Gürcüstan Daxili İşlər Nazirliyi ötən həftə Azərbaycan ərazisindən Türkiyəyə gedən yük avtomobilində 2 790 kiloqram “maye heroin”in aşkar edildiyi hadisənin video görüntülərini yayıb.
Gürcüstan Daxili İşlər Naziri Aleksandr Çikadze Azərbaycan-Gürcüstan sərhədində müsadirə olunan üç tona yaxın maye heroinin Əfqanıstandan çıxarıldığını bildirib.
Gürcüstann baş naziri İrakli Qaribaşvili isə açıqlamasında bildirib ki, hadisə Gürcüstan hakimiyyətinin narkotiklə mübarizə ilə bağlı “siyasi iradəsini” göstərir.
Azərbaycan tərəfi isə rəsmi olaraq məlumatı təsdiq etmir. Azərbaycan Dövlət Sərhəd Xidməti mətbuat xidmətinin rəhbəri Elxan Nağıyev bildirib ki, “bizdə belə bir məlumat yoxdur”. “Eyni zamanda Gürcüstan hüquq- mühafizə orqanları bizə müraciət etməyiblər” – deyə xidmət rəhbəri məlumatı inkar edib.
Bununla bağlı Milli Təhlükəsizlik Nazirliyinin mövqeyini öyrənmək istədikdə İctimaiyyətlə Əlaqələr Mərkəzi Gömrük Komitəsinə və Dövlət Sərhəd Xidmətinə zəng etməyi məsləhət görüblər.
Daxili İşlər Nazirliyi, Baş Prokurorluq , Dövlət Gömrük Komitəsi də bir- birinə “ötür-ötür əməliyyatı” edərək şərh vermək istəməyiblər.