27 il əvvəlki 20 Yanvar günü

Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, təcili yardım işçiləri və milis nəfərləri olub

Source:


Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, təcili yardım işçiləri və milis nəfərləri olub

27 il əvvəl, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23.30-da Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən Bakı şəhərinə yeridilib. Nəticədə yüzlərlə insan qətlə yetirilib, yaralanıb və itkin düşüb.

Rəsmı məlumatlara görə, fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri qətlə yetirib və 20 nəfəri ölümcül yaralayıb. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə paytaxtda 21 nəfər öldürülüb. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda — yanvarın 25-də Neftçalada və yanvarin 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilib.

Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycan rayonlarında 147 nəfər öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub; hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilib.

Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olub.

Siyasi şərhçilər hesab edir ki, 20 yanvar faciəsi Azərbaycanda müstəqillik hərəkatını sürətləndirdi və Sovet İttifaqına ciddi zərbə vurdu.

Kommunist Partiyasının minlərlə üzvü öz partbiletlərini yandırdı, Azərbaycan Ali Sovetinin sədri Elmira Qafarova isə hadisələri törədənləri “hərbi canilər” adlandırdı və əməllərini pislədi.

Hadisənin səhəri bütün respublika gecə qətlə yetirilənlərin kütləvi dəfn mərasiminə toplaşdı. Onlar şəhərin hündür hissəsində salınmış Şəhidlər Xiyabanında dəfn olundular.

Həmin gündən 20 Yanvar ümummilli matəm günüdür.

Ana səhifəXəbərlər27 il əvvəlki 20 Yanvar günü