Kümçülər problemlərinin çox olduğunu deyir
“Rayon üzrə ən tanınmış kümçüyəm. İki ildir müraciət edirəm, ancaq köməklik göstərilmir”.
Balakən rayonunun Talalar kənd sakini Vaqif Hümbətov belə deyir. O, 8 ildir barama təsərrüfatı ilə məşğul olur. Hər il mayın əvvəlindən götürdüyü qurdu iyun ayında yetişdirərək yaş barama şəklində alıcılara təhvil verir.
Deyir ki, ağır zəhməti müqabilində “Fəxri Fərman” və “Əmək ordeni”nə layiq görülsə də, yaşadığı problemlər istehsal imkanını azaldır. İlk iki təsərrüfatla başlasalar da, artıq kənddə bu təsərrüfatla məşğul olanların sayı 15-ə çatıb.
Vaqif Hümbətovun sözlərinə görə, ötən il 100 qram qurda 450 kq-a yaxın yaş barama tədarük etsə də, ancaq bu il yem çatışmazlığı üzündən məhsuldarlıq 267 kq-dan artıq olmayıb. Deyir ki, kənddə çəkil ağacı azdır. O da müəyyən məbləğ pul müqabilindədir. Torpaq lazımdır ki, geniş çəkil bağları salınsın:
“Nomalda 40 günə təhvil verilsə də, yetişdirib 35 günə təhvil verdim. Çox çətin əmək, ən ağır zəhmət tələb edən sahədir. Ailəmlə birgə hətta əlavə iki işçi də tutmuşdum. Bu sahədə ən böyük problemimiz çəkil ağaclarının çatışmazlığıdır. Çindən gətirilən min ağac götürüb əkmişəm, tinglər istilikxanadadır. Yer lazımdır ki, götürüb əkəsən. Əgər gəlirimiz dövlətə xeyir verməkdirsə, bu təsərrüfatı artırmaq istəyiriksə, bizim geniş çəkil bağlarımız olmalıdır”.
“Bələdiyyə deyir ki, sahə yoxdur”
Kümçü deyir ki, bununla bağlı dövlət qurumuna müraciəti olub. İstəyib ki, çəkil bağları salmaq üçün 1-2 hektar yer verilsin:
“Ötən il Kənd Təsərrüfatı Nazirliyinə müraciət etdim, o da bələdiyyəyə. Bələdiyyə də deyir ki, məndə elə bir sahə yoxdur. Hətta ən yararsız sahəni istədim ki, əziyyət çəkib bağ salım. 17 sot pay torpağım var, onda da fındıq bağları salmışam. Ağacı necə qırım, olmaz axı?”
“Yoxsa belə hamımız kəndlərdən yarpaqları pulla alırıq. Hamının öz təsərrüfatı, əkin-biçini var. Ağac özünə lazımdır. Məcbursan, xahiş edib pulla alasan. 150-200 manat elə yarpağa verirsən. Qonşu kənddə çəkələk olan bağ var. Mən o bağı icarəyə götürdüm. Gələn il icarəyə verməyə bilər. Hər təsərrüfatda az çəkil ağacı olur. Sovet dönəmindən sonra çoxu qırılıb. Onu pulla alsan belə, yenə qurda yemləməyə bəs etmir. Torpaq olsa, bağ salınsa, mən ildə 1-2 ton barama verərəm”, – Vaqif Hümbətov deyir.
Haşiyə:
Son illər ölkədə qeyri-neft sektoru adına dirçəldilməyə çalışılan aqrar sahələrdən biri də baramaçılıqdır. Baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramının icrası nəticəsində 2025-ci ilədək yaş barama istehsalı həcminin 600 min tona çatdırılması nəzərdə tutulur. Ancaq kümçülər deyir ki, barama istehsalını ağır zəhmət və çətinliklər hesabına ərsəyə gətirirlər. Bu sahənin yetərli inkişafına əngəl olan problemlər var.
Ölkədə yaş barama istehsalı ilə məşğul olan 38 rayon arasında Balakən rayonu barama tədarükünə görə öncüllərdəndir. Rayonun Talalar, Həmzə, Meşəşampul, Qabaqçöl, Katex kimi iri kəndlərində kümçülərə daha çox rast gəlinir.
Mən dağa yarpaq qırmağa gedəndə qurd ac qalırdı
Kümçü Cavid İsmayılov da həm yem, həm də yer çatışmazlığından əziyyət çəkir. Yağışlı keçən hava şəraiti də bu il məhsuldarlığa mənfi təsir göstərib. Kümçü deyir ki, qurd 4 yuxu yatır. Son 3-4-cü yuxularda onu yaxşı yemləməlisən ki, məhsuldarlıq normal olsun. Həm də yeri rahat və uyğun temperaturda olmalıdır. Həşəratlardan, quşlardan qorumaq üçün də normal saxlanma yeri lazımdır:
“Səhər, axşam qurdu çox qidalandırmalısan. Gündə normal 3 dəfə. 4-cü yuxuda hər günə 50-60 bağ yarpaq lazım olur. Mən dağa yarpaq qırmağa gedəndə qurd ac qalırdı. Keçən il məhsuldarlıq 260 kiloqram olmuşdu, bu il isə 240 kiloqram. Yarpaq işi çətindir, şərait pisdir. Gedirik dağdan kol-kos qırıb, yarpaq tapıb gətiririk. Yer vermirlər, özümüzün də yerimiz yoxdur ki, əkək”.
“Zülmlü işdir, bütün ailəni bu işə qatmışam. Uşağım, həyat yoldaşım, hamısı dağa gedir, yarpaq qırır. Onun qapısından bir çəkil ağacı tap, al, bunun qapısından birini tap al. 3-5 çəkil ağacı ilə baramaçılıq olmur. Yağışlı havada gedib dağdan yarpağı gətirib, fenlə qurudub elə verirdik. 120 qram qurd verilmişdi mənə. Kənd məscidindən kirayə palatka götürüb elə baxmışıq. Onu da küləkli hava götürdü apardı, xeyli qurdum onda qırıldı. Ona görə də məhsuldarlıq az oldu. Yaxşı barama sarıya bilmədi”, – Cavid İsmayılov deyir.
Onun sözlərinə görə, sahələr mütləq olmalıdır:
“Onda digər sakinləri də cəlb edərik, 50-60 təsərrüfat məşğul olar. 300-500 qram götürərəm, çox becərərəm. Belə çox qorxuram, artıq götürərəm, yenə yem çətinliyi yaşayaram və qurdlar məhv olar. Əziyyət hədər gedər”.
Ödənişlər gecikdirilir
Artıq ötən ildən kəndlilər yazlıq baramaçılıq təsərrüfatı ilə yanaşı, payızlıq baramaçılıqla da məşğul olurlar. Ancaq yem, yer qıtlığı və isti hava şəriati buna imkan vermir. Deyirlər ki, üstəlik hər il gecikdirilən yaş barama tədarükünə görə ödənişlər baramaçıları çıxılmaz durumda qoyur. İyunun əvvəli məhsul təhvil verilsə də, ödənişlər edilməyib. Kümçü Vaqif Hümbətov deyir ki, çəkdiyi xərc alacağı vəsaitin yarısıdır:
“Yaxşı olar ki, alış qiymətləri qaldırılsın və ödəmə zamanında edilsin”.
“1100 manat xərcim olub ümumi. Gecə-gündüz odun sobası yandırdım ki, təsərrüfat üçün lazım olan 23-24 dərəcə temperatur normasında qalsın. Ödənişlə həm maşından, həm at arabasından istifadə edirəm. Pulla yarpaq aldım, yer icarəyə götürdüm. Ancaq bu işdə nisyəlik var. Yəni təhvil verilən zaman pulu almadıq. Üstündən iki həftə keçir, ancaq pul ödənilməyib. Bizi də başa düşmək lazım ki, bu işi ailəmizlə birlikdə, hətta işçi tutaraq köməkli edirik. Onun pulunu ödəmək lazımdır. Digər bir çətinlik isə odur ki, ötən il baramanın kilosu 9 manat idi, bu il oldu 11 manat. 5 manat subsidiyadır, 6 manatı alıcı verir. Yaxşı olardı ki, elə təhvil verən kimi, ya da 2-3 gündən sonra tam şəkildə ödənilsin. Ötən ilin avqustunda ölkədə ilkə imza atıb payızlıq barama götürdüm, ancaq bu il mənə çətin gəlir”, – kümçü deyir.
Digər kümçü Akif Bayramovun da əsas narahatlığı gecikən və aşağı ödəniş qiymətləri ilə bağlıdır:
“7 nəfərə 160 qr qurd götürmüşdük. Mayın 3-ü götürdük və iyunun 12-də 230 kq barama təhvil verdik. Onu da adambaşına böləndə 340 -350 manat pul düşür. Elə 200 manata yarpaq aldıq. Çox çətindir. Keçən illər 9 manatdan götürdülər. Süründük. 5 manat bir verdilər, 2 manat bir, 2 manat da bir. Gecikdirmələr var. Bu il isə almamışıq hələ. Yenə də hissə-hissə vuracaqlar pulu. Deyirlər ki, pul iyulun 10-dan sonra veriləcək. Yazlıq ağacların budaqları kəsilib deyə yarpaqları payıza qədər yetişdirmək olmur. Ona görə də payızlıq qurdu da becərmək mümkünsüzdür. Ona heç yarpaq tapılmır. Qurdun istiyə də dözümü yoxdur deyə tez qırılır. Ona çəkdiyin xərcə baxanda ödəniləcək məbləğ heç sərf etmir”.
Kümçü təklif edir ki, bağları bələdiyyə salsın:
“Tutalım mənə 100 qram qurd versin və 100 ağacı da göstərib desin ki, get o ağacları kəs qulluq et. 17 sot yararsız pay torpağında bağ salmaq olmur, onda da ya fındıq var, ya da şəkər çuğunduru. Bu il pul verilsə, gələn il ancaq 2 nəfərə qurd götürə bilərəm”.
Cavid İsmayılov isə düşünür ki, qiymətlər iki dəfə artırılsa, kümçülərin əziyyəti və qoyduğu xərc nəzərə alınmış olar. Əks halda sərf etmir:
“Hələ işçilərin pulu qalıb, ödəməmişəm. 3 əlavə işçi götürmüşdüm. Dağdan əlavə, bir vətəndaşın bağında çəkil ağacları vardı, o da 150 manatdan aşağı vermirdi. Baramanın kiloqramı 20-25 manat olsa, adamı qane edər. Çünki tutduğun işçi günə 15 manata istəyir. Gərək işçinin də pulunu gündəlik verəsən ki, növbəti gün işləsin. Bunu da 40 günə hesabla. Ailə ilə birlikdə nə qazanılır? Çəkdiyin əziyyət özünə qalır. Özümün bağım var, yeni 200 ağac əkmişəm. O da neçə ilə yetişəcək. Yem və yer məsələsinə görə payızlıq götürə bilmirəm”.
“Əhali çox, torpaq azdır”
Balakən rayon Talalar Kənd Bələdiyyəsinin sədri Nurlan Əhmədov Meydan TV-yə deyib ki, bu il kənd üzrə 15 kümçüdən 1800 kq yaş barama tədarük olub. Onun sözlərinə görə, son üç ildə kənddə 1 hektar çəkələk bağı salınıb. Bağ salınması üçün kümçülərə torpaq sahəsinin verilməsinə gəldikdə isə bələdiyyə sədri deyib ki, ehtiyatda torpaq sahəsi yoxdur:
“Zamanında torpaq sahələri ailə təsərrüfatları üzrə bölünüb. Bizim rayonda əhali çox, torpaq azdır. Məsələn, Şəkidə adambaşına 50 sot sahə düşürsə, bizdə 17-18 sot düşür. Kənddə 1600 ailə var, adambaşına bütün torpaqlar bölünüb. Torpaq olmadığına görə həm kənddə təsərrüfatlarda olan, həm də meşə ərazisindəki çəkil ağacları baramaçılar arasında bölünüb ki, yarpaqları qırıb aparsınlar. Həm də özlərinin pay torpaqlarının, həyətyanı sahələrin kənarlarında çəkil ağacı əkmək mümkündür. Ehtiyat fondunda torpaq olmadığından müraciət olanda kömək edə bilmirik. Yer məsələsinə gəldikdə isə öz evlərində, təsərrüfatlarında, köhnə tikililərdə saxlayırlar, başqa yer yoxdur”.
Ödəniş bir aya qədər çəkəcək
Kümçülərin ödənişinin gecikməsinə gəlincə, Balakən Rayon Kənd Təsərrüfatı İdarəsinin əməkdaşı Şahin Rəhimli deyib ki, ödənişlər bir aya qədər çəkəcək. Səbəb olaraq rayon üzrə indiyə qədər 270 kümçüdən 31 min tondan yuxarı yaş barama tədarük edildiyini və prosesin gələn həftənin sonuna qədər davam edəcəyini göstərib:
“Əvvəllər elə əlüstü çəkib ödəyirdilər. Onda kümçü də, barama da az idi. BuŞ deyəsən sərf etmədi. Ancaq sonrakı illərdə belə alınmadı. Hətta qeyd etdilər ki, həm dövlət, həm alıcı ikisi birlikdə versin, ayrıca yox. O da alınmadı. Səbəbi də odur ki, ölkədə işin ümumi yekunlaşmasını gözləyirlər. Yəni bütün rayonlar üzrə yaş barama tam təhvil alınsın, qeydiyyat rəsmiləşsin, dəqiqləşmələr aparılsın, sonra ödəmə olsun. Çünki bəzən çəkidə narazlıqlar yaranır. Onu da araşdırırlar. Bir ay gecikmə olsa da, hamının pulu ödənilir. Qiyməti Nazirlər Kabineti qaldırır. Bu il 3 manat qaldırıldı. Növbəti illərdə bəlkə inflyasiyaya görə qaldırılacaq, indidən bilinmir”.
Mütəxəssis həm də payızlığın yazlıq barama qədər səmərə vermədiyini deyib. Kümçülərin icarəyə torpaq götürmək istəyini isə indiki dövrdə mümkünsüz hesab edib:
“İcarədə olan çoxillik, 100 illik torpaqlar var ki, onu necə alıb vermək olar onlara? Bələdiyyələrin də torpaqları zamanında bölünüb. Şəxsən mənə torpaq üçün müraciət edən olmayıb, edən olsa da, hamının torpağı var, öz torpağında əksin. Hətta bir müddət qeyd edildi, dövlət çəkil ağacları üçün subsidiya ayıracaq ki, kümçü onu öz torpağında əksin, becərsin. Bu qərar da hələ qüvvəyə minməyib. Kim nə qədər xərc çəkirsə, sonda alacağı pulu ilə ödəməlidir”.