arabamla rahat daxil ola bilərəm. Az keçmədi ki, yaman sadəlövh olduğumu anladım. Parlamentin binasının bir tərəfində guya əlil arabası istifadəçiləri üçün pilləkanların yanına pandus yerləşdiriblər. Pandusu görəndə rəngim qaçdı. O pandusdan daha çox xizək sürənlərin sürət yığması üçün nəzərdə tutulan yoxuşa bənzəyirdi. Ordan heç cür sərbəst enə bilməzdim. Nəzarətçilərdən kömək istədim. İki nəzarətçi çətinliklə məni ordan keçirdilər. Həmin vaxt özümü Amerikadakı sürətlə hərəkət edən karuseldə hiss edirdim. Yəni əsl ekstrim yaşadım.
Çox şükür, içəri salamat keçə bildim. 5-10 dəqiqə sonra konfransda iştirak edən Gürcüstandan olan, əlil arabasından istifadə edən kişini dəhlizin başında gördüm. Bayaq mənim içəri giriş etdiyim tərəfdən təkbaşına bizə sarı gəlirdi. Deyinə-deyinə mən dayandığım tərəfə yaxınlaşanda onun rənginin qaçdığını gördüm. Qorxmuşdu. Əsəbi şəkildə həmin anormal pandusdan şikayətləndi. Dedi: “Az qalmışdılar məni yıxsınlar, o pandusu hansı ağılsızlar o şəkildə düzəldib?!” Adama cavab vermədim. Üzümdəki məyusluq və təəssüf ifadəsindən hər şeyi anladı zatən.
Nə isə, bir qrup deputat və bəzi özəl universitet rektorlarının olduğu konfrans zalına girdik. Bəlağətli nitqlərə start verildi. “Ay belə inkişaf edirik, ay sizə belə şərait yaradırıq” və s. AzTV cümlələri ilə xeyli söhbət getdi.
Deputatların içində ən fəal və şən əhval-ruhiyyədə olan Milli Məclisin Əmək və Sosial siyasətinin sədri Hadı Rəcəbli idi. Ona sual verdim ki, nə üçün parlamentin binasına giriş əlilliyi olan şəxslər üçün qeyri-müəssərdir və pandus elə iti və “krutoydur”? Hadı müəllim gülə-gülə cavab verdi ki, “onu sizin kimi “krutoy” adamlar üçün qoymuşuq”, sonra soruşdum ki, bəs birdən deputatlardan hansısa qəza, ya da xəstəlik nəticəsində yerimə qabiliyyətini itirib, əlil arabasından istifadə etsə, binaya giriş-çıxışı yenə həmin təhlükəli yolla təmin olunacaq?
Cavab verdi ki, mütləq nəzərə alınacaq və hər şey yaxşı olacaq, Orxan. “Nə vaxt” sualıma cavab o biri cavablar kimi ənənəvi və yolaverici oldu- “tezliklə!” Bax belə…
O gün küçədə yenə az qalmışdım əlil arabamdan yıxılım. Ümumiyyətlə, təkbaşına heç yerə gedib-gələ bilmirəm. Əgər belə bir qərar versəm, gərək motosiklet sürənlər kimi dəbilqə ilə zirehlənim. Çünki hər yer məhdudiyyətlərlə doludur və yıxılıb, əlavə travma almağım qaçılmaza dönüşür. Hər yerə dostlarımla, ya da qohumlarımdan kiminləsə gedirəm. Onlar özümün sərbəst keçə bilməyəcəyim maneləri aşmağıma kömək edirlər. Bir çox yerdəsə, ümumiyyətlə, yanımda olan tək bir nəfərin məni hansısa binaya daxil olub-çıxmağa və ya pandusdan qalxıb-düşməyə kömək etməyə fiziki gücü çatmır. Məcbur ətrafdan keçənlərdən kömək istəyirik. Açığı, bizim millət belə kömək ehtiyaclarında hədsiz yardımsevər və mərhəmətlidir. Bir də görürsən heç xahiş etməyə, ağzını açmağa imkan tapmamış iki-üç qolu qüvvətli gənc arabanın bir küncündən tutub, məni maneədən rahatlıqla keçirirlər. Bu, yaxşı xüsusiyyətdir. Amma olmaz ki, infrastruktur müəssər olsun və mən, yaxud digər əlil arabasından istifadə edən vətəndaşlarımız sərbəst, heç kimin köməyi olmadan istədiyi yerə rahat, maneəsiz gedib-gəlsin? Axı bu şəraiti yaratmaq çətin deyil.
Faktiki olaraq özümü həbsxanadakı kimi görürəm. Əlil arabasından istifadə etmək elə bil dəmir barmaqlıqdan həyata baxmaq kimidir bu ölkədə. Nə normal müalicə mərkəzləri mövcud deyil ki, müalicə ala bilim, nə ictimai nəqliyyatdan(avtobus,metro) istifadə edə bilirəm, nə əlil arabasına görə işə götürürlər, nə məni maddi cəhətdən təmin edəcək aylıq sosial müavinat alıram(140 AZN), nə də küçədə-bayırda, ictimai yerlərdə sərbəst hərəkət edə bilirəm.
Bütün bu sadaladıqlarımın fonunda onu da qeyd edim ki, 3 dekabr Beynəlxalq Əlilliyi olan İnsanlar Günüdür. Azərbaycan əhalisinin 5,6 faizi yəni 530 min nəfəri əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlardır. Əlilliyi olan şəxslərin hüquqlarına dair BMT Konvensiyası planetin tarixində əlilliyi olan milyonlarla şəxsin hüquqlarını müdafiə, təşviq və təmin etmək üzrə dövlətlərin qarşısına öhdəliklər qoyub. Həmin öhdəliklər əlilliyi olan şəxslərin cəmiyyətdə bərabərhüquqlu, müəssər, əlçatımlı, bir sözlə, onların firavanlığının təminatına xidmət edən qanunlar məcmusudur.
Qeyd edim ki, tragikomik də olsa, Azərbaycan hökuməti də BMT-nin həmin qanunlarını ratifikasiya edib.
Buyurun:
“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyanın Fakültativ Protokoluna qoşulmaq barəsində
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən 2006-cı il dekabrın 13-də qəbul edilmiş “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyanın Fakültativ Protokoluna müvafiq bəyanatla qoşulsun.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 oktyabr 2008-ci il No. 686-IIIQ